Koronavirus tapılmış Ukraynanın birinci xanımı ikitərəfli sətəlcəm olub, Pakistanı valeh edən Türkiyə serialı, Şimali Koreya Cənubi Koreyanı sərhədə qoşun yeridəcəyi ilə hədələyir?

Ukrayna Prezidentinin xanımı xəstəxanaya yerləşdirilib, onda ikitərəfli sətəlcəm aşkarlanıb, Pakistanı valeh etmiş Türkiyə serialı, Şimali Koreya Cənubi Koreyanı sərhədə qoşun yeridəcəyi ilə hədələyir? - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında

Ukrayna Prezident Aparatından verilən məlumata görə, bir müddət öncə koronavirus diaqnozu qoyulmuş Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya ikitərəfli sətəlcəmlə Kiyevdə xəstəxanaya yerləşdirilib.

"İndi Yelena Zelenskayanın diaqnozu Covid-19-dur. Onun vəziyyəti orta ağırdır. Əlavə oksigenə ehtiyacı yoxdur. Vəziyyəti stabildir," - qurumdan bildiriblər.

Ötən həftə Ukrayna Prezidentinin xanımının koronavirus nəticəsi müsbət olub.

Cütlüyün uşaqlarında koronavirus infeksiyası diaqnozu aşkarlanmayıb. Bazar ertəsi günü onlar təkrar testlərdən keçiblər, testlərin nəticəsi mənfi olub.

Həyat yoldaşının xəstəliyi səbəbiylə Vladimir Zelensky xüsusi iş rejiminə keçib. Ukrayna Prezidentinin iştirakı ilə bütün görüşlər onlayn rejimdə keçirilir.

Bakı və bəzi bölgələrdə ev təcridi bu gün başa çatıb

Bu səhər Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində şənbədən bazara keçən gecə tətbiq olunmuş sərt ev təcridi rejimi başa çatıb.

İyunun 14-də saat 00:00-dan iyunun 15-i saat 06:00-dək qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

İnsanların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub.

Azərtac yazır ki, sərtləşdirilmiş xüsusi karantin rejimini pozanlar inzibati məsuliyyətə cəlb edilib.

Şimali Koreya silahsızlaşdırılmış sərhəd bölgəsinə ordu göndərməklə hədələyir

Şimali Koreya ordusu iki Koreyanı ayıran hərbçilərin olmadığı əraziyə girməyə hazır olduğunu bəyan edib.

Təhdid bir növ, şimala təbliğat materialı göndərən cənubdakı mühacir qruplarına cavabdır.

Həftə sonu Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jong orduya hazırlaşmağı əmr etdiyini söyləyib.

Artıq hərbçilər "cəbhə xəttini bir qalaya çevirməyə və hərbi sayıqlığı artırmağa" hazır olduğunu bildiriblər.

İki ölkə arasındakı gərginlik bir müddətdir şarlarla sərhədə göndərilən vərəqələr üzündən artmaqdadır.

Çərşənbə axşamı Cənubi Koreyanın Müdafiə Nazirliyi ABŞ-ın Şimaldakı hərbi fəaliyyətini yaxından izləmək üçün işlədiyini söyləyərək yenilənmiş təhdidlərə cavab verib.

Şimali və Cənubi Koreya 1950-ci illərdə Koreya Müharibəsindən bəri iki ölkəni bir-birindən ayıran sərhədsiz bir tampon adlanan silahsız bölgə (DMZ) ilə ayrılır.

Çərşənbə axşamı Şimali Koreya hərbi qüvvələri "ordunun silahsızlaşdırılan bölgələrə keçməsi üçün" bir hərəkət planını "öyrəndiyini" bildirib.

Baş Qərargah "yüksək hazırlıqda" olduğunu və hökumətin istənilən qərarını "sürətlə və hərtərəfli" yerinə yetirməyə hazır olduğunu bəyan edib.

Bu arada,Ş Şimali Koreya Kaesong şəhərində Cənubi Koreya ilə birgə ofisini partladıb.

Bu, Şimali Koreyanın sərhəd bölgəsindəki hərbi hərəkət təhdidlərini yenilədikdən bir neçə saat sonra baş verib.

Şimali Koreya ərazisindəki ofis 2018-ci ildə iki Koreya dövlətinin ünsiyyət qurmasına kömək üçün açılmışdı.

Yanvar ayından etibarən ofis Covid-19 məhdudiyyətlərinə görə boş idi.

