Trump-ın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Michael Flynn "Gülenin çıxarılmasını müzakirə edirdi"

Şəklin mənbəyi, Reuters
Prezident Trump-ın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Michael Flynn, Fethullah Gülenin ABŞ-dan çıxarılmasını müzakirə edib, Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru James Woolsey deyir.
Türkiyə ruhani Güleni, ötən ilin iyul ayında baş vermiş çevriliş cəhdini təşkil etməkdə ittiham edir.
Müsahibədə cənab Woolsey Wall Street Journal dərgisinə deyib ki, o, qanuni ekstradisiya prosesindən əlavə mümkün köçürülmə metodları barədə danışıqlarda iştirak edib.
Cənab Flynn cənab Woolsey-nin dediklərilə razı deyil.
Söhbət ötən ilin sentyabr ayında, Nyu York hotelində baş vermiş görüşdən gedir.
Görüşdə cənab Flynn, Prezident Erdoğanın kürəkəni və Türkiyənin XİN başçısı Mevlüt Cavuşoğlu iştirak edibmiş, WSJ deyir.
Həmçinin oxuyun:
O vaxt Trump kampaniyasının məsləhətçisi olan cənab Woolsey deyib ki, görüşə gecikdiyinə görə "hansısa detalı" eşitməmiş ola bilərdi.
Amma o, WSJ-a deyib: "Cənab Gülenin ABŞ-dan Türkiyəyə köçürülməsi barədə ciddi müzakirələr gedirdi".
"Bunu fikir mübadiləsi də adlandırmaq olar", o qeyd edib. "Amma bu, açıq-aşkar qanun pozuntusu olacaq çox ciddi bir məsələ barədə fikir mübadiləsi idi".
O davam edib: "Bu çox ciddi və narahatedici müzakirə idi, lakin bu müzakirə, mən bir də təkrar edirəm, hər halda mənim otaqda olduğum vaxt kəsiyində cinayətkar aktın icra olunması barədə konkret plan səviyyəsinə qalxmadı".

Şəklin mənbəyi, AP
Daha sonra cənab Woolsey CNN-ə müsahibəsində görüşü "şübhəli" və "narahatedici" adlandırıb: "Hiss etdim ki, kiməsə nəsə deməliyəm, amma onlar birbaşa [Güleni] necə tutacaqlarını planlaşdırırdılarmı? Xeyr".
Michael Flynn-in sözçüsünün dediklərinə görə, "General Flynn heç zaman qeyri-qanuni addımları ... və ya məhkəmədən kənar ölkədən çıxarmanı müzakirə etməyib".
Fethullah Gülen 1999-cu ildən bəri Pennsylvania ştatında yaşayır.








