Covid-19 onillər boyu həyatımıza təsir edəcək?

Bəzi virusların immun sistemimizə təsiri Parkinson xəstəliyi riskini artırır

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bəzi virusların immun sistemimizə təsiri Parkinson xəstəliyi riskini artırır
    • Müəllif, David Cox
    • Vəzifə, BBC Future

Pandemiyadan sağ çıxmaq artıq heç bir problemin qalmaması demək deyil. Bəzi virusların orqanizmə təsiri qalıcı ola bilir və bu, çox sayda ağır xəstəliyin yaranmasına gətirib çıxarır.

1960-cı illərdə araşdırma aparan epidemioloqlar 1918-ci ildə yayılmış "İspan qripi"ndən qurtulanların səhhətində qeyri-adi tendensiya aşkar etmişdilər. Məlum olmuşdu ki, 1888-1924-cü illər aralığında doğulanlar, yəni pandemiya zamanı körpə və ya gənc olanlar üçün Parkinson xəstəliyinə tutulma ehtimalı sonrakı illərdə doğulanlarla müqayisədə iki-üç dəfə çox olub.

Bu, təəccüb doğuran nəticəydi. Doğrudur, qrip infeksiyalarının mümkün nevroloji nəticələri həkimlər tərəfindən əsrlər boyu sənədləşdirilib (məsələn, 1385-ci ilə aid tibbi hesabatlar var), amma "İspan qripi"nin dünya üzrə 500 milyona yaxın insana yoluxması o demək idi ki, həkimlər xəstəlik risklərinin artmasıyla epidemiya arasında əlaqələri öyrənə biliblər.

Son illərdə Parkinson xəstəliyi riskinin artması QİÇS epidemiyasından, yapon ensefalitindən; Qərbi Nil, Koksaki, Qərbi at və Epşteyn-Barr viruslarından sonra sağ qalanlarda da müşahidə olunub. Bunun niyə baş verdiyini anlamağa çalışan nevroloqlar hesab edirlər ki, bu virusların hər biri beyinə daxil olmaq və hərəkətin koordinasiyasını idarə edən bazal qanqliya kimi incə strukturları zədələmək qabiliyyətinə malikdir. Nəticədə Parkinson xəstəliyinə səbəb ola biləcək degenerasiya prosesi başlayır.

Hazırda elm adamları indiki pandemiyanın yaxın onilliklərdə bu xəstəliyin artmasına səbəb olub-olmayacağını araşdırırlar.

"Hələ bilmirik, amma bunun baş verə biləcəyini nəzərə almalıyıq. "Covid"-dən sağalmış insanlarda qoxu və dad itkisi, çaşqınlıq, depressiya və narahatlıq da daxil olmaqla, mərkəzi sinir sisteminin uzunmüddətli pozuntuları olduğunu aşkar edən bir neçə araşdırma var. Statistika narahatlıq doğurur" - Michigan ştatının Van Andel İnstitutunun əməkdaşı, Parkinson tədqiqatçısı Patrik Brundin belə deyir.

Sars-CoV-2 beyin toxumasına daxil ola bilsə də, onun neyrodegenerativ xəstəliklər törədib-törətməyəcəyi sualı açıq qalır. Koronaviruslara, adətən, "vur və qaç" virusları deyilir, çünki onlar bəzi hallarda ölümcül olsalar da, kifayət qədər qısamüddətli xəstəliklərə səbəb olurlar. Amma Epstein-Barr virusu kimi, DNT virusları da bədəndə həmişəlik qala bilirlər və əsasən xroniki xəstəliklərlə əlaqəli olurlar.

1918-ci il qripinin pandemiyası 40 il sonra da dünya əhalisinin sağlamlığına təsir edib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 1918-ci il qripinin pandemiyası 40 il sonra da dünya əhalisinin sağlamlığına təsir edib

Ancaq daha əvvəl müşahidə edilmiş bəzi əlamətlər göstərir ki, koronavirusların əhatə dairəsi təsəvvür etdiyimizdən daha geniş ola bilər. Məsələn, 1990-cı illərdə kanadalı nevroloq Stanley Fahn, Parkinson xəstəliyi olan pasiyentlərin onurğa-beyin mayesində soyuqdəyməyə səbəb olan, koronaviruslara qarşı anticisimlərin aşkar edildiyi bir araşdırma dərc edib.

