İran: qəzaya uğramış təyyarədə uçanların qohumları xəbər gözləyir

Relatives of passengers who are feared to have been killed in a plane crash react near the town of Semirom, Iran. Photo: 18 February 2018

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Təyyarədə olanların qohumları məyus halda xəbər gözləməkdədirlər.

Xilasedici qruplar İranın cənubunda qəzaya uğramış təyyarənin düşdüyü dağlıq ərazidə axtarış işlərini davam etdirərkən, təyyarədə olmuş 66 nəfərin qohumları məyus halda xəbər gözləməkdədir.

Aseman Airlines şirkətinin sərnişin təyyarəsi Zaqros dağlarında bazar günü qəzaya uğrayıb.

Güman edildiyinə görə, təyyarədə uçanlardan qəzadan sağ çıxanı olmayıb.

Güclü külək və qarın yağması axtarış işlərini bazar günü dayandırmağa məcbur etmişdi.

ATR 72-500 qoşa mühərrikli turboreaktiv təyyarə Tehrandan cənub-qərbdəki Yasuc şəhərinə yollanırdı.

EP3704 reysli təyyarə Tehrandan yerli vaxtla səhər saat 8-də qalxandan 1 saat sonra Dena dağlıq ərazisində, İsfahan vilayətinin Semirom şəhəri yaxınlığında qəzaya uğrayıb.

İran mediasının məlumatına əsasən, təyyarənin düşdüyü ərazi Yasuc şəhərindən 22 kilometr aralıdır.

ATR 72-500

Şəklin mənbəyi, Mehrad Watson

Şəklin alt yazısı, Qəzaya uğramış təyyarə Fransa və İtaliyanın birgə istehsal etdiyi ATR 72-500 markalı təyyarədir.

İran mülki aviasiya təşkilatının bildirdiyinə görə, qəzaya uğramış təyyarə 25 il idi ki, istismarda idi.

Qəza yerinə göndərilmiş xilasedici qrupları əməliyyatı bir müddətdən sonra dayandırmalı olub.

IRIB yayım şirkətinin bildirdiyinə görə, "güclü külək, qar, yağış və havanın qaralması xilasedici işlərin aparılmasını əngəllədiyindən, axtarış səhərədək təxirə salınıb".

"Hava düzələn kimi axtarış işinə qoşulmaq üçün 5 helikopter hazır vəziyyətdədir", - məlumatda deyilib.

Təyyarədə 60 sərnişin, 2 mühafizəçi, 2 göyərtə bələdçisi və 2 pilot olub.

AFP agentliyinin məlumatına əsasən, sərnişinlərin qohumları Tehran yaxınlığındakı Mehrabad aeroportuna toplaşıblar.

Əri təyyarədə olmuş bir qadın deyib ki, "baş verən hadisəyə inana bilmir".

Iran Tehran Semirom map

Bir kişi Tabnak xəbər vebsaytına deyib ki, təyyarədə uçmalı idi, lakin reysi buraxıb.

İstifadə olunmamış təyyarə biletini göstərərək, o, deyib: "Allah mənə rəhm edib, lakin ölənlərə görə kədər içindəyəm".

İranın təyyarə parkının köhnəlməsi, baş verən aviaqəzaların səbəblərindən biridir.

Nüvə proqramına görə ölkəyə qarşı yeridilmiş sanksiyalar təyyarələr üçün ehtiyat hissələrinin əldə olunmasını İran üçün problemə çevirmişdi.

Həmin sanksiyaların böyük bir hissəsi 2015-ci ildə İran və Qərb arasında bağlanmış nüvə sazişinə görə aradan qaldırılıb.

İranın 3-cü ən böyük aviaşirkəti sayılan Aseman ötən il Boeing şirkəti ilə 30 ədəd Boeing-737 təyyarəsinin alınmasına dair müqavilə bağlayıb.

Təyyarə qəzasında ölənlərin qohumlarına başsağlığı İranın Ali rəhbəri, Ayətullah Əli Xameneyi tərəfindən də bildirilib.

Presentational grey line

İranda son illərin təyyarə qəzaları:

Avqust 2014: Sepahan aviaşirkətinə məxsus Antonov təyyarəsi Tehranda havaya qaldıqdan sonra qəzaya uğrayıb - deyildiyinə görə, mühərrik nasaz olub - 39 nəfər həlak olub.

Yanvar 2011: IranAir şirkətinə məxsus Boeing-727 təyyarəsi qar tufanında yerə enərkən dağılıb - 78 nəfər həlak olub.

İyul 2009: Caspian Airlines şirkətinin Ermənistana yollanan Tupolev təyyarəsində, gəmi Tehranda havaya qalxdıqdan bir qədər sonra, yanğın baş verib - təyyarədə olan 168 nəfərin hamısı həlak olub.