Süleymaninin cəsədi İrana gətirilib, insanlar küçələrə axışır
Cümə günü Bağdadda ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin nəşi bazar günü səhər tezdən İranın Əhvaz şəhərinə gətirilib.
Bu şəhərdə onun matəm mərasiminə qatılan minlərlə iranlı küçələrə çıxıb.
Mərasim iştirakçıları "Amerikaya ölüm" şüarları səsləndiriblər.
Süleymani İranın Yaxın Şərqdə nüfuz dairəsinin memarı olub və o, ölkə rəhbərliyində ikinci ən nüfuzlu xadim hesab olunurdu.
Onun qətlə yetirilməsi İranla ABŞ arasında böyük bir gərginliyin yaranmasına səbəb olub.
Süleymani ilə yaxın şəxsi əlaqəsi olan İranın ali lideri Ayətullah Xameneyi bu qətlin "qisasının alınacağını" vəd edib.
Təhlilçilərə görə, İran ABŞ-a qarşı kiber hücumlar, ABŞ hədəflərinə və onun Yaxın Şərqdəki obyektlərinə ənənəvi hücum əməliyyatları keçirə bilər.
Süleymaninin öldürülməsinə əmr verən prezident Trump şənbə günü xəbərdarlıq edib ki, ABŞ "İran və İran mədəniyyəti üçün vacib olan" 52 obyekti hədəfə alıb və Tehranın amerikalılara və ya ABŞ obyektlərinə hücum edəcəyi təqdirdə ABŞ həmin obyektləri "BÖYÜK SÜRƏTLƏ VƏ AĞIR ZƏRBƏYLƏ" vuracaq.
Trump-ın sözlərinə görə, seçilmiş hədəflərin sayı 1979-cu ilin sonlarında ABŞ-ın Tehrandakı səfirliyində tutulub girov saxlanılmış 52 amerikalının sayına uyğunlaşdırılıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidentinin bu açıqlamalarına özünün Twitter səhifəsində cavab verərək Süleymaninin qətlə yetirilməsinin beynəlxalq hüquq normalarının pozuntusu olduğunu və hər hansı mədəniyyət obyektinin hədəfə alınmasının hərbi cinayət hesablanacağını bildirib.
İranda nə baş verir?
Bazar ertəsi səhər tezdən Süleymaninin cəsədinin qalıqları İranın cənub-qərbindəki Əhvaz şəhərinə gətirilib.
Onun nəşini qarşılamaq üçün qara paltar geyinmiş minlərlə iranlı şəhər küçələrinə axışıb.
İrib televiziya kanalının göstərdiyi görüntülərdə şəhərin Mollavi meydanında böyük izdihamın toplaşdığı görünür, izdiham üzərində İranda milli qəhraman sayılan Süleymaninin portretləri qaldırılıb, bayraqlar dalğalandırır.
ISNA agentliyinin bildirdiyinə görə, paytaxt Tehranda parlament üzvləri iclas zamanı bir neçə dəqiqə ərzində "Amerikaya ölüm" şüarı səsləndiriblər.
"Trump, eşit, bu, İran xaqının səsidir", - parlamentin sədri Əli Laricani deyib.

Şəklin mənbəyi, AFP/Getty
Süleymaninin cəsədi, ABŞ zərbəsi nəticəsində öldürülən digər 5 iranlının və İranın dəstəklədiyi Xətaib Hizbullah qrupunun komandiri, iraqlı Əbu Mehdi əl-Mühəndisin cəsədi ilə birlikdə İraqdan İrana gətirilib.
Əl-Məyədin televiziya kanalının xəbər verdiyinə görə, həftə sonu Xətaib Hizbullah İraq təhlükəsizlik qüvvələrinə "Amerika bazalarına 1000 metrdən uzaq durmaq" barədə xəbərdarlıq edib.
Süleymaninin qətlindən sonra ABŞ Yaxın Şərqə əlavə 3000 əsgərlik qoşun yerləşdirib və vətəndaşlarına İraqı dərhal tərk etməyi tövsiyə edib.

Şəklin mənbəyi, AFP
Süleymani, əl-Mühəndis və digər qurbanların cənazələri dəfn mərasimiylə bağlı tədbirlərə görə bazar günü təyyarə ilə Tehrana çatdırılmalıdır.
Bazar ertəsi İranın Ali Dini Liderinin Tehran Universitetində Süleymaninin cənazəsi üzərində dua oxuyacağı və ardından şəhərdə matəm yürüşünün başlayacağı gözlənilir.
Daha sonra generalın nəşi müqəddəs Qum şəhərinə aparılacaq, oradan isə çərşənbə axşamı Suleymaninin doğma şəhəri Kirmanda dəfn olunmaq üçün bu şəhərə gətiriləcək.
Süleymaninin ölümü ilə əlaqədar İranda matəm tədbirləri keçirilərkən, İraq və Suriyanın bəzi yerlərində şadyanalıq olub.
General Süleymani Suriyada Bəşər Əsədə ölkədəki üsyanı yatırmaqda həlledici kömək göstərib, o həmçinin İraqda dinc etirazları zorakılıqla dağıtmağı təşkil etməkdə ittiham olunur.









