Baş nazir Nikol Paşinyan: Ermənistan NATO üzvü olmağa can atmır

Nikol Paşinyan

Şəklin mənbəyi, Gov.am

Ermənistan NATO-ya üzv olmağa can atmır, çünki respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında öhdəlikləri vardır.

Bu sözləri, Avrasiya İqtisadi İttifaqı (AAİİ) Ali Hökumətlərarası Şurasının (AHŞ) iclasında iştirak etmək üçün iki günlük Sankt-Peterburqa yollanan Ermənistan Baş naziri "Exo Moskvı" radiostansiyasına müsahibəsində deyib.

Üzv ölkələrin baş nazirlərinin iştirakı ilə keçirilən AAİİ iclası ilə bağlı Nikol Paşinyan bildirib ki, Ermənistanın AAİİ-ə üzvlüyü ilə bağlı sənədlərdə müəyyən dəyişikliyə ehtiyac var.

"Ermənistanda 2015-ci il konstitusiya islahatından sonra isə Baş nazir ölkə başçısı səlahiyyətlərinə malik olub, lakin AAİİ rəsmi sənədlərində "bu hüquqi məqam əksini tapmayıb", Paşinyan öz Facebook səhifəsində qeyd edib.

Hazırki iclasda Ermənistanın Baş naziri öz yeni, dövlət başçısı statusunda iştirak edəcək.

"Mənim baş nazirlər formatında iclasda iştirak etməməyim, qərar qəbul etməyin mümkün olmamasına və formatın iflic olmasına gətirə bilərdi. Mən isə hələ məxməri inqilab günlərində bəyan etmişdim ki, biz Aİİ-nin işini iflic etmək məqsədi güdmürük. Əksinə, biz hər şey etməliyik ki, bu təşkilatda iştirakımızın səmərəliliyi daha da artsın", cənab Paşinyan qeyd edib.

O, müsahibəsində 102 saylı Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyi təmin etmək üçün mövcud olduğunu söyləyib.

Cənab Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə, Ermənistan-İran dövlət sərhədlərində xidmət edən Rusiya sərhəd qoşunları da ölkədə qalacaqlar.

"Çünki bu, Ermənistana çox güclü köməkdir", o əlavə edib.

AAİİ çərçivəsində əməkdaşlığın daha səmərəliliyi ilə bağlı danışarkən, Nikol Paşinyan, AAİİ üzvləri tərəfindən Azərbaycana silah satılmasını nəzərdə tutaraq, təşkilat üzvlərinin "bir-birinin maraqlarına zidd" hərəkətlərə yol verildiyinə işarə edib.

Paşinyan mətbuat konfransında AAİİ üzvü Belarusun Azərbaycana "Polonez" tipli yaylım atəş sistemi ilə təchiz etməsini misal çəkib.

"Əlbəttə, bizim Belarusun Azərbaycana silah satmasına dair narahatlığımız var. Və bu, münasibətlərimiz üçün böyük problem yaradır... Bir halda ki, Ermənistanla Belarus eyni hərbi-siyasi qurumun - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının - üzvləridir. Ermənistanın bütün vətəndaşları Belarusun Azərbaycana silah satmasına dair narazıdır", - "Avroradio" Paşinyanı iqtibas edir.

"Biz Belarusun maraqlarına hörmətlə yanaşırıq, Belarusun da bizim maraqlara hörmətlə yanaşmasında əmin olmaq istərdik", - Paşinyan mətbuat konfransında deyib.

"Azərbaycanla müharibə təhlükəsi"

Nikol Paşinyan "Exo Moskvı" radiostansiyasına müsahibəsində səfərindən bir neçə gün öncə dediyi sözlərə də aydınlıq gətirib.

O, Yerevanda jurnalistlər üçün böyük mətbuat konfransında "Rusiya Federasiyasının regionda gərginliyin artmasına yol verməmək üçün bütün imkanlara malik olduğuna əmin olduğunu" bildirmişdi.

Bununla bağlı cənab Paşinyan "Exo Moskvı"ya müsahibəsində Azərbaycanla "müharibə ehtimalının artdığını" və "Azərbaycanı müharibədən saxlamağa Rusiyanın bütün imkanlara malik olduğunu" vurğulayıb.

"Mən inana bilmərəm ki, Ermənistanın strateji partnyoru, əsrlər dostu və qardaşı olan Rusiya yeni müharibəyə imkan verər, - cənab Paşinyan deyib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu fikirlərlə bağlı BBC News Azərbaycancaya bildirib ki, "müharibə riski nə zaman azalmışdı ki, nə zaman artsın."

"25 ildir ki müharibə riski var və Azərbaycan bunu həmişə bildirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizliyə təhdid olaraq qalır."

Cənab Hacıyevin sözlərinə görə, Rusiya Federasiyası Minsk Qrupunun həmsədrlərindəndir və münaqişənin tənzimlənməsində digər həmsədlərlə birlikdə səy göstərir.

"Amma müharibəyə son qoymaq Ermənistanın məsuliyyətindədir. Ermənistan öz qoşunlarını çıxarsa hərbi risk amili, müharibə amili aradan qalxmış olar. Bununla da biz münaqişənin siyasi həlli üçün əlverişli imkan əldə etmiş olarıq", cənab Hacıyev bildirib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ və ətrafındakı ərazilər uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir və münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edirlər.