Dünyada aclıqla üzləşən insanların sayı artacaq, Türkiyə 41 əyalətin rəhbərini dəyişib

Şəklin mənbəyi, Getty Images
Hazırda 820 milyondan çox insan ac qalır. Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres deyib.
Çərşənbə axşamı günü Qida təhlükəsizliyinə dair analitik icmalla bağlı müraciətində BMT baş katibi bildirib ki, "dünyadakı ərzaq sistemləri yaxşı işləmir" və "Covid-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırıb".
Cənab Guterres, həmçinin hazırda "beş yaşa qədər, təxminən 144 milyon uşağın böyümədə gecikdiyini" də vurğulayıb, - "bu, dünyadakı uşaqların beşdə birindən çoxdur," - o, müraciətində deyib.
Guterres bildirib ki, "təcili tədbirlər görülməsə, qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür".
"Bu isə yüz milyonlarla uşaq və böyüklərə uzunmüddətli təsir göstərə bilər. Bu il COVID-19 böhranı səbəbindən daha 49 milyon insan ifrat yoxsulluq vəziyyətinə düşə bilər. Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq. Ümumi Daxili Məhsulun bir faiz düşməsi böyümədə gecikən uşaqların sayının 0,7 milyon artması deməkdir.
Hətta ərzağın bol olduğu ölkələrdə belə ərzaq təchizatı zəncirində fasilələrin yaranma riskini görürük. Pandemiyaya qarşı mübarizə səylərimizin ən pis təsirlərinin qarşısını almaq üçün indi hərəkət etməliyik", BMT baş katibi bəyan edib.
Antonio Guterres hazırda dünyada "7.8 milyard təşkil edən dünya əhalisini təmin etmək üçün kifayət qədər ərzağın olduğunu," lakin "hətta ərzağın bol olduğu ölkələrdə belə ərzaq təchizatı zəncirində fasilələrin yaranma riskinin görüldüyünü" vurğulayıb.
O, dünya ölkələrini "aclıqa son qoymaq üçün sağlam və doydurucu qidaların daha əlçatan olmasını təmin etməyə" çağırıb və "ərzaq sistemlərinin ətraf mühitlə əlaqəsini elə tarazlaşdıraq ki, onlar təbiətə və iqlimə daha yaxşı təsir göstərsinlər" deyib.
Bir müddət əvvəl Dünya Bankının idarə heyətinin sədri David Malpass da dünyada 60 milyon adamın yoxsulluqla üz-üzə olduğunu demişdi.
Dünya Bankının idarə heyətinin sədri bunun "son üç ildə yoxsulluğun azaldılması ilə bağlı bütün irəliləyişlərin silinməsi" olduğunu vurğulamışdı.
George Floydun dəfnində "irqi ədalətliliyə" çağırış olub

Şəklin mənbəyi, Getty Images
ABŞ-dan olan afroamerikalı George Floyd çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının Texas əyalətinin Hyuston şəhəri yaxınlığında Houston Memorial Bağlarında anasının yanında dəfn edilib.
George Floydun dəfnində çıxış edənlər, əsasən, "irqi ədalətə" çağırış edib, qanunların dəyişdirilməsini tələb ediblər.
Mayın 25-də Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrlar internetdə yayıldıqdan sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb. Buna baxmayaraq, ABŞ-ın bir çox ştatında iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.
Türkiyədə 41 əyalətin qubernatoru dəyişdirilib

Türkiyədə Prezidentin qərarı ilə 41 vilayətin qubernatoru dəyişdirilib.
Qərarla Muğla valisi Esengül Civelek Prezidentin Baş Müşaviri təyin edilib. Bunun yerinə Kastamonu valisi Yaşar Karadeniz təyin edilib.
Adana, Diyarbakır, Sakarya, Ağrı, Konya, İzmir və Kocaeli kimi böyük şəhərlərin qubernatorları yeri dəyişdirilənlər arasındadır.
Yeri dəyişdirilən qubernatorlardan 17-si Dövlət Qulluğu Müfəttişi vəzifəsinə təyin edilərkən, qalanları digər əyalətlərə təyin edilib.
Qasım Süleymaninin yeri barədə ABŞ-a “məlumat ötürən” şəxsə ölüm cəzası kəsilib

Şəklin mənbəyi, Getty İmages
İranın İnqilab Keşikçiləri (İİKK) Korpusunun elit Qüds Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin yeri haqqında ABŞ və İsrail xüsusi xidmət orqanlarına “məlumat ötürən” İran vətəndaşı tezliklə edam ediləcək, İran ədliyyə sisteminin nümayəndəsi deyib.
Qulamhüseyn İsmailiyə əsasən, Mahmud Musəvi-Məcid İran kəşfiyyatı tərəfindən müəyyən edilərək yaxalanıb.
Ali Məhkəmə hökmü təsdiqləyib və o, qısa müddətdə icra olunmalıdır, xəbərdə deyilir.
Qasım Süleymani İranın ən nüfuzlu hərbçilərindən olub. O, yanvar aynın əvvəlində İraqda ABŞ qüvvələrinin həyata keçirdiyi hücumda öldürülüb.
Koronavirus hələ ötən yay-payız aylarında ortaya çıxıb?

