Türkiyə iqtisadiyyatında gərginliyə səbəb olmuş keşiş barədə nə məlumdur?

Şəklin mənbəyi, AFP
- Müəllif, Yelizaveta Foxt
- Vəzifə, BBC News Rus Xidməti
Washington ilə Ankara arasında ticarət müharibəsi Türkiyə iqtisadiyyatını böyük ziyan vurub və ölkəni maliyyə böhranı həddinə çatdırıb.
İki NATO müttəfiqi arasında münasibətlərin korlanmasına 50 yaşlı amerikalı keşiş Andrew Brunson səbəb olub.
Bəs Andrew Brunson kimdir?
"Türkiyədə onun yüksəliş və eniş dövrləri olub"
Andrew Brunson Şimali Karolina ştatının Black Mountain adlı kiçik şəhərində dindar ailədə böyüyüb.
Onun 7 qardaşı və bir bacısı var. Onun valideynləri Presbyterian missionerlərdir, vaxtilə Meksika, Pakistan və Rusiyada missionerlik ediblər.
Uşaqlıqda Brunson xəstəlik keçirib, həmin xəstəlik o dərəcədə ağır keçib ki, hətta anası oğlunun sağalacağına ümidini itirmək həddinə çatıb.
Sonradan Brunson keşiş olmaq yolunu seçir və 90-cı illərdə Presbyterian Kilsəsi xətti ilə Türkiyəyə missionerlik etməyə gəlir. O, arvadı Narin və 3 uşağı ilə İzmir şəhərində məskunlaşıb.
Orada Brunson evangelist kilsəsinə rəhbəlik edib, həmin kilsədə onlarla ibadətçi olub. Bundan əlavə, keşiş Suriyadan olan qaçqınlara da yardım edib.
Brunson-un bacısının sözlərinə görə, Andrew ailəsilə Türkiyədə çox sadə həyat yaşayıb: "Barbekü, pikniklər, üzgüçülük, kino və axşamlar masaüstü oyunlar".
İzmirdəki kilsənin "Ana kilsəsi" ABŞ-da, Şimali Karolinada yerləşir. ABŞ-da fəaliyyət göstərən icmanın üzvləri bəzən Brunson-a baş çəkirdilər. Brunson-un dostu Edward Brouwer deyir ki, xaricdə missionerlik etmək "çox ağır bir işdir".
"O həmişə səmimi olub, etiraf edirdi ki Türkiyədə işlədiyi dövrdə xristian missoner kimi fəaliyyətinin həm yaxşı, həm də pis cəhətləri olub", - Brouwer xatırlayır.
"İsa Məsih yolunda əzab çəkmək üçün buradayam"
2016-cı ilin yayında Türkiyədə hərbi çevriliş cəhdi oldu. Həmin cəhd dəf edildikdən sonra ölkədə kütləvi repressiyalar başladı. Çevriliş cəhdində əli olmaqda şübhəli bilinən 60 mindən çox adam həbs olundu, 160 mindən çox dövlət qulluqçusu və hərbçilər işlərindən qovuldular.
Türk rəsmiləri üsyanın təşkilinə görə məsuliyyəti Fethullah Gülenin üzərinə qoyurlar.
Ankarada Gülen və onun tərəfdarlarını terrorçu adlandırırlar. Gülen 1999-cu ildən ABŞ-da yaşayır. ABŞ Ankaranın tələblərinə rəğmən onu Türkiyəyə təslim etmir. Washington Gülenin çevriliş cəhdilə əlaqəsinə dair sübutları kifayət qədər inandırıcı saymır. Gülenin özü Türkiyənin ona qarşı bütün ittihamlarını rədd edir.
Həmin müddətdə isə Türkiyədə rəsmilərin qənaətincə Gülen hərəkətilə bağlı olan insanların həbsi davam edirdi. 2016-cı ilin noyabrında şübhəli qismində Andrew Brunson və onun arvadı Narin həbs edilmişdilər. Keşişin arvadıını 13 gündən sonra buraxdılar, Andrew isə həbsdə qalmaqdadır - o, 35 ilədək azdlıqdan məhrum edilə bilər.

Şəklin mənbəyi, Getty Images
Türk prokurorluğunun qənaətinə görə, Brunson Gülen ilə əlaqə saxlayıb və təxribat fəaliyyəti üçün xaricdən pul alıb.
İttihamnamədə eləcə də keşişin missionerlik pərdəsi arxasında hərbi casusluq etdiyi qə qeyd olunub.
Məhkəmədə anonim şahid bildirib ki, keşiş ikilsəsində badət edənlər arasında kürdlər arasında xristan hərəkatı və onun əsasında dövlət yaradılması ideyasını təbliğ edib.
Brunson öz günahını etiraf etməkdən imtina edir.
Keçən ilin payızında Türkiyə onu Gülenə dəyişməyi təklif etdi, lakin ABŞ Güleni təslim etməkdən imtina edir. "İsa Məsihin şagirdləri onun yolunda əzab çəkiblər, indi növbə mənimdir. Mən təqsirsizəm. Mən bütün ittihamları rədd edirəm", - Brunson məhkəmədə bildirib.
"Məyus olmuşam. Mənim üçün dua et"
Çoxsaylı xristian təşkilatları Brunson-un azadlığa buraxılmasını tələb edir. ABŞ-da Qanun və Ədalət Mərkəzi adlanan təşkilat Brunson-u siyasi məhbus sayır.
Eyni mövqeyi ABŞ Konqresi nəzdində fəaliyyət göstərən Beynəlxalq dini azadlıq komissiyası da bölüşür.
Komissiyanın təmsilçiləri keşişlə o, həbs olunduqdan sonra görüşüblər.
"Onu görəndə, şalvarının kəmərinin belində güclə dayandığı diqqətimi çəkdi. O, özünü itirmiş kimi görünürdü", - komissiyanın sədr müavini Kristina Arriaga deyib. Onun sözlərinə görə, həbsxana Brunson üçün "psixoloji və fiziki çaşqınlıq məkanına çevrilib".
Onun sözlərinə görə, Brunson onun nədə ittiham olunduğunu anlaya bilmirdi.
"NATO müttəfiqimiz özünü belə necə apara bilər? Mən nədə ittiham olunuram? Ömrümün axırınadək burada qalaçağam?" - o, ABŞ məmurlarından soruşub.

