“Gülençilərlə” mübarizə: Nüfuzlu Gürcüstan universiteti birinci kurs tələbələrindən necə məhrum oldu?

IBSU tələbələri
Şəklin alt yazısı, IBSU 43 yerli universitet arasında 6-cı yerdədir
    • Müəllif, Nina Axmeteli
    • Vəzifə, BBC, Tbilisi

Tbilisinin nüfuzlu universitetlərindən biri yeni tələbələri qəbul etmək hüququndan məhrum edilib. Rəsmi səbəb kimi univeristetin maliyyə problemləri göstərilib. Lakin çoxları bunu bütün dünyada Fethullah Gülenin məktəbləriylə fəal mübarizə aparan Türkiyənin təzyiqi hesab edir.

Tbilisinin ən nüfuzlu universitetlərindən biri birinci kurs tələbələrini qəbul edə bilməyib.

Avqust ayında ölkənin Ali Təhsil Müəssisələri Avtorizasiya Şurası Beynəlxalq Qaradəniz Universitetini (İBSU) yeni tələbələri qəbul etmək hüququndan məhrum edərək bunu univeristetin maliyyə problemləri ilə izah edib.

Qeyri-hökumət təşkilatları hesab edirlər ki, bu qərarın verilməsinə qonşu Türkiyə rəhbərliyinin təsiri olub və İBSU rəsmi Ankaranın bütün dünyada "gülençilərin" təhsil müəssisələri ilə apardığı mübarizənin növbəti qurbanıdır.

Aişə Haqverdiyeva Gürcüstanın şərqində yerləşən kiçik Kaspi şəhərində orta məktəbi bitirib.

O, Beynəlxalq Qaradəniz Universiteinin ingilis dili filologiyası fakültəsinə daxil olmağı arzulayırdı.

"Mən bu universiteti ona görə seçmişdim ki, burada tələbələr üçün yaxşı mühit vardı. Mənim bacım da orada oxuyur. Burada maliyyə və təhsil nöqteyi-nəzərindən çoxlu güzəştlər verilir. Mən bu universitetə daxil olmağı çox istəyirdim",- deyə bacısı ilə birgə universiteti dəstəkləmək məqsədiylə etiraz aksiyasına qatılan Aişə deyir.

Universitetin yeni tələbələri qəbul etmək hüququndan məhrum edilməsi barədə Aişə və onun kimi yüzlərlə abituriyent yeni təhsil ilinin başlanmasına 3 həftə qalmış xəbər tutub.

"Mən çaxnaşma içindəydim, nə edəcəyimi bilmirdim. Hələ 9-cu sinifdə oxuyarkən ora qəbul olmaq istəyirdim və mən əmin idim ki hər şey qaydasındadır. Mənim təhsil üçün 50%-lik təminatım vardı. Düşünürəm ki, bu, abituriyentlərə qarşı çox ədalətsiz bir qərardır", - o, deyir.

Ötən il Tbilisi Müstəqil Universitetləri siyahısında İBSU Gürcüstanın 43 universiteti arasında 6-cı yeri tutub. Universitetlər siyahıda abituriyentlər tərəfindən Vahid Milli İmtahanlarda alınan orta baldan asılı olaraq sıralanır.

Rəsmi səbəb kimi yeni tələbələrin bir illik qəbuluna qadağa qoyulması İBSU-nun maliyyə problemləri ilə əlaqələndirlib. Lakin universitet administrasiyası və tələbələr Avtorizasiya Şurasının (universitetlərə təhsil fəaliyyətini göstərmək icazəsi verən orqan) qərarını ədalətsiz hesab edirlər.

Çoxları hesab edir ki, İBSU-nun və digər gürcü məktəblərinin problemləri Türkiyənin təzyiqi ilə bağlıdır, hansı ki artıq bütün dünyada onlarla təhsil müəssisənin bağlanmasına nail olub.

Türkiyə bu müəssisələri Fethullah Gülenlə əlaqədə ittiham edir.

