Ermənistan: Serj Sarkisyan baş nazir vəzifəsinə seçildi, etirazlar davam edir
Aprelin 17-də Ermənistan Milli Məclisinin xüsusi sessiyasında Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsinə seçilib.
105 üzvü olan Ermənistan Milli Məclisinin 97 üzvünün iştirak etdiyi səsvermənin nəticəsinə görə, Serj Sarkisyan 77 lehinə, 17 əleyhinə səslə Ermənistan Respublikasının Baş naziri seçilib.
Serj Sarkisyanın namizədliyi onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası və Daşnaksutyun Erməni İnqilabi Federasiyası tərəfindən təklif edilib.
Serj Sarkisyan yeni, 2015-ci il Konstitusiyasına əsasən seçilmiş ilk baş nazirdir.

Bu arada minlərlə insan Yerevanda Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyalarında iştirak edir. Nümayişçilər körpü və küçələrdə nəqliyyat hərəkətini bağlayır, dövlət idarələrinin qapıları önündə piketlər keçirir və əhalini etiraz aksiyalarına qatılmağa çağırırlar.
Yüzlərlə tələbə müxalif millət vəkiili Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatına birləşib.
Polisin son məlumatına görə, 80 nəfər aksiya iştirakçısı "inzibati xətalar törətmək üçün" polis idarələrinə aparılıb. Onların əksəriyyəti tələbələrdir. Onların arasında Nikol Paşinyanın oğlu da olub. Aşot Paşinyan günün ikinci yarısında buraxılıb.

Nikol Paşinyanın çağırışına qatılanların sayının artdığı müşahidə olunur. Paşinyan ölkədə "inqilabi vəziyyət" yarandığını deyib və "məxməri xalq inqilabı" başlandığını elan edib.
O tərəfdarlarını Fransa meydanını tərk etməyə çağırıb və axşam mitinqinin daha böyük Yerevanın Respublika (keçmiş Lenin) meydanında keçiriləcəyini bildirib.