"Diriliş Ertuğrul" - Pakistanı valeh etmiş Türkiyə serialı

Məşhur türk tarixi televiziya dramı Dirilis Ertuğrul Pakistanda dövlət yayımçısının aprel ayında dublyaj edilmiş versiyasını yayımlamağa başlamasından bəri bu ölkədə fərqli fikirlərə səbəb olub.

Bəziləri bunun yerli mədəniyyətə təhdid olduğunu hiss edir və zorakılığı təbliğ etdiyini düşünür, bəziləri isə müsəlman qəhrəmanlarını tərifləmək üçün dəstəkləyir.

Ancaq serialı şərh edən təkcə məşhurlar və analitiklər deyil - ölkə siyasətçiləri də debatda fəal iştirak edirlər.

Bu, Pakistanda məşhurlaşmış ilk türk dramı deyil. Ancaq Ertoğrulun fərqi - tez-tez müsəlmanların taxt oyunu olaraq izah edilməsi, şəxsi və siyasi düşüncələrə görə birbaşa Baş nazir İmran Xan tərəfindən təbliğ edilməsidir.

Cənab Xan ehtimal ki, bu xarici serialın Pakistanda dalğalar yaratmasının əsas səbəblərindən biridir.

O, serialı yalnız tövsiyə etməyib, həm də bu serialla Pakistanın İslam sivilizasiyasının əhəmiyyətini anlamağa kömək edəcəyini söyləyib.

Bu sözlərindən bəri Urdu dilində Ertoğrul Qazi (döyüşçü) olaraq yayımlanan serial Pakistanda izləyici rekordları qırır.

Tənqidçilər hesab edir ki, cənab Xanın serialı dəstəkləməsinin səbəbi onun İslam dəyərlərini təbliğ etməsi ilə İmran Xanın Pakistanı ideal bir İslam cəmiyyəti kimi qurmaq məqsədinə uyğundur.

Baş nazir vəzifəsini icra etdiyindən bəri cənab Xan "Mən Mədinədə Məhəmməd Peyğəmbər tərəfindən yaradılmış ilk müsəlman cəmiyyətinə uyğun bir Pakistan yaratmaq istəyirəm" deyib.

Azərbaycan neftinin qiymətində cüzi artım

"Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 40,37 dollara çatıb, Azərtac agentliyi xəbər verir.

Aprel ayında dünya bazarlarında neftə tələbatın azalması ardınca Azərbaycan neftinin qiyməti 15,81 dollara enmişdi.

OPEC üzvü və qeyri-üzv ölkələr qlobal neft qiymətlərinin tənzimlənməsi üçün hasilatı tədricən azaltmağa razılaşıblar.

Azərbaycan neftinin maksimum qiyməti 2008-ci ildə qeydə alınıb, o vaxt bir barrel 149,66 dollara satılıb.

Şənbədən bazar gününə keçən gecə təcrid rejimi başlayır

Şənbədən bazar gününə keçən gecə (14 iyun saat 00:00-dan) 4 iri şəhərdə və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında ev təcridi rejimi başlayır.

Təcrid zamanı vətəndaşlar evlərini yalnız sağlamlığına təhlükə yaranarsa, təcili yardım vasitəsilə, yaxınları vəfat edərsə, dəfnə polisin icazəsi ilə tərk edə biləcək.

Sərtləşdirilmiş karantin rejimi 16 iyun 06:00-dək davam edəcək.

Formula1 2020: Azərbaycanda yarışlar ləğv olundu

Koronavirus pandemiyası səbəbindən Yaponiya, Sinqapur və Azərbaycanda Formula 1 yarışları ləğv olunub.

Təşkilatçılara əsasən, pandemiya ilə bağlı qeyri-müəyyənlik şəraitində 2020-ci il üçün nəzərdə tutulan idman tədbirini keçirmək mümkün olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bildirir ki, qərar Azərbaycan hökuməti, Formula 1 Dünya Çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən “birgə qəbul olunub”.

Məlumata əsasən, builki yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı gələn ilki yarış mövsümünə ötürülür.

Yarışlar üçün biletlər qaytarıla bilər, əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq, BŞH şirkətinin rəsmi saytında deyilir.

Livanda milli valyutanın dəyərdən düşməsi ilə bağlı etirazlar davam edir

Livanda pul vahidinin kəskin dəyərdən düşməsinə görə, artıq ikinci gündür ki, kütləvi çıxışlar davam edir.

