Dünyanın ən kədərli heyvanı ilə tanış olun

Argentina zooparkında yaşayan və “dünyanın ən kədərli heyvanı” adını qazanmış Arturo ləqəbli ağ ayı çoxsaylı çağırışlara baxmayaraq daha sərin iqlimli zooparka keçirilməyəcək.

Bu qərara Mendoza şəhərindəki zoopark rəhbərliyi gəlib.

28 yaşlı ayının dişi yoldaşı iki il əvvəl xərcəng xəstəliyindən ölüb.

O vaxtdan bəri Arturoda depressiya əlamətlərinin nəzərə çarpdığını deyən heyvan haqları müdafiəçiləri ayının yaşama keyfiyyətini yaxşılaşdırmaq üçün onu havaların isti keçdiyi Mendoza şəhərindən Kanadadakı Vinnipeq zooparkına köçürməyi tələb edirlər.

Bu məqsədlə internetdə aparılan kampaniya yarım milyondan artıq adamın dəstəyini qazanıb. Lakin geniş dəstəyə rəğmən zoopark ayının Mendozada qalması qərarından dönməyib.

"Fevral ayında keçirilən tibbi komissiya ayının qaldığı məkana yaxşı adaptasiya olunduğunu və zoopark heyətilə çox yaxşı əlaqəyə malik olduğunu müəyyən edib. Heyvanda heç bir xəstəlik əlamətləri nəzərə çarpmır. Lakin biz ona həyat keyfiyyətinin yaxşılaşdırılması və sümüklərinin möhkəmlənməsi üçün vitaminlər veririk”.

Bu arada Vinnipeq zooparkı ayıya baxımı yaxşılaşdırmaqla bağlı mümkün tövsiyyə vermək üçün Argentinaya müətəxəssis yollamağa hazır olduğunu bildirib.