Keçən il Brundin kimi alimlər həkimlərin kəskin parkinsonizm (Covid-19-a yoluxandan sonra əmələ gələn titrəmə, əzələ sərtliyi və nitq pozuqluğu kimi anomaliyalar) adlandırdıqları simtopların müşahidə edildiyi xəstələrlə bağlı bir qrup araşdırmadan narahat olmuşdular. Əlavə tədqiqatlar göstərdi ki, Covid-19-a yoluxmuş bəzi xəstələrdə - orqanizmdəki kinurenin yolu kimi tanınan ən vacib sistemlərdən birində pozuntular müşahidə olunur. Beyindən bağırsaqlara keçən bu yolda beynin sağlamlığını təmin edən bir sıra vacib amin turşuları istehsal edilir. Ancaq həmin prosesdə pozuntular baş verdikdə, bu, Parkinson xəstəliyinin inkişafında rol oynadığı düşünülən toksinlərin yığılmasına səbəb ola bilər.

Bəzi nevroloqlarsa bildirirlər ki, Covid-19 və Parkinson xəstəliyi arasında hər hansı bağlantı qurmaq tezdir.

Toronto Universitetinin professoru Alfonso Fasano deyir ki, kəskin parkinsonizm halları sadəcə bu xəsətliyin ilkin mərhələsində müşahidə oluna bilərdi, Covid-19-a yoluxmanın stresi isə bu simptomları sürətləndirə və ya aşkara çıxara bilər:

"Hələ ki biz çox da informativ olmayan az sayda faktdan danışırıq. Postensefalitik parkinsonizm adlandırdığımız şey həqiqətən də virus infeksiyasından sonra yarana bilər, amma bütün pandemiyalar eyni deyil. "İspan qripi" tamamilə başqa virusdan törəmişdi".

Amma bir çoxları hesab edirlər ki, daha əvvəl Covid-19-a yoluxmuş insanlarda Parkinson xəsətliyinə bənzəyən siptomların hamısı müşahidə altında saxlanmalıdır - yaxın gələcəkdə pasiyentlərin sayında tədrici artımın olub-olmadığını aşkar edə bilmək üçün.

Amma başqa xəstəliklərlə bağlı narahatlıqlar da var. Bütün dünyada mütəxəssislər öyrənməyə çalışırlar ki, Sars-2-CoV-2 virusunun səbəb olduğu immun sistemi pozuntusuyla əlaqəli digər xəstəliklər də Covid-19 ucbatından gizli şəkildə çoxala bilərmi? Bu baş verərsə, ictimai sağlamlıq üçün ciddi nəticələr törədə bilər. Eyni zamanda, həmin xəstəlikləri ilkin mərhələdə aşkar etməyə və hətta yeni müalicə üsulları və vaksinlər tapmağa təkan verər.

Virusa qarşı tədbirlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bəzi viruslar nadir nevroloji xəstəlik olan Guillain-Barre sindromuyla əlaqəli olub. Onlardan biri, ola bilsin ki, 2015-ci ildə xəstəliyin artmasına səbəb olmuş "Zika" virusudur

Diabet dilemması

2020-ci ilin yazında London Kral Kollecinin metabolik və bariatrik cərrahı Franchesco Rubino Covid-19 xəstələrində yüksək səviyyədə qan şəkəri aşkar edilməsiylə bağlı daha çox xəbər eşitməyə başlayıb, baxmayaraq ki, onların xəsətılik tarixçəsində diabet haqqında heç bir məlumat yox idi.

Həkimlər həmçinin müşahidə ediblər ki, diabet xəstələri Covid-19-a qarşı daha müdafiəsizdirlər.

Rubino öyrənmək istəyib ki, bu qəribə əlaqə mədəaltı vəzə - insulin istehsal edən beta hüceyrələrə, yəni qandakı şəkər molekullarının həzminə kömək edən hormonlara malik bu mürəkkəb orqana təsir edir, ya yox?

O, həmin xəstələri izləmək üçün CovidDiab reyestri adlı qlobal məlumat bazası yaradıb. Həkimlər son bir il ərzində 700 nəfəri müşahidə ediblər və ümid var ki, onların məlumatları alimləri uzun müddətdir maraqlandıran problemi, yəni virusların 1-ci tip diabet yaradıb-yaratmadığını öyrənməyə kömək edə bilər.

