Türkiyə: İmamoğlu-Yıldırım debatı barədə 5 suala cavab

İmamoğlu və Yıldırım

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Canlı debat

İyunun 23-də Türkiyədə İstanbulun meri seçkisiylə bağlı təkrar səsvermə keçiriləcək.

Həmin seçkidə rəqabət iki namizəd - hakim AKP namizədi Binali Yıldırım ilə müxalifətdə duran CHP namizədi Ekrem İmamoğlu arasında gedəcək.

Martın 31-də keçirilmiş İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı vəzifəsinə seçkidə Ekrem İmamoğlu Binali Yıldırıma nisbətən cüzi üstünlüklə qalib elan olunsa da, sonradan həmin seçkinin nəticələri ləğv olundu və iyunun 23-nə təkrar səsvermə təyin olundu.

Yeni səsverməyə bir həftə qalmış, ötən bazar günü Binali Yıldırım ilə Ekrem İmamoğlu arasında canlı televiziya debatı keçirilib.

Son 17 ilin ilk debatının nəticələri barədə BBC News Azərbaycanca BBC News Türkcədən Emre Temel ilə danışıb.

Debat necə keçib və təsiri nə olacaq?

Bazar günü tarixi əhəmiyyətli üç saatlıq canlı televiziya debatı keçirilib. 2002-ci ildən bəri, bu, Türkiyədə belə yüksək səviyyəli siyasətçilər arasında keçirilmiş ilk canlı televiziya debatı olub.

Namizədlərə, debatın moderatorunun verdiyi suallara cavab vermək üçün üç dəqiqə vaxt ayrılmışdı, rəqiblərə bir-birinə birbaşa sual vermək icazə verilməmişdi.

Hər iki namizəd bir-birini 31 mart seçkilərində səhv addımlar atmaqda ittiham ediblər, sonra isə İstanbulun gələcəyi ilə bağlı planlarını açıqlayıblar.

Siyasi təhlilçilərin əksəriyyəti hesab edir ki, bu debatın insanların seçiminə elə də böyük təsiri olmayacaq.

Türkiyədə seçici kütləsi hazırda qütbləşmiş haldadır və İstanbulda daha bir səsvermədə iki rəqib namizədin yaxın nəticələr göstərmək ehtimalı heç kim üçün gözlənilməz olmayacaq.

Ekrem İmamoğlu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ekrem İmamoğlunun namizədliyi CHP partiyasından irəli sürülüb

İmamoğlu və Yıldırım hansı məsələləri müzakirə etdilər? Söhbət nədən getdi?

Debatın gedişində müxtəlif məsələlərə toxunuldu, o cümlədən, son seçkilər zamanı səsləndirilmiş ittihamlar qeyd olundu, İstanbul Böyük Şəhər Bələdiyyəsindən İmamoğlunun məlumatların sürətini əldə etmək cəhdi, yarıtmaz idarəçilik, İstanbul şəhər hakimiyyətinin bədxərcliyi barədə ittihamlar, suriyalı qaçqınlarla bağlı məsələlərə toxunuldu.

Hər iki namizəd tərəfindən xeyli sayda vədlər səsləndirildi.

Hər iki namizəd şəhərdə yaşıllıq sahələrini genişləndiriləcəyinə dair vəd verdi.

Binali Yıldırım İstanbul sakinləri üçün əlavə olaraq 500 minədək iş yeri yaradılacağına söz verdi. Mer seçiləcəyi halda şəhərdə texnoloji bazanın da yaradılacağını vəd etdi. Həmin baza böyük məlumat massivlərinin emalı ilə məşğul olmaqla yanaşı, həm də süni intellekt sahəsində araşdırmalar mərkəzinə çevriləcək, o deyib.

