XİN Konsulluq idarəsinin rəisi Faiq Bağırov həbs edildi

Daha bir XİN vəzifəlisi həbs olunub, Böyük Şordan təkrar yayılan "pis iyə səbəb təmizlik işləri və külək ola bilər", FHN deyir ki, Bakıda yerləşən Böyük Şordan 14 ton çirkab maddə çıxarılıb. "Notre Dame kilsəsinin qülləsi 19-cu əsrdə olduğu kimi, qotik üslubda bərpa ediləcək. Karantin dövründə plastik əməliyyatların sayı artıb. - Bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Daha bir XİN vəzifəlisi həbs olunub

Xarici İşlər Nazirliyinin daha bir neçə vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Məlumatda bildirilir ki, Faiq Bağırov Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycana dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi ilə bağlı rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Faiq Bağırov Azərbaycan və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi üçün əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasında şübhəli bilinir.

İyulun 3-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat apardıqdan sonra 3 vəzifəli şəxsi həbs etmişdi.

Bu zaman Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə", Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə "rüşvət alma faktlarına" görə həbs edilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi şərh verməyib.

"Böyük Şordan yenə pis iy yayılıb"

Cümə günü Bakıda yerləşən Böyük Şor ətrafında yaşayan şəxslər BBC News Azərbaycancaya "göldən pis iyin yenə gəldiyini bildirblər".

Onlar deyiblər ki, "cümə axşamı günü yayılan pis iy bu gün bir qədər səngisə də gəlməkdə davam edir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BBC News Azərbaycancaya bildirib ki, "iyin hiss olunması təmizliklə bağlı ola bilər."

"Hazırda göldə təmizləmə işləri aparılır. İyin hiss olunması onunla bağlı ola bilər. İki gündür də külək əsir. Külək qoxunu ətrafa yayır".

Böyük Şor gölündə cümə axşamı günü görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb, Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verib.

Qurum bildirib ki, göldə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb.

"Verilmiş tapşırığa əsasən, nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib. Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir," - FHN bildirir.

"Karantin dövründə plastik əməliyyatların sayı artıb"

Dünyanın bir sıra kosmetik cərrahiyyə ilə məşğul olan klinikaları kosmetik əməliyyatların sayında artım olduğunu bildiriblər. Klinikalar bunu koronavirus pandemiyası vaxtı şəxslərin maska ​​arxasında gizlənə və ya evdən işləyə bilmələri ilə izah ediblər.

Pandemiya dünyada bir çox biznesi bağlasa da, bir sıra plastik cərrahiyyə klinikaları Covid-19 testləri aparmaq və gigiyenik prosedurlara ciddi şəkildə əməl etmək hesabına fəaliyyətlərini davam etdiriblər.

ABŞ, Yaponiya, Cənubi Koreya və Avstraliyadakı klinikalarda dodaq doldurucusu, botoks, üz dərisinin gərilməsi və burun əməliyyatları da daxil olmaqla müraciət edən xəstə sayında artım müşahidə edilib.

Los-Ancelesdə dodağını doldurtmuş və yanağından yağ götürtmüş Aaron Hernandez "Karantin zamanı bu prosedurları həyata keçirməyə qərar verdim" deyib.

"Dodaq düzəltdirmək bütün kişilərin edə biləcəyi hərəkət deyil, bəzi insanlar buna başqa cür baxa bilərdilər. Buna görə də evdə qalmağı və tam sağalmağı üstün tutdum və cəmiyyət içinə çıxdığım vaxt isə heç kim üzümlə bağlı prosedurlar apardığımı bilmədi."

Hernandez deyib ki, sonuncu dəfə karantindən əvvəl eyni proseduru etdikdə, o, iş üçün ictimaiyyət arasına çıxmalı olub və həmin vaxt onun dodaqları "həddindən artıq şişmiş və göyərmiş" olub.

Notre Dame kilsəsinin qülləsi əvvəlki görkəminə qayıdacaq

Ötən aprel ayında bir yanğında dağılmış Notre Dame kilsəsinin qülləsi orijinal qotik üsluba uyğun bərpa ediləcək.

Fransa Prezidenti Emmanuel Macron qüllənin müasir üslubda yenidən qurulacağı ilə bağlı fərziyyələrə son qoyan qərarı açıqlayıb.

Cənab Makron əvvəllər "müasir bir görüntü" tərəfdarı olduğunu bildirmişdi.

O, bərpa işlərinin Parisin Olimpiadaya ev sahibliyi etməli olduğu vaxta qədər, yəni, 2024-cü ilə qədər tamamlanmasını istədiyini də deyib.

Elysée sarayı cənab Makronun əsas narahatlığının "yenidənqurmanı gecikdirməmək və çətinləşdirməmək" olub və o, "bu məsələnin tez bir zamanda həll edilməli" olduğunu söyləyib.

Saraydan, həmçinin bildirilib ki, memarlar üçün beynəlxalq müsabiqə olan müasir məkan dizaynı prosesi lazımsız gecikmələrə səbəb ola bilər.

"Prezident mütəxəssislərə etibar edir və qülləni yenidən olduğu kimi qurmağı planlaşdıran baş memarın təqdim etdiyi layihənin əsas məqamlarını təsdiqləyib," - Elysee-dən bildirilib.

2019-cu ilin aprel ayında kilsənin 13-cü əsrə aid damında aparılan bərpa işləri zaman yanğın baş verməsi həyəcan yaratmış və dünyanın hər yerindən ianələrin göndərilməsinə səbəb olmuşdu.