Ermənistan vətəndaşları növbədənkənar parlament seçkilərinə razıdırlarmı?

Ötən həftə Ermənistan parlamenti ilə Nikol Paşinyanın başçılıq etdiyi hökumət arasında qarşıdurma növbədənkənar parlament seçkilərinin mümkün qədər tez keçirilməsi məsələsini gündəmə gətirib.

Video açılmırsa buradan izləyin.

Parlamentdə çoxluq təşkil edən sabiq hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) Firavan Ermənistan və Daşnaksutyun partiyaları ilə birlikdə parlamentin ləğv edilməsi və baş nazir seçilməsi qaydasını dəyişib.

Buna cavab olaraq baş nazir Paşinyan minlərlə tərəfdarlarını "xalq hakimiyyətinin" mitinqinə toplayıb, prezident Armen Sarkisyan isə baş nazirin təklifi ilə Firavan Ermənistan və Daşnaksutyun partiyalarını təmsil edən nazirləri və vilayət rəhbərlərini istefaya göndərib.

Növbədənkənar seçkilərin keçirilməsini dəstəkləyənlərin məntiqi ona əsaslanır ki, keçmiş Milli Məclis "məxməri inqilabdan sonra ölkədə yaranmış siyasi reallığı əks etdirmir".

Bu yaxınlarda keçirilən Yerevan bələdiyyə seçkiləri sözügedən üç parlament fraksiyasını məyus edib və onlar gələcək parlament seçkilərində tam məğlub olacaqlarından ehtiyatlanırlar.

Qəbul olunmuş qanun layihəsi isə ERP-yə parlament üzərində nəzarətini qoruyub saxlamağa imkan verir. Ötən parlament seçkilərindən bir il keçdikdən sonra isə - yəni gələn ilin aprel ayında - Baş nazirə etimadsızlıq votumu elan edə bilər.

Yeni, 2015-ci il konstitusiyasına əsasən, yeni parlament seçkilərini keçirmək üçün baş nazir istefa verməli və parlament iki həftə ərzində iki dəfə yeni baş nazirin namizədliyini qəbul etməməlidir.

Bu halda parlament buraxılır və növbədənkənar seçkilər prosesi başlanılır.

Lakin son hadisələrdən sonra Paşinyanın, necə deyərlər, texniki istefasından sonra onun parlamentdə çoxluq təşkil edən əleyhdarlarının bu plana əməl edəcəkləri şübhə doğurur.

Bununla belə, bir çoxları hazırda Paşinyanın "həqiqətən əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyi və böyük nüfuza malik olduğu" bir zamanda onun parlament opponentlərinin, Baş nazirin istefası fürsətindən istifadə edib, öz namizədlərini təklif edəcəyini qeyri-mümkün hesab edirlər.

Yerevan müxbirimiz növbədənkənar parlament seçkilərlə bağlı Yerevan sakinlərinin münasibətini öyrənib.

Ayaqüstü rəy sorğusunda iştirak edənlərin əksəriyyəti növbədənkənar seçkilərin labüdlüyünü və Baş nazir vəzifəsində Nikol Paşinyanı görmək istədiklərini bildiriblər.