Şəklin mənbəyi, AFP
Yeni növ koronavirus nə vaxt ortaya çıxdı? Bu suala hələ də dəqiq cavab vermək mümkün deyil.
Lakin Harvard Universitetinin son araşdırmasına əsasən, ilk hadisələr hələ 2019-cu ilin yay-payız mövsümündə baş verə bilərdi. Xəstəliyin yayılmasını öyrənən alimlər peyk görüntüləri, xəstəxana məlumatı və simptomlarla bağlı axtarış sorğularını təhlil ediblər.
Peyk görüntüləri Uhan şəhərindəki beş xəstəxana yaxınlığında avqust sonundan etibarən dekabr ayına qədər avtomobil hərəkətinin artımını göstərir. Həmin vaxtlar "öskürək" və "ishal" kimi internet axtarışları da artıb.
Çin bildirib ki, "səthi" məlumatlara əsaslanan tədqiqat “gülüncdür". Pekin naməlum mənşəli pnevmoniya halları barədə ÜST-ə ötən ilin dekabr ayında məlumat verib.
Koronavirusu itlər müəyyən edəcək?
Narkotik və ya partlayıcı maddələrin axtarışına kömək edən dördayaqlı polis detektivləri koronavirus hadisələrinin aşkarlanmasında da istifadə oluna bilər, Fransada keçirilən sınaqların nəticələrinə əsasən alimlər bildirir.
Təlim olunan xidmət itləri artıq bir neçə ildir ki, bağırsaq xərçənginin müəyyən edilməsinə cəlb olunur. Lakin indi məlum olub ki, Covid-19-a yoluxanların özünəməxsus qoxusu sağlam olanların qoxusundan fərqlənir və itlər bu fərqi seçməyə qadirdir.
Fransanın 3 şəhərində keçirilən elmi sınaqlar vaxtı itlərə 2-6 arası tər nümunəsi verilib ki, onlardan yalnız biri Covid-19 xəstəsinə məxsus olub. Araşdırmada 18 it iştirak edib, indi onlardan 8-nə aid yekunlar açıqlanıb.
İlkin nəticələrə əsasən, itlərin yarısı fərqi tamamilə düzgün müəyyən edə bilib. Qalan hissəsinin “diaqnoz dəqiqliyi 83-94" faiz təşkil edir.

Şəklin mənbəyi, Getty İmages
Britaniyada iki aydır ki, kömür istifadə edilmir
Britaniyada elektrik enerjisinin istehsalı üçün, demək olar ki, iki aydır ki, kömürdən istifadə olunmur. Sonuncu dəfə kömür 9 apreldə yandırılıb.
Ötən il Britaniya energetikası 18 gün ərzində kömür istifadə etməmişdi.
On il əvvəl Britaniyada elektrik istehsalının təxminən 40 faizi kömürün payına düşürdü. Hazırda şəbəkəyə verilən elektrik enerjisinin 37 faizi bərpa olunan mənbələrdən alınır.
Qaz yanacağından alınan enerji 35 faiz təşkil edir.
BP-də iş yerləri ixtisar olunur
Koronavirus böhranı ilə bağlı neftə tələbatın azalmasından sonra BP 10 min iş yerinin ixtisar olunacağını bildirib.
Neft nəhəngi pandemiyanın pik dövründə müvafiq planları təxirə saldı. Lakin bazar ertəsi işçi qüvvəsinin təxminən 15 faizinin şirkətdən ayrılacağı bildirilib.
BP, Britaniyada neçə iş yerinin kəsiləcəyini deməyib, ancaq bu rəqəmin 2000-ə yaxın olacağı güman edilir.
Azərbaycanda ixtisarlar barədə məlumat verilməyib.
BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı rəsmi saytındakı məlumata əsasən, şirkətdə 2510 Azərbaycan vətəndaşı işləyir, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
"Neftçi" Futbol Akademiyasının məşqçiləri ilə əməkdaşlıq başa çatıb
"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb, Neftçi PFK-nın internet saytında deyilir.
Məlumata əsasən, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədovla əməkdaşlığa son qoyulub.
İyunun 9-da yayılan məlumatda məçqçilərə minnətdarlıq bildirir. “Mütəxəssislərə xidmətlərinə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”.






