Rusiya ABŞ-ın "cadugər ovundan təngə gəlib"

Şəklin mənbəyi, Getty Images
Rusiya deyir ki, Amerika prezident seçkilərilə bağlı "cəfəng" haker iddialarından təngə gəlib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, prezident Vladimir Putinin Donald Trump-ın prezident seçkisində qalib gəlməsi üçün kömək etmək istədiyini idda edən ABŞ kəşfiyyatı hesabatının "emosional və həvəskar səviyyədə" olduğunu deyib.
Cənab Peskov Moskvada jurnalistlərə bu ittihamlardan artıq "bezdiyini" bildirib.
Cənab Peskovun sözləri gələcək ABŞ prezidenti Donald Trump-a cümə günü ABŞ kəşfiyyatının hesabatının təqdim edilməsindən sonra ilk reaksiyadır.
Məxfiliyi açılmış hesabatda deyilir ki, Rusiya lideri seçkini təsirləndirmək məqsədilə aparılan kampaniyaya "əmr" verib.

Şəklin mənbəyi, Getty Images
Bazar ertəsi günü verdiyi şərhlərdə, cənab Peskov "Moskvanın hər hansı haker hücumunda iştirak etməsi iddiasını tamamilə rədd" etdiyini bildirib.
"Biz anlayırıq ki, bizim amerikalı həmkarlarımız öz tarixlərinin müxtəlif dövrlərində cadugər ovları aparıblar", o əlavə edib.


