İlham Əliyev: "Ermənistanda rejimin çökməsində bizim də rolumuz olub"

Şəklin mənbəyi, AzerTAG
"Deyə bilərəm ki, Ermənistanda rejimin çökməsində bizim də rolumuz olub", Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev Ermənistandakı son hakimiyyət dəyişikliyindən danışıb.
O vurğulayb ki, Azərbaycanın Ermənistanı regional layihələrdən kənar saxlaması "qonşu ölkəni iqtisadi iflasa uğradıb".
İlham Əliyevin fikrincə, "haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu".
Prezident deyib ki, Ermənistanda rejimin çökməsində onların da rolu olub: "Onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi".
İlham Əliyev ümid edir ki, Ermənistanın yeni hökuməti əvvəlki rejimin "səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq", Azərbaycanın "ərazi bütövlüyü bərpa ediləcək".
"Trump mənə 3 məktub yazıb…"
Ölkənin xarici siyasətindən danışan İlham Əliyev ABŞ-la münasibətlərin "yeni mərhələyə" qalxdığını vurğulayıb. O deyib ki, ABŞ prezidenti Donald Trump aprel-may aylarında ona üç məktub ünvanlayıb.
İlham Əliyev qeyd edib ki, məktublar seçkilərlə, Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilib: "Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək".

Şəklin mənbəyi, AzerTAG
"Heç bir izahatı qəbul etmirəm"
Mingəçevir İES-da baş vermis qəza göstərir ki, "bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var", prezident İlham Əliyev hökumətin iclasında bildirib.
O, iyulun 2-dən 3-nə keçən gecə baş verən və sonrakı gün bir də təkrarlanan elektrik enerjisi kəsintisi ilə bağlı deyib ki, "bir qəzaya görə bütün enerji sistemi çökməməlidir.
İlham Əliyev vurğulayıb ki, o, heç bir izahat qəbul etmir: "Biz qəzanın səbəblərini, əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq".
Prezident deyib ki, onda olan ilkin məlumata görə, son illər ərzində istifadəyə verilmiş stansiyalar tam gücü ilə işləmir: "Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb".
"Bu, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək"
İlham Əliyev bildirib ki, onların "özünüməşğulluq proqramına böyük ümidləri" var: "Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək".
Prezident deyib ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər.
"…sadəcə, siyasi iradə olmalıdır…"
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədən danışan İlham Əliyev ASAN Xidmət sistemini nümunə göstərib. O deyib ki, ictimai xidmətlər sahəsində "ASAN xidmət" korrupsiyadan tam azad bir qurumdur: "Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var".
"Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir"
Prezident hesab edir ki, "narahatlıq doğuran sahələrdən" biri də inşaat sektorudur. Onun sözlərinə görə, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır: nə şəhərsalma, nə tikinti meyarlarına: "Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır".
İlham Əliyev bəyan edib ki, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan heç bir bina tikilə bilməz: "Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir".






