Polis "Ləzgi məscidinə gedənləri" saxlayır

BBC Azərbaycancaya İçərişəhərdə polisin dindarların məscidə getməsinə müdaxilə etməsini iddia edən məlumatlar daxil olub.

Müxbirimizin əldə etdiyi görüntülərdə cümə günü polisin yoldan keçənlərə yaxınlaşaraq onları sorğu-sual etdiyi görünür.

Videoda polisin yoldan keçənləri saxladığı görünən ərazidə Cümə və "Ləzgi məscidi" kimi tanınan Aşurbəy məscidləri yanaşı yerləşir.

Məlumatlarda iddia olunur ki, polis Aşurbəy məscidinə gedənləri saxlayaraq onları Cümə məscidinə getməyə yönləndirir.

Bakı Şəhər Baş Polis İdarəsi polisin Aşurbəy məscidinə gedən vətəndaşları saxladığını təsdiq edib, amma bunu "sakinlərin şikayətinə görə" etdiyini bildirib.

“Ora namaza gedənlər küçədə və hətta meydanda namaz qılmağa çalışır, bununla da yolu kəsirlər, bu da sakinlərin şikayətinə səbəb olur. Polis də onlara xəbərdarlıq edib ki, içəridə namaz qılsınlar”, - BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov BBC Azərbaycancaya bildirib.

Küçədə namaz qılmaq məcburiyyətinin olduğunu təsdiqləyən Aşurbəy məscidinin imamı Faiq Mustafa əlavə edib ki, artıq bu məsələ İçərişəhər Qoruq İdarəsi və Səbayel rayon icra hakimiyyəti ilə birgə həll edilib.

"Bir həftə əvvələ kimi məscid balaca olduğundan və camaatın sayının həddindən artıq çoxluğundan məcbur qalırdılar küçədə namaz qılmağa. Polis də küçədə namaz qılmağın qarşısını almaq üçün yolu kordonlarla kəsirdi".

Lakin imam Faiq Mustafa məsələnin "qadağa qoyaraq namaza buraxmamaqla" həllinə inanmır.

"Sünni məscidləri azdır. Strukturlar mənə deyirdilər ki, camaata icazə verməyin, həddindən artıq gəlməsinlər. Bunu deyənlər anlamır ki, Cüməyə gələn adamların sayını mən təyin eləmirəm. Yas və toy deyil ki, biləsən ki, neçə adam gələcək".

Faiq Mustafa əlavə edir ki, "hələlik" qərara gəlinib ki, məscid və həyəti dolandan sonra polis kordonla axının qarşısını ala bilər.

Videogörüntülərdə həmçinin "mülki polisin" ərazidə gəzdiyi və çəkiliş aparanlara yaxınlaşdığı görünür.

Azərbaycanda azlıq təşkil edən dini qrupların, xüsusilə də özlərini sələfi adlandıran qrup üzvlərinin təzyiqlərə məruz qalmasına dair halların artmasına dair məlumatlarda var.

Ötən həftə Sabirabadda bir nəfərin uzun saqqalının zorakılıqla başqaları tərəfindən qırxıldığını göstərən video yayılsa da, sonradan saytlardan çıxarılıb.

DİN bu hadisəni qeyri-ənənəvi təriqətin təbliğatı ilə məşğul olan şəxsin ətrafdakıların qəzəbinə gəlməsilə izah edib və hadisəni araşdırdığını deyib.