Mübahisəli qadağa

Universitet Türkiyə və Gürcüstan rəhbərliyinin qərarı ilə 1995-ci ildə Gürcüstandakı "Çağlar" təhsil müəssisəsi şəbəkəsinin (hansı ki Fethullah Gülenin hərəkatı ilə əlaqələndirirlər) bir hissəsi olaraq açılıb.

Türkiyə rəhbərliyi ABŞ-da yaşayan Güleni 2016-cı ildə baş verən hərbi çevriliş cəhdinin təşkilində ittiham edir.

Rəsmi Ankara "gülençı" təhsil müəssisələrinin bağlanmasına cəhd edir və bəzən bu uğurla nəticələnir.

Erdoğan və Gülen

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Fethullah Gülen bir vaxtlar prezident Recep Tayyip Erdoğanın tərəfdarı idi

Türkiyə rəhbərliyinin sözlərinə görə, "gülençı" məktəbləri böyük yarıməxfi şəbəkənin bir hissəsidir və Gülen hərəkatı onları öz tərəfdarlarının dövlət strukturlarına sızması üçün istifadə edir.

Bu məktəblərin əksəriyyəti türk və yerli iş adamları arasındakı əməkdaşlıq nəticəsində qurulmuşdu, lakin artıq bir çox ölkələrdə türk ortaqları bu cür layihələrdə birbaşa iştirak etmirlər.

Yerli və türk ortaqlar bir qayda olaraq Fethullah Gülenə hörmətlə yanaşdıqlarını deyirlər, lakin formal olaraq əlaqələri olmadıqlarını söyləyirlər.

Qaradəniz Universiteti administrasiyası da Gülenlə, onun hərəkatı ilə əlaqələri təkzib edir və deyir ki, universitet özü-özünü maliyyələşdirir və əlavə mənbələrdən gəlir almır.

İBSU-da təhsil haqqı proqramdan asılı olaraq bir illik ödəniş 2940-5100 lari (1120-1940 ABŞ dolları) təşkil edir.

Hazırda universitetdə 400 əməkdaş çalışır və 200-ə yaxın tələbə təhsil alır.

Tələbələrə həm gürcü, həm də ingilis dilində proqram təqdim olunur.

Bu il universitet 800 yeni tələbə qəbul etməyi planlaşdırırdı.

İBSU-nun rektoru İlyas Çiloğlu pulun universitetin təchizatına və müxtəlif kateqoriyalı tələbələrə güzəştlərin verilməsinə kifayət etdiyini söyləyir.

Çiloğlu özü 1995-ci ildə Türkiyədən Gürcüstana gələrək Qaradəniz Universitetinə daxil olub.

Lakin onun sözlərinə görə, yeni tələbələrin qəbuluna qadağa 3 milyon larini (1,1 milyon dollar) itirmək deməkdir.

"Bizim çox böyük planlarımız vardı. Biz araşdırmalara çoxlu resurslar qoymağa hazırlaşırdıq.

Hərçənd ki, bizim ölkəmizdə bu sahədə çatışmazlıq çoxdur.

Biz yalnız professorluğun inkişafına 300 min lari (114,5 min dollar) xərcləməyi düşünürdük, xaricə səyahət, konfranslarda iştirak, məqalələr və s. İndi də mübadilə proqramlarında iştirak edən çoxlu sayda tələbələrə maliyyə yardımı göstərməyi planlaşdırırdıq və planlaşdırırıq", - deyə Çiloğlu danışır.

Universitet artıq ona qarşı tətbiq edilən tədbirlərdən şikayət edib.

#standforIBSU
Şəklin alt yazısı, "IBSU-ya dəstək" - plakatda deyilir

Keyfiyyətli Təhsilin İnkişafı üzrə Milli Mərkəzdə iddia edirlər ki, İBSU-nun ödənilməmiş vergilərə görə borcu var, daşınmaz əmlakı isə müsadirə altındadır.

Çiloğlunun sözlərinə görə, söhbət 7 il əvvəl tikilən kampusa görə ödənilməmiş ƏDV-yə görə 715 min lari (273 dollar) cərimədən gedir.

