You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Hindistanın siyasi həyatında hədiyyələrin yeri: seçiciyə rüşvət, yoxsa sosial dəstək layihəsi?
- Müəllif, Zoya Mateen
- Vəzifə, BBC News, Dehli
Hindistanda seçiciləri "hədiyyələrlə ələ almağa çalışan siyasi partiyalar" haqqında iddialar var və bununla bağlı mübahisələrə ölkənin Ali Məhkəməsində baxılır.
Hər şey Baş nazir Narendra Modinin seçicilərə hədiyyələr paylayaraq onları "almağa çalışan" "təhlükəli siyasətçilərə" qarşı xəbərdarlıq etməsi ilə başlayıb.
Modinin siyasi opponentlərinə əsasən, Baş nazirin xəbərdarlığı üstüörtülü şəkildə Hindistan ştatlarının sosial layihələrini qeyri-qanuni elan etməyə yönələn cəhddir.
Hindistanın Ali Məhkəməsi Baş nazirin Bharatiya Canata (BJP) Partiyasından olan siyasətçinin "məntiqsiz yardım" paylayan partiyalara qarşı qanuni tədbir görülməsi ilə bağlı müraciətini nəzərdən keçirir.
Hədiyyələr yaxşı və ya pis ola bilərmi?
Pulsuz xidmət və ya hədiyyə paylanmasının dəqiq tərifi olmadığı üçün buna birmənalı cavab vermək çox çətindir. Bununla belə, bunun tərifi ilə bağlı ortaq fikir olmasa da, bəzi pulsuz xidmət və ya hədiyyələri yaxşı, bəzilərini isə pis və ya yanlış kimi dəyərləndirənlər çoxdur.
Bəziləri hesab edir ki, konsepsiyanın özündə artıq mənfi məna var, belə layihələr seçicilərin düşünülmüş siyasi qərarlar qəbul etməsinə mane olur. Digərləri isə deyirlər ki, seçicilərin öz qərarlarını vermək iqtidarında olmadığını düşünmək belə düzgün deyil.
Müxtəlif fikirlər, mübahisələr bir yana, əslində pulsuz xidmət və ya hədiyyələrin paylanması Hindistanın 1947-ci ildə müstəqillik əldə etdiyi vaxtdan bəri seçkilərin dəyişməz tərkibi olmuşdur.
Bunlar pul ödənişlərindən tutmuş, pulsuz sığorta, ərzaq, televizor, kompüter və velosipedə kimi müxtəlif hədiyyələrdir. Siyasətçilər seçicilərə Yer üzündəki hər şeyi vəd edirlər.
Keçən il ölkənin cənubundakı Tamil Nadu əyalətində bir siyasətçi Aya 100 günlük səyahət və yay aylarında xalqı sərinlədəcək nəhəng aysberq vəd etmişdi. (O, seçkilərdə qalib gələ bilməyib). Siyasətçi daha sonra bildirib ki, bunları qeyri-müəyyən vədlər barədə başqalarını xəbərdar etmək üçün deyib.
Pulsuz xidmətlər və hədiyyələr sosial layihədirmi?
Pulsuz xidmət və hədiyyələrin paylanmasını sosial dəstək layihələrindən aydın şəkildə ayırmaq çətindir. Seçiciyə səsvermədən əvvəl və ya sonra "həvəsləndirici mükafatlar" vermək Hindistanda qadağan deyil və bunu, BJP də daxil, bütün partiyalar edir.
Mərkəzi və əyalət hökumətləri də vətəndaşlara sosial-iqtisadi dəstək göstərmək üçün sosial dövlət layihələrini həyata keçirə bilər. Hakim BJP vətəndaşlara mənzil, maye qaz balonları və kanalizasiya layihələrini təklif edib.
Oxşar layihələr ölkənin bütün ştatlarında digər hakim partiyalar tərəfindən də həyata keçirilir.
Bihar əyalətində hökumət qız şagirdləri məktəbi bitirməyə həvəsləndirmək üçün maddi yardım ayırır.
