Ailəyə dövlətdən yardım məqsədilə verilmiş “qarnıbalalı” inək nə boğazdır, nə də süd verir
- Müəllif, Günel Səfərova, Cəmilə İbrahimova
- Vəzifə, BBC Azərbaycanca
Video açılmasa, buradan izləyin.
Quliyevlər ailəsi özünüməşğulluq proqramına müraciət edəndə güzəranın yaxşılaşacağı güman ediblər. Amma hər şey əksinə olub.
Ailə deyir ki, sağmal adı ilə verilən, Maral və Ceyran deyə çağırdıqları iki inək nəinki boğaz olub, heç cütləşməyib də.
İndi ailə üstəlik bu inəkləri öz hesablarına yedizdirib onların doğmasını gözləməlidirlər ki, südünü satsınlar.
Özünüməşğulluq proqramı prezident İlham Əliyevin 2016-cı ildə verdiyi "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, "hər bir proqram iştirakçısına mal-qara verilərkən onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır və 2-3 aydan sonra edilən narazılıq obyektiv qəbul oluna bilməz".
"Onlar verilən mal-qaradan məmnun qaldıqları halda aktı imzalayaraq mal-qaranı qəbul edirlər. Şəffaflığın, nəzarətin təmin edilməsi üçün həmin prosesin videoçəkilişi də aparılır. Əks halda, həmin mal-qara yeniləri ilə əvəz olunur", - nazirliyin cavabında deyilir.
Qurumdan bildirilib ki, indiyədək proqram çərçivəsində 30 minədək mal-qara verilib, onlardan yalnız 119 baş heyvanın iştirakçılarda narazılıq yaratdığı müəyyən olunub və onlar da yeniləri ilə əvəz olunub.






