Madriddə "Azərbaycan" nə deməkdir?

Artıq ikinci mövsümdür ki, Madrid şəhərinin Atletico futbol klubu Azərbaycanı reklam edir.

"Land of fire Azerbaijan" ("Azərbaycan Odlar Yurdu") yazısı klubun oyunçularının formalarını, komandanın evi olan Vicente Calderon stadionunun içindəki reklam lövhələrini bəzəyir. Məhz bu yazı ilə Atletico İspaniya çempionu oldu, UEFA Çempionlar Liqasında isə finala yüksəldi.

Azərbaycanda bu məsələyə ikili münasibət var. Bununla qürur duyanlar az deyil. Əgər bu vaxta qədər ölkədə İspaniyanın iki klubunun, Barcelona və Real Madridin azarkeşləri vardısa, artıq Atletico azarkeşləri də peyda olub. Onlar bu komandaya, Azərbaycan yazısı ilə oynadıqları üçün simpatiya bəslədiklərini də gizlətmirlər.

Eyni zamanda, böyük pulların bu reklam aksiyasına xərclənməsini tənqid edənlər də kifayət qədərdir. Bəzi məlumatlarda bu məbləğin mövsüm üçün 12-16 milyon avro arasında olduğu bildirilir. Bəs görəsən bu xərclənən pul, edilən reklam effektli alınırmı? Yəni bu gün Madriddə Azərbaycanı tanıyırlarmı?

İspaniya paytaxtının sakinləri "Azərbaycan sözü sizə nə deyir? Azərbaycan haqqında nə bilirsiz?" sualına cavab veriblər.

Materialı BBC Azərbaycanca üçün Teymur Əliyev hazırlayıb.