Universitet bunun texniki səhv olduğunu və verginin tikintiyə görə cavabdeh şirkət tərəfindən ödənildiyini təkid edir.

Lakin universitet vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib.

Bu işlə bağlı məhkəmə davam edir. Lakin Avtorizasiya Şurası yeni tələbələrin qəbuluna qadağa qoyduqdan sonra universitet bu mübahisəli cəriməni ödəyib.

Universitet nümayəndələrinin sözlərinə görə, əmlakın müsadirə olunması barədə qərar mübahisəli cərimə ödənilməmişdən əvvəl gəlir xidməti tərəfindən ləğv edilib.

Lakin bu məsələ bizlə bağlı iclas olmadığına görə, rəsmi olaraq bu məhkəmə tərəfindən təsdiqlənməyib. Universitetin bank hesabları heç vaxt dondurulmayıb.

Universitetin ictimai əlaqələr departamentinin rəhbəri Zviyad Pipiyanın sözlərinə görə, bunu təsdiq edən sənədlər Avtrorizasiya Şurasına göndərilib. Bundan başqa, bu ilin yazında universiteti ziyarət edən müstəqil ekspertlərin rəyi əsasında universitetin akkreditasiyası daha 6 il uzadılıb.

"Gözləntiləri doğrultmadı "

Universitetin şikayət müraciətini qəbul edib və ya rədd etməsi üçün Appelyasiya Şurasının bir ay vaxtı var.

Əgər müraciət qəbul olunarsa, iş nəzərdən keçirilməsi üçün Avtorizasiya Şurasına göndəriləcək.

Pipiya belə deyir. Yekun qərarın qəbul edilməsi üçün iki ay vaxt lazımdır.

Tələbələrin təşkil etdiyi etiraz aksiyalarında Türkiyə rəhbərliyinin Fethullah Gülen barədə bədnam fikirləri və ya İBSU-nun probelmlərinə səbəb olacaq siyasi motivlər barədə deyil, şuranın ədalətsiz qərarından və universitetin özünün gürcü təhsili üçün əhəmiyyətindən danışılır.

"Bu prosses birbaşa mənə toxunmayıb, lakin mən bu ölkənin vətəndaşı kimi universiteti dəstəkləməliyəm. Mən düşünürəm ki, bu təkcə İBSU-nun problemi deyil, ən güclü və uğurlu universiteninin bu vəziyyətdə olması bütün Gürcüstanın problemidir",-deyə ikinci kurs tələbəsi Anastasiya Lortkipanidze deyir.

Lortkipanidze Gülen barədə universitetdə eşitmədiyini və ümumilikdə onun özü və hərəkatı barəsində az şey bildiyini söyləyir.

"Düzünü deyim ki Gülenlə bağlı nəyin baş verdiyini anlamıram, çünki biz tələbələrə bunun heç bir aidiyyatı yoxdur. Universitetin məqsədi tələbələrə keyfiyyətli təhsil verməkdir, bizim siyasətlə heç bir əlaqəmiz yoxdur", o deyir.

Bununla yanaşı İBSU-ya qadağanın tətbiq olunması barədə qərarın məlum olmasından 4 gün əvvəl Türkiyənin "Anadolu" dövlət agentliyi Türkiyənin Tbilisidəki səfiri Fatma Ceren Yazqan ilə müsahibə dərc edib.

"Təəssüf ki, Gürcüstan hökuməti FETO-ya (Gülen hərəkatını "Hizmet" adlandıran Türkiyə rəhbərliyi onu terrorçu hesab edir) qarşı münasibətdə Türkiyənin gözləntilərini doğrultmadı.

Biz onlardan daha ciddi addımlar gözləyirik", - deyən Yazqan Gürcüstanda hələ də Gülen universitetlərinin olduğunu qeyd edib.

Qeyddə söhbətin hansı univeristetdən getdiyi deyilməyib. Lakin İBSU-nun yeni tələbələrini qəbul edə bilməməsi barədə xəbəri agentlik "Gürcüstanda FETO universitetinə tələbə qəbulu qadağan edildi" başlığı ilə dərc edib.

