You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İlham Əliyev: "Danışıqlar faktiki olaraq getmir"
Qarabağ məsələsinə münasibət bildirən Azərbaycan prezidenti Ermənistanla danışıqların hazırkı vəziyyətinə mənfi qiymət verdiyini deyib.
Şənbə günü Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra üç televiziya kanalına müsahibə verən İlham Əliyev deyib ki, "danışıqlar faktiki olaraq getmir".
"Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır," - Azərbaycan prezidenti bildirib.
Ermənistanın əvvəlki hakimiyyətini tənqid edən İlham Əliyevin sözlərinə görə, iki il əvvəl hakimiyyət başına gələn yeni qüvvələrin "çox ümidverici" bəyanatları və "qeyri-rəsmi kanallarla" verilən müsbət siqnalları ümidlər yaratsa da, hazırkı vəziyyətdə atılan addımlar "danışıqları mənasız edir".
"Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır," - İlham Əliyevin sözləri rəsmi Azertag agentliyində iqtibas olunur.
1988-ci ildə Dağlıq Qarabağa görə qaldırılan ərazi iddiaları ilə bağlı münaqişələr 1991-ci ildə Azərbaycan-Ermənistan arasında müharibəyə çevrilib. Tərəflər arasında 1994-cü il mayın 12-də atəşkəs imzalanıb və münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-də Minsk qrupu yaradılıb. Hazırda bu qrupa ABŞ, Rusiya və Fransanın nümayəndələri həmsədrlik edirlər.
Bu il iyulun 12-dən 16-na kimi Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində şiddətli döyüşlər baş verib və Azərbaycan bir mülki şəxsini və biri general olmaqla, 10-dan çox hərbçisini, Ermənistan isə 5 hərbçisini itirib.
Tərəflər atəşkəsi pozmağa görə, bir-birlərini ittiham edirlər.
BBC News Azərbaycancanın icmalında digər xəbərlər: Bakıda yanğın söndürülüb, Qarabağ klubunun rəqibləri gələn həftə müəyyən olunacaq və TikTok-a qadağa - bu və digər xəbərlər
Bakıda yanğın söndürülüb
Bakının Nərimanov rayonunda baş verən yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir.
Rəsmi məlumata görə, yanan məişət və təkər tullantıları olub.
Hadisə 150 kv. metr sahəni əhatə edən boş ərazidə baş verib.
"Yanğın saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb," - FHN saytındakı açıqlamada deyilir.
Qarabağın rəqibləri gələn həftə müəyyən olunacaq
Avropa Liqasının pley-off mərhələsində Qarabağ futbol klubunun potensial rəqibləri sentyabrın 24-də müəyyən olunacaq.
Belə ki, Ağdamı təmsil edən idmançılar "Legia" (Polşa) - "Drita" (Kosovo) matçının qalibi ilə qarşılaşacaqlar.
Varşavada keçirilən oyun yerli vaxtla saat 19-30-da başlayacaq.
Qurban Qurbanovun yetirmələri indiyədək 3 oyunda iki qələbə qazanıblar, daha bir oyun məğlubiyyətlə başa çatıb.
ABŞ TikTok və WeChat-a qadağa qoyur
Prezident Donald Trump son anda qərarını dəyişməsə, TikTok və WeChat tətbiqlərinə ABŞ proqram əlavələri mağazalarında qadağa qoyulacaq.
ABŞ Ticarət Nazirliyi Çin mənşəli sosial şəbəkə və video internet xidmətlərinə qarşı tətbiq edilən qadağanın bütün yükləmələrə şamil ediləcəyini bildirir.
ABŞ hökuməti TikTok və WeChat istifadəçilərinə aid məlumatların Çinə ötürülə biləcəyindən narahatdır. Çin və hər iki şirkət belə iddiaları rədd edib.
Qadağa bazar günü qüvvəyə minir, lakin TikTok-un 12 noyabra kimi istifadəsinin mümkün olacağı xəbər verilir.