Moskva etirazları barədə nəyi bilməli - əsas məqamlar

Şəklin mənbəyi, SERGEI BOBYLEV\TASS VIA GETTY IMAGES
Rusiya paytaxtı Moskvada müxalif qüvvələr (söhbət əsasən parlamentdə təmsil olunmamış və ya "sistemsiz" deyilən müxalifətdən gedir) şənbə günü avqustun 10-da növbəti etiraz nümayişini keçirəcək.
Əvvəlki nümayişlərdən fərqli olaraq bu dəfəki nümayiş icazəlidir, Moskva meriyası müxalifətin yürüş-mitinqinin Saxarov prospektində keçirilməsinə icazə verib.
Bu ilin yayı Moskvada "sistemsiz müxalifətin" fəallığı şəraitində keçir. Bir sıra şərhçilərin fikrincə, müxalifətin fəallağı keçən ildən bəri yeni, daha yüksək mərhələyə keçib.
Bu fəallığı qidalandıran isə Rusiya cəmiyyətindəki daxili siyasi gərginlikdir.
1. Gərginlik niyə artıb?

Şəklin mənbəyi, VALERY SHARIFULIN\TASS VIA GETTY IMAGES
Keçən il Rusiyada aprel ayında prezident seçkiləri keçirilib, Vladimir Putin həmin seçkilərdə qalib gəlib, iyun ayında isə hökümət pensiyaçıların yaş həddini qaldırmaq təşəbbüsünü irəli sürüb.
Rusiya mediasının müstəqil və müxalifət kəsiminin şərhçiləri pensiya islahatının cəmiyyətdə hökümətin yürütdüyü siyasətdən narazılığı artırdığını qeyd edirlər.
Cəmiyyətin yoxsul təbəqəsi ilə varlı zümrəsi arasında uçurumun gündən-günə dərinləşməsi də bu gərginliyi artırmaqdadır.
Məsələn, müstəqil və neytral nəşr sayılan "Exo Moskvı" portalının şərhçisi Anton Orex Rusiya cəmiyyətindəki hazırkı ab-havanı belə təsvir edir:
"Bütün bu işlərin sonu yaxşı olmaya bilər. Rusiya - böyük ölkədir, yoxsuldur, rahatsızlıq və qəzəb mövcuddur".
2. Moskva Dumasına seçkilərə maraq nədən yaranıb?
Rusiya müxalifəti, xüsusilə də sistemsiz müxalifət keçən ildən müşahidə edilən bu tendensiyanı bu il də davam etdirmək üçün mümkün fürsətdən istifadə etməyə çalışır.
Odur ki, əvvəllər müxalifət üçün elə də böyük maraq kəsb etməyən Moskva Şəhər Dumasına seçkilər bu dəfə müxalif qüvvələrin gündəliyində önə çıxıb.
Parlamentdə təmsil olunmamış müxalif namizədlərin qeydiyyata alınmaması müxalifətin fəallığını daha da artırıb - belə ki, iyun ayından başlayaraq bu qüvvələr Moskvada hər həftə sonu etiraz nümayişləri təşkil edir.
Moskva Seçki Komissiyası müxalif namizədlərin qeydə alınmamasını onların topladıqları seçici imzalarının bir qisminin saxta çıxması ilə izah edib.
Lakin müxalif qüvvəllər bu addımın siyasi motivlərə görə edildiyinə əmindir.
Müxalifət qeydiyyata alınmayanlar arasında, əsasən, liderlərinin olduğuna diqqəti çəkir.
Belə ki, namizədlikləri rədd edilənlər arasında, parlamentdənkənar müxalifətin Aleksey Navalnı, Lyubov Sobol, İlya Yaşin və digərləri kimi tanınmış simaların adı var.

Şəklin mənbəyi, TASS
3. Küçə aksiyalarına rəsmilərin münasibəti necə olub?
Müxalifət iyun ayından başlayaraq, əsasən, Moskvada əhalini küçə etiraz nümayişlərində iştirak etməyə çağırır.
Bu cür nümayişlər son 1-2 ay ərzində Moskvada hər şənbə günü keçirilib. Həmin aksiyaların əksəriyyəti icazəsiz olub və polis qüvvələri tərəfindən dağıdılıb.

Şəklin mənbəyi, Getty Images
Rusiyanın "OVD-İnfo" layihəsi çərçivəsində yayılan məlumata əsasən, misal üçün, avqustun 3-də Moskvanın mərkəzində müxalifətin çağırışı ilə keçirilmiş küçə yürüşünün polis qüvvələri tərəfindən dağıdılması zamanı 1000-dən çox adam saxlanıb.
Moskvanın mərkəzində iyulun 27-də keçirilmiş icazəsiz nümayişdə isə saxlananların sayı 1300-dən çox olub.
Rusiyanın dövlət istintaq komitəsi "kütləvi iğtişaşlar" maddəsiylə saxlananlardan doqquz nəfəri həbs edib.
Həbs edilənlər arasında parlamentdənkənar müxalifətin lideri Aleksey Navalnı da var.
Buna baxmayaraq, müxalifət növbəti şənbə günü də nümayiş keçirməyə hazırlaşır.
4. Moskva etirazlarının yeni lideri Lyubov Sobol kimdir?

Şəklin mənbəyi, Getty Images
Bu dəfə Moskva meriyası Saxarov prospektində yürüş-mitinqin keçirilməsinə icazə verib.
Bəzi müxalifətçilər polis tərəfindən 27 iyul və 3 avqust aksiyalarının dağıdılmasından sonra icazəli nümayişdə iştirak etməyi özlərinə sığışdırmasalar da, Navalnının silahdaşı və Moskvada son etirazların yeni lideri Lyubov Sobol Saxarov prospektindəki nümayişdə iştirak edəcəyini bildirib.
31 yaşlı Lyubov Sobol, ixtisasca hüquqşünasdır, Aleksey Navalnının "Korrupsiya ilə mübarizə fondunun" aparıcı vəkilidir.
Lyubov Sobol müxalifətin Moskvada təşkil etdiyi etirazlarda polis qüvvələrinin sərt rəftarına baxmayaraq nümayişlərdə həmişə ön cərgədə olub.
Onun namizədliyi qeydə alınmadıqdan sonra isə Lyubov Sobol iyulun 14-dən aclıq elan edib və nəticədə, Moskva etirazlarının ən tanınan simasına çevrilib.
5. Valideyinlik hüququndan məhrumetmə - yeni cəza növü?
Rəsmilərin etiraz nümayişlərinə sərt reaksiyası bəzən qəribə nəticələrə də gətirib çıxarır.
Belə ki, 27 iyul yürüşünə təsadüfən qatıldığını bildirən bir gənc cütlük kiçikyaşlı uşaqlarını rəsmilərin şübhəli saydığı şəxsə verdiyinə görə valideyinlik hüququndan məhrum olunmaq perspektivi ilə üzləşib.
Gənc ana-ata uşağı bir müddət tutmaq üçün Sergey Fomin adlı qohumlarına (uşağın anasının dayıoğlusuna) verdiklərini bildiriblər.
Rəsmilər isə hesab edir ki, adıçəkilən şübhəli şəxs uşağı əlinə alaraq, ondan polis kordonunu maneəsiz keçmək üçün istifadə edib.
Moskva prokurorluğu cütlüyü valideynlik hüququndan məhrum etmək üçün məhkəməyə müraciət edib.
Gənc ata-ana isə rəsmilərin bu hərəkətini "vəhşilik" adlandırıb.