Şəklin mənbəyi, AFP
Fevral ayında mətbuatda Brunson-un yoldaşına məktubundan parçalar dərc olunub.
"Məyus olmuşam. Xahiş edirəm, mənim üçün dua et. Mən səni sevirəm - dözə bilmirəm ki, burada sənsiz qocalıram", - keşiş yazıb.
Pastor 50 yaşının tamam olmasını həbsxanada qarşılayıb.
Həbsxanaya görə də qızının toyunda iştirak edə bilməyib.
"Onu buraxın, əks-halda nəticəni görəcəksiniz"
ABŞ və Türkiyə arasında münasibətlər son bir neçə il ərzində xeyli pisləşib.
Bunun səbəbi təkcə Gülen və Brunson ilə bağlı deyil, səbəblər eləcə də Suriya, İranın nüvə proqramı və Ankaranın Rusiyadan silah almasıdır.
Lakin ABŞ rəsmiləri üçün çoxdanın NATO müttəfiqi ilə münasibətlərin gərginləşməsinə səbəb olan Brunson-dur.
Prezident Trump ilk dəfə Brunson-u bu ilin aprelində dəstəklədi.
"Keşiş Andrew Brunson yaxşı insandır və xristian lideridir, o indi istintaq altındadır və səbəbsiz yerə Türkiyədə təqib olunur. Onu casus adlandırırlar, lakin mən ondan daha böyük casusam. Ümid edirəm ki, ona, evinə qayıdıb ailəsinin yanında olmasına icazə veriləcək", - Trump öz Twitter səhifəsində yazıb.
O vaxtdan bəri ABŞ prezidenti keşiş Brunson-a daha bir neçə, oxşar ruhlu tvit həsr edib. Tvitlərindən birində Trump yazmışdı ki, Brunson "təqsirsiz din adamıdır və dərhal azadlığa buraxılmalıdır".
Brunson-un azad olunmasını digər ABŞ rəsmiləri də tələb ediblər.
Vitse-prezident Mike Pence bəyan edib ki, Türkiyə Brunson-u azad etməlidir, əks halda isə bunun nəticələrini görəcək.
Dövlət katibi Mike Pompeo xəbərdarlıq edib ki, Türkiyə ABŞ vətəndaşını həbsdə saxlamaqda davam etsə "təsirli sanksiyalarla üzləşəcək".
İyulun axırında İzmir məhkəməsi keşişi ev dustaqlığına buraxdı. Buna baxmayaraq, Washington münasibətləri gərginləşdirən istiqamətdə addım atdı.
Avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Abdulhamit Gülə qarşı sanksiyalar yeridib və onların aktivlərini dondurub.

Şəklin mənbəyi, Getty Images
ABŞ mediası izah edib ki, Brunson-a bu cür dəstəyin göstərilməsi ABŞ Konqresinə yaxınlaşan seçkilərlə bağlıdır.
ABŞ sanksiyaları Türk lirəsinin rekord dərəcədə ucuzlaşmasına səbəb oldu - bu ilin əvvəlindən dollara qarşı lirə 40 faiz ucuzlaşıb.
Lakin ABŞ rəsmiləri bununla kifayətlənmədilər - Trump elan etdi ki, türk poladı və alüminiumuna da gömrük rüsumunu ikiqat qaldırılır.
Bu addım Türkiyədə lirənin və fond bazarının vəziyyətini, inflyasiya proqnozlarını daha da pisləşdirdi.
Erdoğan buna cavab olaraq xəbərdarlıq etdi ki, ABŞ-ın birtərəfli addımları Türkiyəni yeni dostlar axtarmağa məcbur edə bilər.
O, əhalini pullarını və qızıllarını lirəyə dəyişməyə çağırdı.
"Onlarda dollar var, bizdə isə - bizim insanlar və bizim Allahımız!", - Erdoğan deyib.
Türkiyə prezidenti eləcə də ABŞ elektronik məhsullarını da boykot ediləcəyi xəbərdarlığını etdi.
Çərşənbə axşamı ABŞ-ın Türkiyədə müvəqqəti işlər vəkili Jeffrey Hovenier keşiş Brunson-a onun İzmirdəki evində baş çəkib.
"Biz Türkiyə rəsmilərini Brunson-u və əsassız olaraq yerli həbsxanalarda saxlanılan digər şəxslərin azadlığa buraxılmasına çağırmağa davam edəcəyik", - diplomat deyib.
Bu arada Brunson-un vəkili keşişin həbsdən azad olunması məqsədilə yeni şikayət ərizəsini appelyasiya məhkəməsinə təqdim edib.
Keşişin müdafiəsi eləcə də ona ölkəni tərk etməyə icazə verilməsini tələb edir.








