Bakının sahibsiz itləri
B.A.R.S. Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyi 2012-ci ildə yaranıb. Onların iki sığınacağı var. Biri sahibsiz itlər, digəri isə pişiklər üçündür.
Birliyin sahibsiz itlər üçün sığınacağı Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşir. Hazırda sığınacaqda 75 it var.
Bu yaxınlarda sığınacaqda olan 15 it xarici dövlətlərdə özünə ev tapa bilib.
Əsasən Böyük Britaniya, Amerika və Kanadaya göndərilən heyvanlar 1 həftədən gec olmayaraq yeni ailələr tərəfindən himayəyə götürülüb.
Avstraliyalı könüllü Elisa deyir ki, Bakı küçələrindəki itlər çox gözəl görünüşə malikdirlər. Bu səbəbdən onları himayəyə götürmək istəyənlər çoxdur.
Sığınacağın əsas problemi maliyyə çatışmazlığıdır. Burada könüllü işləyən Zalina, hər gün sahibsiz heyvanların xilas olunması üçün onlara müraciətlərin olduğunu deyir.
Amma birlik çox heyvan saxlamaq iqtidarında deyil.
Müxbirimizin Bakıdan İngiltərəyə gətirilmiş sahibsiz itlərlə bağlı hazırladığı video reportajı gələn həftə izləyə bilərsiz.
Bakıdakı sahibsiz heyvanlar sığınacağından reportajı müxbirimiz Günel Səfərova hazırlayıb.