Tamil Nadu əyalətinin hökuməti isə, əhaliyə ucuz yeməklər təklif edən yeməkxanalar işlədir.
Bəs bunların nə qədəri sosial yönlü layihə və ya seçicini ələ almaq üçün bir gedişdir?
Bu suala cavab vermək üçün iqtisadçılar tez-tez ictimai rifahın fərdi mənfəətdən üstün olduğu səhiyyə və təhsil sahəsindəki xidmətləri qeyd edirlər. Lakin bu fərqi görmək həmişə asan olmur.
Məsələn, qız tələbələrə velosiped paylanmasını seçki fəndi kimi görənlər ola bilər. Ancaq ictimai nəqliyyatın olmadığı ucqar kənd yerlərində yaşayan qızlar üçün bir yerdən digərinə getmək böyük məsələdir və velosiped burada həlledici rol oynaya bilər.
Eyni şəkildə Aam Aadmi Partiyası (AAP) paytaxt Dehlidə pulsuz elektrik enerjisi vəd edir. Bu, şəhərin orta təbəqələri üçün əhəmiyyət kəsb etməyən, lakin qeyri-rəsmi sektorda çalışan milyonlarla yoxsul insanın həyatını dəyişə biləcək bir addımdır.
"Bərbər üçün təraş dəsti, tələbə üçün velosiped, kokos yığan üçün avadanlıq və paltaryuyan üçün ütü, həyat standartlarını dəyişdirəcək dayaqlardır", Ali Məhkəmədə keçirilən dinləmələr zamanı Hindistanın o vaxtkı baş hakimi NV Ramana deyib.
Tamil Nadu əyalətində hökumətin dövlət məktəblərində uşaqlara pulsuz günorta yeməyi verməsi də başqa bir örnəkdir. Bu əyalətdə başlayan təcrübə daha sonra ölkə miqyasında yayılıb və davamiyyəti əhəmiyyətli dərəcədə artırıb.
Pulsuz dəstək və yardımların əvəzini kim ödəyir?
Bu cür yardımla bağlı tənqidlərin bəziləri onun əslində "pulsuz" olmaması ilə bağlıdır. Yəni, başqa sözlə, məsrəflər vergi ödəyənlərin cibindən çıxır. Müxalifət bunu iqtisadi artıma və investisiya yatırımına mane olan əlavə xərc kimi görür.
İyun ayında Mərkəzi Bank tərəfindən hazırlanan bir hesabatda deyilir ki, bəzi ştatlarda pulsuz elektrik və su paylanması kimi layihələrə çoxlu pul xərclənib və belə layihələri "ictimai faydalı məsrəflərdən" fərqləndirmək vacibdir.
Lakin müxalifət bununla razılaşmır. Onlar iddia edirlər ki, sosial rifah sxemləri pulsuz xidmət sayıla bilməz, çünki onlar hökumətin öhdəliyinin tərkib hissəsidir.
Reallıq budur ki, hədiyyə "paylama siyasəti" əslində iqtisadiyyatımızı çətin vəziyyətə salan haldır və insan kapitalına investisiya edən bir dövlət qura bilməməyimizin nəticəsidir, İqtisadçı Yamini Ayar Hindistanda yayımlanan "Express" qəzetindəki məqaləsində yazır.
Hədiyyələrin paylanması ilə seçkidə qalib gəlmək olarmı?
Pulsuz xidmət və hədiyyələr şübhəsiz ki, seçici ilə siyasətçi arasında müəyyən bir münasibət yaradır.
Lakin bütün siyasi partiyalar seçkilərdən əvvəl rəqiblərini bu cür yollara əl atdıqları üçün tənqid edirlər.
Seçicilər isə məsələyə başqa cür baxırlar. Bəziləri deyir ki, bu, onların ehtiyaclarını qarşılamağa kömək edir, digərləri isə davamlı və strukturlaşdırılmış dəstək mexanizmlərinin lazım olduğunu deyirlər.
İndi Ali Məhkəmənin bu məsələyə necə qiymət verəcəyini görmək lazımdır.