You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Sergey Lavrov Qarabağ tənzimləməsi barədə: Həddən artıq nikbinlik izhar etməzdim
Rusiya xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsi imkanına dair xüsusi nikbinlik hiss etmir. Bu barədə Sergey Lavrov Yerevanda Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşdən sonra mətbuat konfransında danışıb.
O, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün komponentlərin mövcud olduğunu, vahid paketə toplandığı və danışıqlar masasında olduğunu bildirib.
Lakin bu komponentlərdən "biri ya ikisini götürüb, onların əsasında" razılığa gəlmək çətindir.
Danışıqların komponentləri
"Mən artıq qeyd etmişəm ki, problemin həlli komponentləri bir sıra sənədlərdə əksini tapıb. 2007, 2009, 2011-ci illərdən ATƏT baş katibinə təqdim edilib və beləliklə həmsədrlərin təklifi kimi təsbit ediliblər, - deyib Lavrov.
"Onlardan biri ya ikisini ayırıb, onun əsasında razılığa gəlmək çox çətindir, çünki tarazlayan komponentlər aradan düşür və belə olan halda hamımızın ümid etdiyi nəticə alınmayacaq".
Rusiyanın xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin son Cenevrə görüşlərinin nəticələri barədə müsbət rəy bildirdiklərini qeyd edərək, bu pozitiv münasibətin tənzimlənmə istiqamətində irəliləmək üçün imkan yaratmaq baxımından vacib hesab etdiyini bildirib.
Sergey Lavrovun sözlərinə görə, Moskva Washington və Parislə birlikdə "nə yerdə olduğumuzu" təhlil edər.
"Tənzimləməyə nail olmaq üçün şərait yaratmaq üçün daha fəal səy göstərməyə çalışarıq. Lakin mən həddən artıq nikbinlik izhar etməzdim", - o deyib.
Ermənistan XİN mətbuat xidmətinin məlumatına görə, Yerevana ikigünlük səfəri zamanı Sergey Lavrov Ermənistanın siyasi rəhbərliyilə Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivlərini müzakirə edəcək.
"Danışıqlar gündəliyinə ikitərəfli əməkdaşlıq, Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB xətti ilə xarici siyasi əlaqələr, BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq çərçivəsində və başqa beynəlxalq təsisatlarda mövqelərin əlaqələndirilməsi məsələləri daxildir", - Sergey Lavrovun Ermənistana səfəri ilə əlaqədar Rusiya XİN-in məlumatında deyilir.