Qələbə Günü paradında "yoxa çıxan" erməni bayrağı

Mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş Moskva şəhərində keçirilən hərbi paradda iştirak edən digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 70 nəfər hərbi qulluqçusu da iştirak edib.

Amma bir çoxunun diqqəti, Azərbaycanla Ermənistan Silahlı Qüvvələrinin bir-birinin ardınca paradda iştirak etməsi olub.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında Moskvanın Qırmızı meydanında keçirilmiş paraddan çəkilmiş fotoşəkil, belə görünür ki, şəklin orjinalından ciddi şəkildə fərqlənir.

Beləki fotonun orjinalında Azərbaycan əsgərlərinin daşıdığı Azərbaycan bayrağı ilə Belarusun bayrağı arasında bir də Ermənistan bayrağı var.

Nazirliyin saytındakı eyni fotoda isə Ermənistan bayrağı yoxa çıxıb.

Bu fərq barədə nazirliyin özündən məlumat almaq cəhdlərimiz uğurla nəticələnmədi.

Tanınmış hərbi ekspert, jurnalist Üzeyir Cəfərov isə BBC Azərbaycancaya bildirib ki, fotonun montaj edildiyinə heç bir şübhə yoxdur.

“Şəkil fotoşop rejimində işlənib. Özü də görünür, çox zəhmət çəkilməli olub. Diqqət versəniz görərsiniz ki, nazirliyin saytındakı fotoda hətta arxa plandakı tarixi binaya “memarlıq” düzəlişləri etmək lazım gəlib” – deyir Üzeyir Cəfərov.

"Gözlənilməz" ardıcıllıq

Belə bir "əməliyyata" nə ehtiyac olduğu barədə suala isə ekspert belə cabav verib:

“Nazirliyin özündəki mənbələrdən belə bəlli olur ki, Azərbaycan və erməni əsgərlərinin paradda dalbadal keçəcəkləri Azərbaycan tərəfi üçün gözlənilməz olub. Ermənistan və Azərbaycan hərbi birləşmələri Qırmızı meydanda məşqləri başqa-başqa hissələrdə edirmişlər. Lakin bütün hallarda bu, fotoya əl gəzdirilməsinə və onun saxtalaşdırılmasına haqq qazandımır. Axı bu dərhal bilinəcəkdi, bu fotoları təkcə nazirlik dərc etmirdi axı..."

"Əsgərlərimiz o cür böyük bir təntənə ilə paraddan keçdilər. Əllərində İsrail silahları, əyinlərində isə NATO standartlarına uyğun formalar... Bunların hamısını bir fotoya görə yerə vurmağa dəyməzdi, məncə" – deyib ekspert.

Sosial mediada reaksiya

Sosial mediada həm Azərbaycanla Ermənistan silahlı qüvvələrinin bir-birinin ardınca paradda iştirak etməsi, həm də fotonun "dəyişməsi" geniş şərh olunub.

The Guardian qəzetinin Moskvadakı müxbiri Shaun Walker ‏(@shaunwalker7) öz Twitter hesabında paraddan fotonu paylaşaraq yazıb: "Burada Ermənistan və Azərbaycan əsgərləri bir-birinin ardınca Qızıl Meydanda addımlayır. Zənnimcə bu, tez-tez baş vermir".

"Bizim ordumuz düşmənlə bir paradda o zaman gedə bilər ki, biz torpaqlarımızı geri alaq!" - Ruslan Asad Facebook-da yazıb. "Nə qədərki bu baş verməyib ordumuzu düşmənlə, özü də, Rusiyada - düşmənin müttəfiqi olan ölkədə bir paradda görmək çox məyusedici faktdır!!!"

Vugar Salamli adlı istifadəçinin fikrincə "Əsgərimizi belə alçaltmamalı idik. Düşmən ölkənin dəstəsi ilə bir paradda, bir cərgədə addımlamaq... Ürəklərindən ne keçdiklərini təsəvvür belə edə bilmirəm. Çox təəssüf..."

Amma həmin paylaşmanın altında Fidan Juventina Mamedova adlı istifadəçi yazıb: "Bu parad[ın] indiki vəziyyətə heç bir əlaqəsi yoxdur. Onlar bu paradda minlərlə azərbaycanlı qəhrəmanlarımızın xatirəsinə iştirak etdilər və düz də etdilər".