Etiraz
Şəklin alt yazısı, IBSU-nu müdafiə edənlər aksiya keçiriblər

Erdoğanın əli?

Universitetin yeni tələbələri qəbul edə bilməsi barədə qadağa qərarını 8 qeyri-hökumət təşkilatının nümayəndələri insan haqqlarının pozulması adlandırıblar.

"Biz hesab edirik ki, universitetin qarşılaşdığı bütün bu problemlər konkret addımlara nail olmaq üçün Türkiyə rəhbərliyinin Gürcüstan hökumətinə təsir etmək və ya müəyyən dərəcədə təzyiq göstərmək cəhdlərindən irəli gəlir", - Transparency International-Georgia təşkilatının icraçı direktorunun müavini Georgi Oniani deyib.

Qeyri-Hökumət təşkilatlarının birgə bəyanatında son vaxtlar Gürcüstanda "Çağlar" təhsil şəbəkəsi müəssisələrinin qarşılaşdığı problemlərə toxunulub.

Ötən il avtorizasiya ilə bağlı yaranan problemlər ucbatından "Çağlar" şəbəkəsinin iki məktəbi - Batumidəki Şahin litseyi və Demirelin adını daşıyan kollec bağlanıb. Hər iki müəssisə yüksək təhsil keyfiyyəti ilə tanınırdı.

Bununla yanaşı ötən il Türkiyənin tələbi ilə Demirel kollecinin keçmiş meneceri və müəllimi Mustafa Emre Çabuk saxlanılmışdı.

Türkiyəyə ekstradisiya edilməsi təhlükəsi ilə 9 ayı dəmir barmaqlıqlar arasında keçirən müəllim yalnız bu ilin fevralında zaminə buraxılıb.

Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır.

İyul ayında Gürcüstan prezidenti Georgi Marqvelaşvili (solda) Ankaraya səfər etmişdi

Şəklin mənbəyi, Anadolu Agency/Getty Iamges

Şəklin alt yazısı, İyul ayında Gürcüstan prezidenti Georgi Marqvelaşvili (solda) Ankaraya səfər etmişdi

Gürcüstan Milli Statistika Xidmətinin ilkin məlumatına görə, bu ilin yanvarından iyun ayına qədər Türkiyə ilə ticarət dövriyyəsi 858 milyon dollar və ya Gürcüstanın xarici ticarət dövriyyəsinin 14%-ni təşkil edib.

Türkiyə NATO-ya daxildir və Gürcüstanın alyans üzvü olmasını dəstəkləyir.

Gürcüstanın Təhsil Nazirliyi BBC-nin sorğusunu cavablandırarkən İBSU-ya qarşı tətbiq edilən qadağanın siyası olması barədə fikirləri rədd edərək tələbələrin marağına uyğun hərəkət etdiklərini bəyan edib.

Nazirlik nümayəndələrinin sözlərinə görə, ikinci və daha yuxarı kurs tələbələri Qaradəniz Universitetində təhsillərini davam etdirəcəklər, abituriyentlər isə sadə prosedura ilə digər universitetlərə daxil olublar.

Lakin keçmiş təhsil naziri Giya Nodiya hesab edir ki, "Çağlar" şəbəkəsinin eyni anda bir neçə məktəbinə qarşı bu qədər ciddi tədbirlərin görülməsi Gürcüstan rəhbərliyini Türkiyənin maraqlarına cəlb edilməkdə ittiham etməyə əsas verir.

"Rəsmi olaraq onlara qarşı bu cür qərarlar Fethulah Gülenlə və ya bir başqasıyla əlaqələri olduğuna görə deyil, hansısa texniki problemlərə görə qəbul olunub. Onları real və qeyri-real çatışmazlıqlarda günahlandırırlar, lakin istənilən halda bu cür tədbirlərə haqq qazandırmaq və əsaslandırmaq çox çətindir ", - o deyib.

Türkiyənin Tbilisidəki səfirliyi "Çağlar" təhsil müəssisəsinə dair qəbul edilən qərarlarda Türkiyənin təsiri olması barədə bəyanatı şərh etməkdən imtina edib.