Nəsli tükənən heyvan: Necə xlamidiya koalaların ən böyük düşməninə çevrilib

Ötən iki onillik ərzində koalaların sayı kəskin şəkildə azalıb. Və bunun əsas səbəbi cinsi yolla keçən infeksiya - xlamidiyadır.

Avstraliya Koala Fondunun hesablamalarına əsasən, vəhşi təbiətdə 43 min koala qalıb.

Halbuki avropalılar 18-ci əsrdə qitəyə yerləşərkən bu rəqəm 10 milyon təşkil edirmiş.

Avstraliyanın ikinci ən böyük ştatı Queensland-ın rəsmiləri bildirirlər ki, bu kisəli heyvanların 40 faizi yer üzündən silinib.

Bir neçə QHT bu heyvanı nəsli kəsilməkdə olan növ kimi qeydə alsa da, Avstraliya hökumətinə görə, rəsmi statusu "həssas" heyvandır.

İnfeksiya dərəcələri

"Avstraliya boyunca koalaların təxminən yarısı infeksiyaya yoluxub," Melbourne-da yerləşən Burnet İnstitutundan infeksion xəstəliklər üzrə professor David Wilson deyir.

"Qapalı sürülərdə isə əksəriyyəti, bəzən 80 faizə qədəri yoluxmuş ola bilir."

Xlamidiya koalaların sayının azalmasında digər təhlükələr sayılan yaşayış yerlərinin məhv edilməsi, ev itlərinin hücumu, kol yanğınları və yol qəzaları qədər ciddi bir qorxuya çevrilib.

Koala xlamidiyası insanınkından fərqlənir və iki növ arasında yoluxma mümkün deyil.

Nəsildən-nəslə ötürülmə

İnsanlardan fərqli olaraq, kisəlilərdə xlamidiya təkcə cinsi yolla keçmir.

Misal üçün, analar kisələrindəki balanı da bədən mayesi vasitəsilə yoluxdura bilərlər.

Bu maye isə yeni dünyaya gələn bala üçün qida mənbəyidir.

İmmunoloqlar inanırlar ki, koalalar 18-ci əsrdə Avropa müstəmləkəçiliyi nəticəsində qitəyə gətirilən mal-qara və qoyunlardan keçən bakteriyanın mutasiyaya uğramış formasını daşıyırlar.

İnsanlarda xəstəliyi sterilizə etmək mümkündür, lakin koalalarda daha çox fəsada səbəb ol bilər. Buraya kəskin sidik infeksiyaları, bədxassəli şişlər və korluq daxildir.

"Vəziyyət çox kritikdir: böyük sayda koalalar əziyyət çəkir, çoxlu koalalar artıq nəsil artırmaq qabiliyyətində deyil. Balalamağa yararlı olan və ya subklinik xlamidiyaya tutulan koalaların sayını bilmirik," Queensland-də yerləşən heyvan hospitalının rəhbəri Michael Pyne aprelin sonunda Avstraliya mediasına bildirib.

Zərərçəkən heyvanlar

Pyne-yə görə, ötən bir neçə il ərzində hospitala gətirilən koalaların sayı artıb: təkcə 2017-ci il üçün 461 heyvan.

"Mən bu hospitalda 18 ildir ki işləyirəm. Əgər 10 il əvvələ nəzər salsaq, 28 koala qəbul edirdik," baytar deyib.

Queensland Universiteti tərəfindən aparılan və ötən il dərc olunan bir araşdırma göstərib ki, 1997 və 2013-cü illər arasında müalicə olunan 20.250 koaladan ən az 52 faizində xlamidiya simptomları müşahidə olunub.

Və bu, xəstəxanaya qəbulda ikinci ən ümumi səbəblərdən biridir.

Digəri isə maşınlar ucbatından yaranan travmadır (15.5 faiz). Zooloqlar bu travmanı da xəstəliyin "görünməz əks-təsiri" kimi qiymətləndirirlər.

Koalalar evkalipt ağacının yarpaqları ilə qidalanırlar.

Lakin yoluxmuş heyvanlar ağaca dırmana bilməyəcək qədər zəifləyir və yerdə daha həssas olurlar.

İnsanlarda xlamidiya müalicə olunan bir xəstəlikdir. Amma bu kisəlilərin müalicəsində ən böyük çətinlik vəhşi təbiət qoynunda xəstəliyin ilkin mərhələsini aşkar etməkdir.

Zəhər yoxsa dərman

Antibiotiklərlə müalicə yalnız xəstəliyin ilkin mərhələsində mümkün olsa belə risklidir.

Dərman kisəlilərin bağırsaq bakteriyaları müxtəlifliliyinin balansını poza bilər ki, bu da onların evkalipt yarpaqlarını həzm etməsi qabiliyyətini zəiflədər.

Peyvənd üçün hazırda araşdırma aparılmasına rəğmən, bəzi alimlər koalalar arasında xlamidiyanın qarşısını almaq üçün daha radikal metodlara inanırlar.

