Yerevan mərkəzində səhər etirazları başlayıb

Yerevan, etiraz
Şəklin alt yazısı, Dövlət idarə və müəssisələrinin işini təcrid etmək çərçivəsində tələbələr Ermənistan XİN və Təhsil və Elm nazirlikləri yerləşən binanın önündə toplaşıblar

"Nümayişçilər hökumət binasına yaxınlaşır. Çoxsaylı polis qüvvələri binanın ətrafına yaxınlaşdı", Yerevanda etiraz nümayişini işıqlandıran müxbirimiz Aleksey Manvelyan deyir.

Yerevanda səhər tezdən başlayan aksiyalarda etirazçılar bəzi dövlət binalarının qarşısına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi və Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar. Onlar dövlət idarə və müəssisələrinin işini təcrid etmək istəyirlər.

Onun sözlərinə görə, Yerevanda gecə 10 minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə elan olunub ki, bu səhər Serj Sarkisyanın baş nazir vəzifəsində ilk hökumət iclasının işi əngəllənsin.

Nikol Paşinyan
Şəklin alt yazısı, Millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırır

"Saat səhər 8-dən etirazçılar Respublika meydanında hökumət binası önünə toplaşır. Daha əvvəl bura böyük sayda xüsusi təyinatlı polis dəstələri gətirilib", BBC Azərbaycancanın müxbiri xəbər verir.

Aleksey Manvelyan deyir ki, maskalı polis əməkdaşları qol-qola girib yerə oturmuş tələbələri bir-birindən qoparıb maşınlara doldururlar.

Keçmiş prezident Serj Sarkisyanın baş nazirliyinə etiraz edən millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırıb, müxbirimiz deyir.

Yerevan, etiraz
Şəklin alt yazısı, Paytaxt polisi "inzibati xətalar törətməkdə" təqsirli bilinən onlarla gənci həbs edib

Serj Sarkisyanın baş nazir təyinatından sonra paytaxt Yerevanı etirazlar bürüyüb.

Paytaxt polisi "inzibati xətalar törətməkdə" təqsirli bilinən onlarla gənci həbs edib.

ABŞ Dövlət Departamenti bəyanat yayaraq hökumət orqanlarını, həm də etirazçıları maneə törətməməyə və hər hansı bir təxribatdan və ya zorakı hərəkətdən çəkinməyə çağırır.

Serj Sarkisyanın baş nazir seçilməsinə baxmayaraq Yerevanda etirazlar səngimir.

Etiraz nümayişlərinin rəhbərləri Ermənistanda "məxməri" inqilabın başladığını bildirərək dövlət müəssisələrində oturaq tətillərin keçirilməsinə çağırırlar.

Etirazçıların bildirdiyinə görə, narazılıq əsasən Serj Sarkisyanın və ümumiyyətlə, hakimiyyətin korrupsiyaya qurşanması, ölkədə çətin sosial vəziyyət və insan hüquqlarının pozulması ilə əlaqədardır.

"İnsanların səbr kasası dolub", - aksiya iştirakçılarından biri BBC Rus xidmətinin müxbirinə bildirib.

Nümayişçilərin sözlərinə görə, Ermənistan prezidenti 2014-cü ildə verdiyi vədini pozub: o zaman o bildirmişdi ki, prezidentlik vəzifəsindəki müddəti bitəndən sonra nə prezident. nə də baş nazir vəzifəsinə daha iddia etməyəcək.

Etiraz aksiyalarını təşkil edənlər vurğulayırlar ki, aksiyalar "nə rusiyayönümlü, nə də qərbyönümlüdür".

Протест в Армении
Şəklin alt yazısı, Yerevanda etiraz aksiyaları davam edir.

Ötən gün Yerevanda polis tərəfindən 80-dən artıq nümayişçi saxlanılıb.

Onlardan 33 nəfər inzibati məcəllə üzrə məsuliyyətə cəlb olunub.

Saxlanılmış daha 54 nəfərə qarşı istintaq tədbirləri həyata keçirilir, Azadlıq radiosunun ermənidilli redaksiyasına polis qərargahının rəisi Hovanes Köçəryan bildirib.

"Küçələrin blokadaya alınması ictimai asayişin pozulması deməkdir, polis buna yol verə bilməz", - Köçəryan deyib.

Polisin ötən gün yaydığı xəbərdarlığında deyilib ki, "qanunsuz hərəkətlərə son qoyulmasa", nümayişlərin dağıdılmasına görə məsuliyyət aksiyaları təşkil edənlərin üzərinə düşəcək.

Təşkilatçılar isə etiraz aksiyalarının dinc xarakter daşıdığını və dövlət binalarının etirazçılar tərəfindən mühasirəyə alınmasının qanun pozuntusu olmadığını bildirirlər.