Qarabağda polis özbaşınalığına qarşı etirazlar: Nə baş verir?

Şəklin mənbəyi, Tiqran Qriqoryan
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının" mərkəzi şəhəri Xankəndində (Stepanakertdə) yerli polis, baş prokurorluq və Milli Təhlükəsizlik Xidməti rəhbərlərinin istefası tələbilə etiraz aksiyası davam edir.
Bazar ertəsi səhərdən 200-ə yaxın yerli sakin şəhərin mərkəzi Azatamartikner (keçmiş Kirov prospekti) prospektini bağlayıb və tələbləri yerinə yetirilməyincə, nəqliyyat hərəkətini iflic vəziyyətdə saxlayacaqlarını bildirirlər.
Prospektin inzibati binalara yaxın hissəsi isə polis maşınları ilə bağlanıb, lakin polislər hələ ki, etirazçılara qarşı heç bir tədbir görmürlər.
Tanınmamış "DQR prezidenti" Bako Sahakyan etirazçıların nümayəndələri ilə görüşüb, vəd verib ki, bir müddət sonra güc strukturlarında dəyişiklik edəcək. Bundan başqa, Qarabağ "parlamentində" hüquq mühafizə və milli təhlükəsizlik strukturlarının qeyri-qanuni hərəkətlərini araşdırmaq üçün xüsusi komissiya təşkil edilib. Lakin etirazçılar güc strukturlarının son illər yol verdikləri özbaşınalıqları sadalayaraq, baş prokuror Artur Mosiyan, polis rəisi Kamo Ağacanyan və MTX rəisi Arşavir Ğaramyan vəzifədən azad edilməyincə, etiraz aksiyasına davam edəcəklərini deyirlər.
Bəziləri həmin güc qurumları rəhbərlərinin qohum-əqrəbalarının özbaşınalığından zərər çəkdiklərini xatırlayırlar.
Etiraza nə səbəb oldu?
Etiraz aksiyaları iyunun 1-də başlayıb. Məlumatlara görə, "məişət zəminində" iki mülki şəxslə iki MTX əməkdaşı arasında mübahisə nəticəsində başlanan əlbəyaxa 20-dək MTX xüsusi təyinatlının iştirakı ilə həmin iki mülki şəxsin döyülməsi ilə nəticələnib.
Şahidlər hadisə yerində olan polis işçilərinin biganəliyi və hətta döyülən şəxsləri tutub idarəyə apardıqlarını söyləyirlər. Lakin döyülən şəxslərin vəziyyəti səbəbindən polis onları dərhal xəstəxanaya çatdırmağa məcbur olub.

Şəklin mənbəyi, Tanınmamış DQR "Prezidentinin" saytı
Hadisə yerinə yerli rəhbərlik nümayəndələri gəlib, 15 MTX əməkdaşı həbs olunub, məhkəmə-tibb ekspertizası və istintaq aparılır.
Amma buna baxmayaraq, bu gün, iyunun 4-də etiraz aksiyaları davam etməkdədir.
Ermənistan "məxməri inqilabının" təsiri
Qarabağ təhlilçisi Tiqran Qriqoryan deyir ki, Ermənistanda Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın istefası və müxalif qüvvələrin hakimiyyətə gəlməsi "Qarabağda da vəziyyətin dəyişməsinə gətirib".
"Son illər hökm sürən qorxu abi-havası yox olub. Və nümayişçilərin tələbləri yerinə yetirilib-yetirilməyəcəyindən asılı olmayaraq, Artsax [Dağlıq Qarabağ] bu gün keyfiyyətcə başqadır", - Facebook statusunda Tiqran Qriqoryan qeyd edib.
Yerevanda hakimiyyət dəyişikliyindən sonra bəzi erməni təhlilçiləri "Xankəndində (Stepanakertdə) də proseslərin Bako Sahakyanın istefasına gətirəcəyini" proqnozlaşdırırlar.
Şaşqınlıq
Yerevan müxbirimizin müşahidəsinə görə, hazırda tanınmamış "DQR rəhbər strukturlarında" bir növ şaşqınlıq hiss olunur. Nümayişçilərə qarşı zorakılıq əks nəticəyə, etirazçılara daha çox sakinin qatılmasına gətirə bilər. Fəaliyyətsizlik də onların [hakimiyyətin] zəifliyi kimi qarşılanar.
!["Artsaxda [Dağlıq Qarabağda] diktatura olmamalıdır"](https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/46E3/production/_101874181_karabakh_protest1.jpg.webp)
Şəklin mənbəyi, Tiqran Qriqoryan
Etirazın ilk günü hələ sayı yüzə də çatmayan nümayişçilərlə dövlət naziri Araik Harutyunyan, Milli Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan və başqa rəsmilər görüşə getmişdi. Bako Sahakyan dərhal etiraz iştirakçıları ilə görüşməyə, onların tələblərini dinləməyə hazır olduğunu bildirdi.
Bako Sahakyanın süqutu
Siyasi təhlilçi Tiqran Qriqoryanın sözlərinə görə, baş verən hadisələr Bako Sahakyanın vəzifədən devrilməsi prosesinin başlanğıcı kimi nəzərdən keçirilə bilər, lakin az-çox nüfuzlu müxalifət xadimi olmayan tanınmamış "DQR" şəraitində Bako Sahakyanı kimin əvəz edəcəyini duymaq çətindir.
"Bir şey aydındır ki, Bako Sahakyanın siyasi karyerası başa çatmaqdadır və 2020-ci ildə o, prezident olmayacaq", - təhlilçi yazır.
2017-ci il konstitusiya islahatından sonra "DQR prezidentinə" geniş səlahiyyətlər verilib. Həmin il yeni konstitusiyaya əsasən, parlament tərəfindən "keçid mərhələsinin prezidenti" seçilən Bako Sahakyan 2020-ci ildə də ümumxalq seçkilərində namizəd qismində iştirak edə bilər.
Bu konstitusiya islahatları təhlilçilər tərəfindən Ermənistan rəhbərliyinin tanınmamış "Dağlıq Qarabağ Respublikası" hakimiyyəti başında Yerevana loyal şəxsin qorunub saxlanmasına yönəlmiş fənd kimi qiymətləndirilmişdi.
Bako Sahakyan tanınmamış "DQR prezidenti" vəzifəsini 2007-ci ildən tutur.
Bundan əvvəl o, "Dağlıq Qarabağ Milli Təhlükəsizlik Xidmətinə" başçılıq edib. Daha əvvəl isə 4 il Rusiya Federal Təhlükəsizlik Xidmətində Ermənistan MTX təmsilçisi olub.