Burnet İnstitutundan professor David Wilson inanır ki, koalaları qorumağın ən yaxşı yolu, ən pis halda olan heyvanları evtanaziya yolu ilə öldürməkdir.

"Tutulan kəskin yoluxmuş koalalar humanistik səbəblərdən öldürülür, çünki antibiotiklərin heç bir təsiri olmur. Daha çox koalanın evtanaziya olunması saylarının artmasın kömək ola bilər," Wilson BBC-yə deyib.

Onun məntiqi bir kompüter modelinə əsaslanır. Belə ki, müxtəlif ərazilərdə koala sayının hər il 10 faiz azaldılması yolu ilə paradoksal olsa da, uzun müddətə artımı təmin etmək olar.

Səs-küy faktoru

"Peyvənd əldə olunana qədər təəssüf ki, evtanaziya ən yaxşı çıxış yolu kimi görünür," Wilson əlavə edib.

Heç təəccüblü deyil ki, onun arqumenti mübahisələrə səbəb olub.

Avstraliya Koala Fondu iddia edir ki, canlıların qorunması üçün daha effektiv siyasət mövcuddur.

"Koalalar arasında xlamidiya uzun müddətdir ki var və fəsadlar özünü büruzə vermədikcə onlar bu vəziyyətdə rahat yaşaya bilirlər.

Eynən insanlar kimi koalalar da infeksiyaya zəif olarkən yoluxurlar.

Əgər yeməyin yoxdursa, ağacların qırılırsa və maşın və ya itlər tərəfindən öldürülmə riskin varsa, döyüşdə uduzub, xəstəliyə yoluxa bilərsən," QHT ilə işləyən ekoloq Douglas Kerlin Britaniya qəzeti The Guardian-a deyib.

"Bir müdaxiləyə ehtiyac varsa, o da canlıların qorunmasıdır. Xlamidiyaya köklənmək ən asan cavab olduğu halda canlıları qorumaq ən çətinidir. Mən xəstə heyvanları toplamağa qarşı deyiləm, amma təhlükədə olan növlərin öldürülməsinə qarşı səbirli ola bilmərəm."

Wilson isə BBC-yə bildirib ki, xəstə heyvanların toplanması sınağı artıq aparılıb.

"Biz bu üsulun təxmin edilən kimi işlədiyinə inanırıq. Amma səs-küy yaratmamaq naminə bu barədə az danışmağı üstün tuturuq. Nəticəyə varmadan diqqəti bu üsullara cəlb etməyə ehtiyac olmadığını düşünürük."

Xəstə heyvanların toplanıb tələf edilməsi heç də yeni bir hal deyil: 2015-ci ildə Victoria ştatı 700 koalanın evtanaziya edildiyi barədə xəbər yaymışdı.

Amma o zaman problem xlamidiya deyildi. Qəribə səslənsə də, baytarlar saylarının artması ilə əlaqədar koalaların aclıq çəkdiyini müəyyənləşdirmişdilər.

Alimlər peyvənd cəbhəsində irəliləyiblər.

Queensland-də yerləşən Sunshine Coast Universitetindən bir qrup alim 2017-ci ildə elan edib ki, xlamidiyaya qarşı mübarizədə bir inyeksiya yeridilməsi ilə aparılan sınaqlar "yaxşı nəticələr" göstərib.

Peter Timms-in rəhbərlik etdiyi qrupa əsasən, sınaqlar Moreton körfəzi ərazisindən götürülən 15 sağlam və altısı xlamidiyanın erkən mərhələsində olan 21 heyvan üzərində aparılıb.

İnsan ümidləri

Altı aydan sonra, yaşadığı mühitdə xəstəliyin yayğın olmasına baxmayaraq, sağlam cinslərin heç birində xəstəlik yaranmayıb və altı yoluxmuş kisəlidə infeksiya təmizlənib.

Timms və həmkarları axtarışlarının yalnız heyvan qorunması cəhdində yardımçı olmadığına inanırlar.

Peyvəndin yaranmasında kömək edən immunoloq Kenneth Beagley peyvəndin gələn beş il ərzində sınaqdan keçiriləcəyi insanlar üçün versiyası üzərində işləyir.

"Xlamidiyadan birdəfəlik qurtulmaq mümkün deyil - necə ki, qripdən can qurtarmaq olmur - lakin peyvəndin heç olmasa koalalara kömək olacağını düşünürük ki, sayları azalmaq əvəzinə artsın," o, New Scientist jurnalına deyib.

New South Wales ştatının başçısı Gladys Berejiklian da yeni strategiya elan edib.

34 milyon dollarlıq yatırıma koalalar üçün qorunma ərazisi və tədqiqat proqramı daxildir.

"Koalalar milli sərvətdir.

Bu strategiya onların vəhşi təbiətdəki sayının artması üçün vasitə olacaq", xanım Berejiklian bəyanatında bildirib.