“Analar üçün porno” – gənc qadınlar üçün yazılan ədəbiyyat

    • Müəllif, Amelia Butterly
    • Vəzifə, BBC

Bozun 50 Çaları və buna bənzər digər kitabları izah etmək üçün istifadə edilən “analar üçün porno” termini qadın oxuculara hörmətsiz münasibəti ortaya qoyur.

Lakin erotik ədəbiyyat dünyası EL James-in yaratdığı bu fenomendən daha əhatəlidir və bir çox gənclərə müraciət edir.

Kay Jaybee çeşidli erotika əsərləri yazır, lakin daha çox “qamçı və zəncirlər” hekayələrinə görə tanınır.

Yazdığı zaman o, oxucusunu təxminən özü kimi, 40 yaşlarında təsəvvür edir.

“Satış rəqəmlərinə baxanda, bu yaşlar təxminən oxucularımın 50 faizini təşkil edir,” Kay bildirir.

“Digər 50 faizi isə 18-26 yaşlarında olan oxucular təşkil edir. Görünür, onların daha çox boş vaxtı olur və bəlkə də eksperiment edirlər.

“Ya da ki, onlar fantaziyalardan zövq alırlar...”.

Kay bildirir ki, gənclərin onun kitabları vasitəsilə cinsiyyətləri ilə bağlı bir çox şeyləri öyrənə biləcəyindən xəbərdardır.

“Bəzi şeylər var ki, bəlkə də valideylərinizdən soruşa bilmirsiniz və dostlarınızdan da soruşmaq istəmirsiniz,” o deyir.

“Mən sadəcə sizə bir az məlumat verirəm”.

Kay birbaşa gəncləri hədəf almasa da, erotik kitablar dərc edən Xcite Books bir neçə il bundan əvvəl bazarda boşluğu hiss edib və indi nəşriyyatın bəzi yazıçıları xüsusilə bu auditoriya üçün yazırlar.

Alice Raine’s-in ilk seriyaları olan Açılmış əsəri 18-30 yaş arası oxucuları hədəf alıb.

O deyir ki, kitablarının 18 yaşdan yuxarı oxucular üçün uyğundur kimi etiketlənməsində diqqətlidir.

Lakin məsələ sadəcə yaşla bağlı deyil, bu müəlliflər eyni zamanda məzmuna görə də cavabdeh olduqlarını hesab edirlər.

Erotik roman oxucuları əsasən qadınlardır, naşirlərin həyata keçirdiyi araşdırmalardan məlum olub.

“Məncə kişilər daha çox vizual stimula üstünlük verirlər, qadınlar isə daha çox emosional əlaqəyə. Onlar sözləri oxumağa üstünlük verirlər,” Alice deyir.

Bu ilin əvvəli ilk erorik kitabını nəşr etdirmiş Naomi Smart biraz fərqli düşünür.

“Qadınlar erotika oxumağa daha açıqdırlar. Bu o demək deyil ki, kişilər oxumur, onlar bunu bölüşmək istəmirlər,” o deyir.

“Yəqin elə hesab edirlər ki, buna görə lağa qoyulacaqlar”.

Alice və Hay öz real adları ilə yazmasalar da, hər ikisinin ailəsi və dostlarının əksəriyyəti onların kitablarından xəbərdardırlar.

Lakin onlar hesab etmirlər ki, valideynləri onların erotik romanlarını oxuyublar.

“Mən istəmirəm onlar elə düşünsünlər ki, mən evdə bu işlə məşğul oluram,” Alice deyir.

“Birinci başlayanda bir çox adama bu barədə deməmişdim, əsasən ona görə ki, özüm özümdən təəccüblənirdim,” Kay deyir.

Naomi isə öz real adı ilə yazır və əsərlərini kitab kimi görməkdən “qürür duyduğunu” deyir.

“İstədiyim odur ki, insanlar artıq bunun biabırçılıq olmadığını görsünlər,” o deyir.

“Biz hamımız müxtəlif şeyləri xoşlayırıq və bu, normaldır”.