Uşaqlarımızı ətraf mühiti kirlətmədən böyüdə bilərikmi?

Təbiətə milyonlarla mikroplastik səpələyən uşaq yeməyi butulkalarından, yaş salfetlərdən, uşaq bezlərindən və dayanıqsız materiallardan hazırlanmış digər məhsullardan istifadə etmək vərdişi çox geniş yayılıb. Bundan yan durmaq və yaşıl valideynlik təcrübəsini dayanıqlı etmək mümkündürmü?

Ətraf mühitə nə qədər həssas yanaşsanız da, körpəniz doğulandan sonra davranışınız dəyişə bilir.

"Baby Dove" brendinin Britaniyada 2000 valideyn arasında keçirdiyi sorğunun nəticələrinə görə, uşaq doğulandan sonra "təkrar istifadə ideyası uçub gedir".

Buna səbəb olan mühüm amillərdən biri məşhur brendlərin davamlı istifadə oluna biləcək və ya etik məhsullar istehsal etməməsidir.

Digər tərəfdən, yorğun valideynlərin bu barədə düşünməyə vaxtı və enerjisi qalmır.

"Günü başa vurmağa çalışdığınız zaman dayanıqlılıq sizin prioritetiniz olmaya bilir; ala biləcəyiniz ən sərfəli məhsulları seçirsiz" - "Yaşıl tərbiyələndirmə üzrə davamlılıq bələdçisi ("The Sustainable(ish) Guide to Green Parenting") kitabının müəllifi Jen Gale belə deyir.

Amma plastik tullantıların həcmi artmağa davam edir və əgər qarşısı alınmazsa, 2040-cı ildə onların okeanlara gedib çatan illik miqdarı üç dəfə artaraq 29 milyon tona çatacaq.

Oyuncaq sənayesi - plastik materiallardan ən çox istifadə edən sahə

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, dünyada plastikdən ən çox istifadə edən sahə oyuncaq sənayesidir.

Hər il, demək olar ki, istifadə olunmamış milyonlarla oyuncaq zibilxanalara göndərilir.

Plastik tullantıların əsas hissəsi daha bir sürətli istehlak məhsulu olan birdəfəlik uşaq bezləridir.

Britaniyada hər il təxminən üç milyard ədəd uşaq bezi atılır - bu, bütün məişət tullantılarının 2-3 faizini təşkil edir.

Dünyada hər dəqiqə 300.000-dən çox uşaq bezi tullanır.

ABŞ-da problemin miqyası daha böyükdür, ölkədə bu sənayenin dəyəri 71 milyard dollara çatıb.

Əksər uşaq bezləri parçalanmayan iki bioloji materialdan hazırlanır: alt qata qoyulan suyadavamlı polietilen və üst təbəqə üçün istifadə edilən polipropilendən. Bu, zibilliyə atılan bezlərin torpaqda 500 il və ya daha çox qalacağı deməkdir.

Uşaq sahibi olmağın ətraf mühitə mənfi təsiri plastik tullantılarla məhdudlaşmır.

Məsələn, təsirləri nadir hallarda araşdırılan uşaq yeməkləri də bu məsələdə olduqca böyük paya malikdir. Onların çoxu toz halına salınmış inək südündən hazırlanır, cəmi 1 kq tozun hazırlanmasına isə 4700 litr su sərf edilir.

Körpələrin və ya azyaşlı uşaqların 1 kq uşaq qidası qəbul etməsi atmosferə 11-14 kq karbon qazı buraxılmasıyla nəticələnir.

Bez kitabxanaları keçidi asanlaşdıra bilər

Bu məhsulun istehlakından uzaq dura bilərikmi? Dayanıqlı həll variantı kimi valideynlərə təkrar istifadə edilə bilən uşaq bezləri təklif olunur. Amma onların ən kiçik paketinin 100 dollardan baha olması bu məhsulları əlçatmaz edir.

Jen Gale deyir ki, "Yaşadığınız yerin xüsusiyyətlərinə görə daha yaşıl seçimlərin qiymətini müxtəlif yollarla azaltmaq olar".

Sosial və internet əsaslı alış-veriş saytları ikinci əl təkrar istifadə bezlərini daha sərfəli qiymətlərlə satırlar.

Britaniyada xidmət göstərən bez kitabxanaları yuyulabilən uşaq bezlərinə keçmək istəyən valideynlərə bu məhsulları daha sərfəli qiymətə icarəyə götürüb sınaqdan keçirmək imkanı yaradır.

Britaniyanın Ətraf Mühit Agentliyinin 2008-ci ildə apardığı araşdırmanın nəticələrinə görə, təkrar istifadə edilə bilən uşaq bezlərində birdəfəlik bezləriylə müqayisədə 40 faiz az karbon izi var.

Amma onların 60 dərəcədən yuxarı temperaturda və paltaryuyan maşın dolmamış yuyulması bu bezlərin ətraf mühitə müsbət təsirini sıfırlayır.

"Təbii məhsul" kimi təqdim edilən, bambuk və üzvi pambıq kimi materiallardan hazırlanan bezlər həqiqətənmi ətraf mühitə daha az zərər vurur?

Bristol Universitetinin ekoloqu, biogeokimyaçı Charlotte Lloyd buna şübhəylə yanaşır.

Bioloji hissələrə parçalandığı deyilən bezlərin heç birində nəticənin 100 faiz olmadığını vurğulayan Lloyd qeyd edir ki, onların bir çoxu təkrar emal olunmalıdır və hələ ki hamısı zibilliklərə atılır:

"Mən daha yaxşı məhsul istehsal etməyə çalışan şirkətləri yüksək qiymətləndirirəm, amma arxadan gələn sistem onlara yetişməlidir".

Çıxış yolu varmı?

Evdə daha yaşıl seçimlər etmək məsuliyyətinin gender aspektini də vurğulamaq lazımdır.

Əksər qadınlar bu məsələyə kişilərdən daha çox zehni və emosional enerji sərf edirlər.

İşləyən, boş vaxtı az olan anaların geniş yayılmış məhsullara daha yaşıl alternativlər tapmaq üçün sərf etdikləri əmək də nəzərdən qaçırılmamalıdır. Ekologiyaya qayğı məsələsində dayanıqlı valideyn olmaq istəyənlərin üzləşdiyi problemlərdən biri də budur.

Körpəsi yeni doğulmuş, yuxusuzluqdan və qeyri-müəyyənlikdən əziyyət çəkən valideynin pis vərdişlər mənimsəməsi son dərəcə asandır.

Müəyyən məhsullardan vaz keçmək əvəzinə, onları davamlılıq baxımından qiymətləndirmək bu prosesi asanlaşdıra bilər.

"Azalt, təkrar istifadə et, təkrar emal et" yanaşması valideynlər üçün mantra olmalıdır.

Jen Galenin fikrincə, yaşıl valideynlik mürəkkəb olmamalıdır.

Valideynlərin görə biləcəyi ən davamlı işlərdən biri ikinci əl əşyalar almaqdır.

"Təzəlikcə valideyn olanlarda gözəl və parlaq şeylər almaq həvəsi yaranır, xüsusən də ilk uşağınızda onları daha çox istəyirsiniz. Hər şeyin təzə və toxunulmamış olmasını istəyirik, çünki övladlarımız çox dəyərli və müdafiəsizdirlər" - Gale belə deyir.

Amma yaşadığımız yer həm də onların dünyasıdır və unutmamalıyıq ki, uşaqlarımız üçün etdiyimiz seçimlər onların gələcəyinə bizimkindən daha çox təsir edəcək.