Son 8 ayda dəyərinin 70 faizini itirən Livan funtu tarixi rekord vurub. Hökumət vəziyyəti sabitləşdirmək üçün Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlara ümidlidir.

Ancaq mümkün yardım iqtisadi islahatları nəzərdə tutur ki, Livanın qütbləşmiş siyasi mühitində sərt müqavimətlə üzləşə bilər. Cümə günü etirazçılar bəzi yolları bağlayıb, maşınlara od vurulur.

"Bu gün dollar 7000 funta çatdı. Ərzaq, kirayə və bu kimi şeylərin xərclərini ödəyə bilmirik. Dolların məzənnəsi enənə qədər və bütün tələblərimiz yerinə yetirilməyincə burada qalacağıq," - etirazçılardan biri Reuters agentliyinə deyib.

Milli valyutanın ucuzlaşması ölkəni son onilliklərin ən dərin iqtisadi böhranı ilə üz-üzə qoyub. Pandemiya vaxtı öz əmanətlərinə güvənən bir çox vətəndaşın ehtiyatları dəyərdən düşüb.

Etirazlar dalğası ötən il başlayıb və karantinlə bağlı fasilədən sonra yenidən qızışmaqdadır. Şimaldakı Tripoli şəhərində, asayişin bərpası üçün yeridilmiş hərbçilər daşa tutulub.

Bir çoxları deyir ki, əhval-ruhiyyə 1975-ci ildə, Livanın vətəndaş müharibəsinə qərq olmasından əvvəlki dövrü xatırladır.

ABŞ Konqresində Rusiyanı "terrorizmin sponsoru" olaraq tanımağa səsləyirlər. Bu nə qədər realdır?

ABŞ Konqresindəki Respublikaçı millət vəkillərini birləşdirən ən iri qrup - Respublika Tədqiqat Komitəsi (RSS) Moskvaya qarşı daha sərt sanksiyalara çağırır. 435 yerlik Konqresdə 147 nəfərlə təmsil olunan RSS-in mövqeyi parlament və Ağ Evə təqdim olunan 120 səhifəlik sənəddə əks olunur.

Sənəddə deyilir ki, Rusiya dünyanın müxtəlif ölkələrində, o cümlədən Suriya, Liviya və Venesuelada ABŞ-a ziyan vurmağa çalışır. Müəlliflər həmçinin Abxaziya, Cənubi Osetiya və Ukraynanın şərqində Rusiyanın müdaxiləsini və Krımın ilhaqını xatırladırlar. Bundan əlavə, Britaniyadakı “siyasi qətllər” vaxtı kimyəvi silahın istifadəsi və ABŞ-dakı seçkilərə müdaxilə iddiaları qeyd olunur.

ABŞ-dakı Stony Brook Universitetinin professoru fikrincə, pandemiya, seçkilər və kütləvi etirazlara görə, ilin sonunadək təşəbbüsün müzakirəsini gözləmək lazım deyil.

“Ancaq mən onun əhəmiyyətini azaltmazdım, bunu demək kifayətdir ki, istisnasız olaraq, Rusiyaya qarşı sanksiyaların hamısı partiyalararası çoxluq tərəfindən qəbul edilib - onlara həm Respublikaçılar, həm də Demokratlar səs veriblər", - Jonathan Sanders deyir.

Rusiyada respublikaçıların təşəbbüsünü beynəlxalq hüquq baxımından qanunsuz adlandırırlar.

“İki ayağı üzərində gəzən” timsahın izləri aşkar olunub

Dəvəquşu kimi “iki ayağı üzərində” gəzə bilən qədim timsahın qalıqları alimləri heyrətə gətirib.

110-120 milyon il əvvəl yaşayan heyvanın 18-24 sm uzunluğunda ayaq izləri Cənubi Koreyada aşkar olunub.

Daşlanmış qədim palçıq layında mükəmməl qorunan izlər beynəlxalq paleontoloqlar qrupu tərəfindən təhlil olunub. Onların rəyinə görə, qədim heyvan dəvəquşu kimi iki arxa ayağında gəzirmiş.

Alimlərin dediyinə görə, dinozavrlar ayaqların ucunda gəzirsə, qalıqları tapılan heyvan, insanlarda olduğu kimi, dərin daban izlərini qoyub.

Çox güman ki, yalnız ayaq izlərinə əsaslanan alimlərin qənaəti mübahisələr doğuracaq.