Qazaxıstanda prezident seçkisi: exit-poll-a görə, Tokayev səslərin 70 faizini qazanıb

Qazaxıstanda seçkilər

Şəklin mənbəyi, REUTERS

Qazaxıstanda keçirilən seçkilərdə sabiq prezident Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini müvəqqəti icra edən Kasım Comərt Tokayev seçki sonrası sorğu anketlərinə görə, səslərin 70 faizini toplayaraq qələbə qazanıb. Seçkilərin azad və ədalətli keçirilmədiyini deyən yüzlərlə insan etiraz nümayişi keçirib.

Paytaxt Nur-Sultan (köhnə adı ilə Astana) və ölkənin ən böyük şəhəri Almatadakı etirazlarda etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb və yüzlərlə insan saxlanıb.

Seçki qutuları açıldıqdan sonra "Facebook və Telegram çöküb"

Kasım Comərt Tokayevin seçkilərdə qələbə qazanacağına əvvəlcədən inanılırdı.

Tokayev daha əvvəl sabiq prezident Nazarbayevə sadiq qalacağını demişdi.

İngiltərənin Times qəzeti seçki qutularının açılmasından qısa müddət sonra Facebook və Teleqram tətbiqetmələrinin çökdüyünü, paytaxtda onlarla insanın saxlandığını bildirib.

Qazaxıstanda seçkilər

Şəklin mənbəyi, Getty Images

3 ilin ən böyük etiraz aksiyaları

Hökumətin təsdiq etdiyi exit-poll şirkətinin paylaşdığı ilkin nəticələrə görə Tokayev səslərin 70 faizindən çoxunu toplayaraq seçkini qazanıb.

Nəticələrə görə, ən yaxın rəqibi, müxalifət namizədi Amirzan Kosanov səslərin 15 faizini toplayıb.

Seçkinin tam nəticələrinin bu gün açıqlanacağı gözlənilir.

Ancaq seçki günü Qazaxıstanda ölkədə "son 3 ildə görülən" ən böyük etiraz aksiyaları keçirilib.

Exit-poll nəticələrinin açıqlanmasından sonra da paytaxt Nur-Sultanda etiraz aksiyaları keçirilib.

Qazaxıstan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Etirazçılar camaatı erkən seçkiləri boykot etməyə çağırıb.

"Boykot" və "Polis xalqın yanındadır" şüarları

Ölkədə fəaliyyəti qadağan olunmuş müxalif "Qazaxıstanın demokratik seçimi" hərəkatının liderı, xaricdə yaşayan Muxtar Əbləzov sosial şəbəkə hesabında paylaşdığı videoda seçkilərin nəticəsinin əvvəlcədən "quraşdırıldığını", buna etiraz edən Almatının Astana meydanında "minlərlə etirazçının toplaşdığını" söyləyib.

Etirazçılar "polis xalqın yanındadır" və "boykot" şüarları səsləndirib, sonra isə polis müdaxiləsi başlayıb.

Tokayev

Şəklin mənbəyi, EPA

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, etirazlarda "cəmiyyətin rahatlığını pozmaq istəyən radikal ünsürlər" saxlanıb. Nazir köməkçisi Marat Kojayev "icazəsiz" olduğunu dediyi aksiyada 500 nəfərin saxlandığını bildirib.

Etirazçılar Nazarbayevin əslində hələ simvolik olaraq postda qaldığını, yeni mərhələyə keçməyin Tokayevlə mümkün olmayacağını deyir.

Human Rights Watch insan haqları təşkilatı ölkədəki siyasi keçid prosesinin "illüziya" olduğunu bəyan edir.