Ekrem İmamoğlu regional işədüzəlmə idarəsində qeydiyyatdan keçənlər üçün 200 min iş yeri yaradacağını vəd edib. O deyib ki, imkansız ailələrə yardım göstərmək məqsədilə onlara 2020 lirə (təxminən $340) maliyyə yardımı ayrılacaq. O həmçinin deyib ki, mer seçiləcəyi halda 12 yaşınadək uşaqlar üçün və 4 yaşınadək uşağı olan analar üçün nəqliyyatı pulsuz edəcək. İmamoğlu vəd verib ki, taksi və mikroavtobuslar üçün şəhər körpülərindən istifadə pulsuz olacaq.

İmamoğlu, suriyalı qaçqınlara dair ayrıca qurumun yaradılacağını vəd edərkən, Yıldırım belə bir strukturun mövcud olduğunu bildirib və onun işinin gücləndiriləcəyini vəd edib.

Qadın hüquqları və "uşağa baxmaq qayğıları"

Qadınlarla bağlı layihələrdən bəhs edərkən təhlükəsiz şəhər və daha çox danışmaq hüququ kimi məsələlər qeyd olunmayıb.

Bunun əvəzində diqqət uşaqlı qadınların uşağa baxmaq qayğılarıyla bağlı problemlərə yönəlib və hər iki namizəd uşaq bağçalarının açılması vədini qeyd edib.

Yıldırım qeyd edib ki, AKP iqtidarı dövründə Türkiyədə işlə təmin olunmuş qadınların sayı artıb.

İmamoğlu da körpələr evi vədinin "qadınlar iş imkanı əldə edənə qədər" yerinə yetiriləcəyinin vacibliyini bildirib. Onun təbirincə, qadınlara qarşı zorakılıq və uşaq istismarına qarşı tədbirlərin görülməsinə sosioloqlar və psixoloqlar cəlb olunacaq.

Binali Yıldırım

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Binali Yıldırım hakm AKP-nin namizədidir

Türk cəmiyyəti müzakirəyə necə reaksiya verdi? Türkiyədə əhval-ruhiyyə necədir?

Media vasitələrinin əksəriyyəti İstanbul merliyinə namizədlər arasında debatı geniş işıqlandırıb.

Hökumətyönlü media Binali Yıldırımı alqışlayıb. Müxalifət nəşrləri gözlənildiyi kimi, Ekrem İmamoğlunu dəstəkləyib. Bu debat Türkiyənin sosial mediasında da diqqət mərkəzindədir.

Debatların sosial mediada müzakirəsində qadınlar və gənclər daha aktivdir.

BBC Monitoring insanların çoxunun debatı müzakirə etmək üçün Twitter-də "BYvsEI" (Binali Yıldırım Ekrem İmamoğluna qarşı) haştaqından istifadə etdiyini aşkarlayıb.

Digər populyar haştaqlar belə olub: "EkrandakiYalanci" (İmamoğluna aid haştaq) və "IstanbulunUmuduImamoglu".

İstanbul meri vəzifəsinə namizədlər ailə üzvləriylə birgə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İstanbul meri vəzifəsinə namizədlər ailə üzvləriylə birgə

Bu debat İmamoğlu və Yıldırımın reytinqlərinə necə təsir etdi? Hər hansı bir dəyişiklik olubmu?

Rəy sorğusu şirkətləri hələ də dünənki debatın nəticələrini qiymətləndirməkdədir.

Bununla yanaşı, ümumilikdə belə bir fikir var ki, ötən gecənin debatı seçicilərin mövqeyinə elə də ciddi təsir göstərməyəcək.

Hər iki namizəd martın 31-də keçirilən seçkidə təxminən 48 faiz səs toplayıb və güman olunduğuna görə, bu dəfə onlar əvvəlki səsvermədə iştirak etməmiş seçicilərin səslərini qazanmağa çalışacaqlar.

İstanbulda 10,5 milyondan çox seçici var və İmamoğlu ləğv edilmiş seçkidə rəqibindən 13 mindən çox səs toplamışdı.

Sual oluna bilər ki, bəs, bu son debat seçici fəallığının artmasına və nəticələrin dramatik bir tərzdə dəyişəcəyinə təkan verə bilərmi? Görünür, bunu bilmək üçün bazar gününə qədər gözləmək lazım gələcək.