Erdoğana ağır zərbə: Ekrem İmamoğlu İstanbulu fəth edir

Şəklin mənbəyi, AFP
İstanbula nəzarət Türkiyənin iqtidar partiyası AKP-nin əlindən çıxıb. Şəhərin mer seçkilərində müxalif CHP partiyasının namizədi Ekrem İmamoğlu qalib gəlib.
Bu qələbə prezident Recep Tayyip Erdoğana ağır zərbə hesab olunur.
"Biz İstanbulda yeni səhifə açırıq", Ekrem İmamoğlu deyib. "Bu yeni səhifədə ədalət, bərabərlik, sevgi olacaq", o qələbə çıxışında bəyan edib.
İstanbulda keçirilən seçkilərin 23 iyun axşamı açıqlanmış ilkin nəticələrinə görə, CHP namizədi Ekrem İmamoğlu və AKP namizədi Binali Yıldırım arasındakı səs fərqi 700 mindən çoxdur.

Şəklin mənbəyi, EPA
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Twitter hesabında Ekrem İmamoğlunu təbrik edib. Bundan öncə isə o demişdi ki, "İstanbulu qazanan Türkiyəni qazanmış olur".
CHP lideri Kemal Kılıçdaroğlu deyib ki, "artıq CHP 82 milyonun partiyasıdır".
"CHP kimliyindən, inancından və həyat tərzindən ötəri heç kimi özgələşdirməyəcək. Hər kəsin inancına hörmət etmək lazımdır. Biz birlikdə sülh içində yaşamaq istəyirik. Biz heç bir uşağın ac qalmadığı bir ölkə istəyirik. Biz kişi və qadınlar arasında bərabərlik üçün mübarizə aparırıq. Hər evdə qazanın qaynadığı bir Türkiyə istəyirik. Türkiyə daxilində dinc və sülh içində olan bir Türkiyə inşa etmək istəyirik", o deyib.
HDP həmsədri Sezai Temelli də Ekrem İmamoğlunu təbrik edib.
İstanbulda bazar günü şəhər meri seçkisi çərçivəsində təkrar səsvermə keçirilib.
Martın 31-də keçirilmiş səsvermənin nəticələri AKP namizədi Binali Yıldırımın verdiyi etiraza baxıldıqdan sonra Türkiyənin mərkəzi seçki qurumu tərəfindən ləğv edilmişdi və iyunun 23-də təkrar səsvermə keçirmək qərarı qəbul olunmuşdu.

Şəklin mənbəyi, Anadolu ajansi
CHP-nin namizədi Ekrem İmamoğluya verilən səslər martın 31-də keçirilmiş seçkiyə nisbətən bu günkü seçkidə artıb, cənab İmamoğlu 28 rayonda irəlidədir.
AKP namizədi Binali Yıldırım isə 11 rayonda irəlidədir.

Şəklin mənbəyi, Anadolu Agency/EKREM IMAMOGLU COMMUNICATION OFFICE
Bu rayonlar Arnavutköy, Bağçılar, Başakşehir, Esenler, Gaziosmanpaşa, Güngören, Kağıthane, Pendik, Sultanbeyli, Sultangazi və Ümraniyedir.
Cənab İmamoğlu 31 martda səsvermədə geridə olduğu 12 rayonda, Bahçelievler, Bayrampaşa, Beykoz, Beyoğlu, Çekmeköy, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Sancaktepe, Şile, Tuzla ve Üsküdarda indi liderlik edir.
İlkin nəticələr açıqlandıqdan sonra, Binali Yıldırım Ekrem İmamoğlunu təbrik edib.
Ekrem İmamoğlu səsvermənin ilkin nəticələrindən sonra açıqlama verib.
"Biz Türkiyədə demokratiya saatının mükəmməl işləməyinin tərəfdarıyıq. Təəssüf ki, bu, 31 mart axşamı işləməmişdi. Millətimiz baş verən hər şeyi bilir. Anaq saatı dayandırmaqla vaxtı da dayandıra bilməzsiz.Bu gün seçki qutularından səs bülletenlərilə yanaşı hesab bülletenlərinin də çıxdığını demək istəyirəm. Vətəndaşlar baş vermiş böyük ədalətsizliklə hesablaşıblar. Bu, bir səhifənin bağlanması, digərinin açılması demək deyil, hər kəsin yeni və ümumi bir səhifə açması, yeni bir başlanğıc deməkdir", o bildirib.
Cənab İmamoğlu "heç kimi ayırmadan, özgələşdirmədən" çalışacağını da qeyd edib.
"İnsanlar mənə yoxsulluqla mübarizə, yaşıl sahələrin və ucuz nəqliyyatın üçün səfərbərlik başlatmaq kimi müqəddəs bir missiya verdi. Bu ən şərəfli bir vəzifədir. Bu vəzifəni lazımınca yerinə yetirməkdən başqa bir prioritetim yoxdur", o deyib.

Şəklin mənbəyi, Anadolu ajansi
23 iyun seçkisində iştirak edən namizədlər bunlar olub:
- Ekrem İmamoğlu (CHP)
- Binali Yıldırım (AKP)
- Necdet Gökçınar (Səadət partiyası)
- Mustafa İlker Yücel (Vətən partiyası)
- 17 müstəqil namizəd
31 mart səsverməsində iştirak edən seçicilərin sayı 10 milyon 560 min 963 nəfər təşkil edib.
Bu gün İstanbulda səsvermə məntəqələri Türkiyə vaxtı ilə saat 08:00-da ( 09:00 Bakı vaxtilə) açılıb və yerli vaxtla 17:00-dək işləyib.
Səsvermənin ilk nəticələrinin yerli vaxtla 18:00-dan sonra açıqlanması gözlənilir.





