"Çox yaxşı velosipeddir": İlham Əliyev İsmayıllıda

İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da "İsma Bikes" velosiped istehsalı zavodunun açılışında iştirak edib.

İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub, AzərTac agentliyi xəbər verir.

İlham Əliyev zavodun açılışı münasibətilə işçiləri təbrik edib.

"Çox şadam ki, İsmayıllıda belə gözəl müəssisə açılır, istifadəyə verilir", o deyib. "Özüm də bu müəssisənin məhsulunu sınamışam. Görürəm ki, çox yaxşı velosipeddir. Əminəm ki, Azərbaycan vətəndaşları bunu qiymətləndirəcəklər".