Putin və Rusiya: Prezidentin populyarlığı azalırmı?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Yelizaveta Foxt
- Vəzifə, BBC Rus Xidməti
Rusiya prezidenti Vladimir Putinin dördüncü prezidentlik dövrü başladıqdan bir neçə ay sonra, Rusiya futbol üzrə Dünya Kubokuna ev sahibliyi etdi.
2018-ci ilin iyunu idi və dünyanın gözü bu ölkədə idi. Yarış problemsiz başa çatdı və azarkeşlər və eləcə də komandalar Rusiyanı yüksək səviyyəli ev sahibliyinə görə təriflədilər.
Lakin ölkə lideri üçün yarışdan sonra, "bal ayı" baş tutmadı.
Dövlətin sponsorluq etdiyi səsvermə agentliyi FOM-a əsasən, 2018-ci ilin martında seçki günü 64 faiz olan reytinqi - müasir Rusiya tarixində prezidentliyə namizəd biri üçün ən yüksək göstəricidir - Dünya Kubokunun əvvəlində 56 faizə enib.
Yayın ortalarına qədər isə 49 faiz olub. Bu isə 2000-ci ildə hakimiyyətə gəldikdən bəri onun üçün ən aşağı göstərici idi.
Artıq Dünya Kubokundan bir il keçib və Rusiya liderinə dəstək gərgin müzakirələr mövzusuna çevrilib.
Reytinq mübahisəsi Sankt-Peterburqda baş tutacaq Beynəlxalq İqtisadi Forumdan əvvəl bu ay ən yüksək səviyyəyə çatıb. Reklam xarakteri daşıyan və Vladimir Putinin şəxsi layihələrindən biri sayılan forumun əsas məqsədi xarici investorların marağını yenidən Rusiyaya yönəltməkdir.
Forum başlamamışdan bir həftə əvvəl VTSIOM rəy sorğusu agentliyinin təqdim etdiyi sorğuda müəyyənləşib ki, prezidentə etibar edənlərin sayı 2006-cı ildən bəri ən aşağı səviyyəyə düşüb: 31.7 faiz.
Sorğu keçirilməsi üçün seçilən vaxt bir az Kreml üçün qəribə gəlib və agentlikdən şərh tələb edib.
Lakin görünür VTSIOM mesajı alıb. Çünki bir neçə gün ərzində agentlik sualların formasını dəyişdirdiyini elan edib.

Şəklin mənbəyi, Getty Images
Rusiyalılardan hansı siyasətçiyə etibar etdiklərini soruşmaq əvəzinə, onlar iştirakçılara cənab Putinə etibar edib-etmədikləri sualını ünvanlayıblar.
Nəticədə bir həftə içində prezidentə inam reytinqi 30 faizdən 72,3 faizə qalxıb.
Rusiyanın uzaq Şərqində yerləşən Primorye regionunun Kreml yönlü qubernatoru Oleq Kojemyako inanır ki, kəskin şəkildə artan populyarlığının sadə izahı var.
"Hər halda aşağı reytinq yanlış hesablamanın nəticəsi olub," o, BBC-yə deyib.
Lakin 2013-cü il seçkilərində hakimiyyətin namizədinə qalib gələn Yekaterinburqun keçmiş meri Yevgeni Roizman, səsvermənin süni şəkildə dəyişdirildiyinə inanır.
"Əminəm ki, əsl reytinq daha aşağıdır," cənab Roizman BBC Rus Xidmətinə deyib.
Populyarlığın azalmasına nə səbəb olub?
Reytinqlərin aşağı düşməsinin səbəbi səs verənlərə əsasən, 2018-ci ilin iyununda təqaüd yaşının qadınlar üçün 55-də 60-a, kişilər üçün 60-dan 65-ə qaldırılması olub.
Orta statistik rusiyalı kişinin ömür uzunluğu 66 yaş kimi qəbul olunur və bu nəzərə alındıqda, təqaüdə çıxdıqdan bir il sonra ölmək ehtimalı deməkdir.
Ölkə boyunca hər yaş kateqoriyasına mənsub vətəndaş - əksəriyyəti daha öncə heç vaxt etiraz etməyənlər - qəzəbini göstərmək üçün küçələrə axışıblar.
"Təqaüd yaşını artıracağını bilsə idim, heç vaxt Putinə səs verməzdim," Krasnodardan təqaüdə çıxan 57 yaşlı müəllimə Marina BBC-yə deyib.
Növbəti aylarda da prezidentə dəstək azalmağa davam edib.
2018-ci ilin sentyabrında Kreml qubernator seçkilərində üç müxalifətçi namizədin qələbəsini tənqid edib.

Eyni zamanda, zibilliklərin artıq zibillə dolması və bununla bağlı artan problemlər ölkə boyu etirazlara səbəb olub.
Ötən ay Yekaterinburqun sayı azalan yaşıllıq ərazilərindən birində kilsə tikintisinə qarşı çıxan etirazçılar ilə polis arasındakı toqquşmanın qarşısını almaq üçün cənab Putin şəxsən addım atıb.
Rusiyalıları hər şeydən daha çox bezdirən şey isə yaşayış standartlarının aşağı düşməsidir.
Müstəqil rəy sorğusu agentliyi - Levada Mərkəzinə əsasən, insanlar daha çox kasıblıq, qiymət artımı, korrupsiya, zənginlər ilə kasıblar arasındakı böyük boşluq və davam edən iqtisadi böhrandan narahatdırlar.
Görəsən Kreml vəziyyətdən narahatdırmı?
Hadisələr fonunda Kreml prezidentin azalan populyarlığından təlaşsız görünüb, ictimai şəkildə narahatçılığa əsas olmadığını bildirirdi.
Lakin Carnegie Mərkəzindən Andrey Kolesnikova görə, "Putin Rusiyadakı bütün gücün təcəssümüdür".
"Onun şəxsi reytinqi, bütün dövlət institutlarına qarşı münasibəti əks etdirir. Əgər o, dəstəyi itirərsə, hər bir nazir və rəsmi də itirəcək."
"Kremlin rəsmiləri Putinin reytinqinin onlarda narahatçılıq doğurmadığını iddia etməyə məcburdurlar. Rəsmi olaraq onlar arxayın görünməlidirlər. Lakin şübhəsiz ki, onlar rəqəmləri yaxından izləyirlər və artıq narahat olmağa başlayıblar."