Daha əvvəl 1-ci tip diabetlə (adətən, uşaqlıq və ya yeniyetməlik dövründə mədəaltı vəzin insulin istehsal edə bilməməsi nəticəsində yaranan xroniki xəstəlik) Koksaki B, məxmərək, sitomeqalovirus və epidemik parotit kimi müxtəlif viruslar arasında əlaqə müşahidə olunumuşdu.

Alimlər şübhələnirlər ki, bu viruslar ya ağciyərdən uçaraq, ya da bağırsaqlardan qan damarlarına sızaraq mədəaltı vəzi yoluxdura bilər. 2015-ci ildə Oslo Diabeti Tədqiqat Mərkəzinin araşdırmaçıları 1-ci tip diabet diaqnozu yeni qoyulmuş xəstələrin mədəaltı vəz toxumasının biopsiyalarından götürülən beta hüceyrələrdə davamlı və aşağı dərəcəli viral infeksiya aşkar ediblər, amma konkret dəlillər əldə etmək üçün belə halların sayı çox az olub.

Hesab edilir ki, bəzi viruslar Parkinson xəstəliyinə tutulma riskini artıran immun reaksiyasına səbəb olur

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hesab edilir ki, bəzi viruslar Parkinson xəstəliyinə tutulma riskini artıran immun reaksiyasına səbəb olur

"Əvvəllər diabetin yeni hallarıyla əlaqəli epidemiyalar olurdu. Ancaq bu əlaqə bir neçə tibbi hesabata əsaslanırdı. Ona görə də ümid edirik ki, bir neçə yüz nəfəri müayinə etməklə, bizə daha çox informasiya verəcək əlaqə görə bilərik", - Rubino belə deyir.

Covid-19 pandemiyası başlayandan bəri 1-ci tip diabet hallarında dəfələrlə anormal artım müşahidə olunub. 2020-ci ilin yayına qədər Londonun şimal-qərbindəki xəstəxanalara artıq əvvəlkindən iki dəfə çox xəstə qəbul edildiyi bildirilib.

Bu ilin əvvəlində Nature jurnalında dərc olunmuş məqalədə isə qeyd olunub ki, ABŞ-da Covid-19-a yoluxmamış insanlarla müqayisədə bu xəstəlikdən müalicə olunmuş şəxslərin altı ay ərzində diabetə tutulma ehtimalı təxminən 39% çoxdur.

Hazırda alimlər sübut etməyə çalışırlar ki, Covid-19 faktiki olaraq xəstəliyin artmasına səbəb olur. "Weill Cornell Medicine"-nin kök hüceyrə bioloqu Shuibing Chen deyir ki, virus beta hüceyrələrə hücum edə, mədəaltı vəzdə və digər orqanlarda iltihaba səbəb ola, qan şəkərinin səviyyəsinə nəzarət edən müxtəlif sistemlərə zərər vura bilir.

"Biz Covid-19 xəstələrindən götürülmüş nümunələrdə - mədəaltı vəzin beta hüceyrələrində viral antigenlər tapdıq. Bu, birbaşa infeksiyanın prosesdəki rolunu təsdiqləyir" - Chen belə deyir.

Amma bu məsələdə hamı onun qədər əmin deyil. Bəziləri qeyd edirlər ki, Covid-19-a yoluxandan sonra diabet olmuş pasientlərin mədəaltı vəzi xəstəxanadakı intensiv steroid müalicəsi nəticəsində zədələnə bilər. Ya da onlar, ola bilsin, artıq diabetin ilkin mərhələsində olublar və bunu Covid-19 üzə çıxarıb.

La-Jolla İmmunologiya İnstitutunun autoimmun xəstəliklər üzrə professoru Matthias von Herrath deyir ki, "Sars-CoV-2-nin beta hüceyrələrini təkcə yoluxdurması yox, həm də onları öldürməsi barədə məlumatlar var. Amma sonrakı hesabat bunu təkzib edir. Beləliklə, beta hüceyrələrin funksional itkisinə bunun konkret nə qədər və hansı səviyyədə təhlükəli olduğu hələ məlum deyil".

CovidDiab məlumat bazası sayəsində yaxın aylarda daha dəqiq nəticələr əldə olunacağı gözlənir.

"Bütün suallara cavab tapa biləcəyimizi düşünmürük, amma virusla əlaqəli diabetin ən böyük qrupunu təmsil edən bu 700 faktdan çox şey öyrənəcəyimizə ümid edirik. Bu faktların arxasında Covid-in olması nə dərəcədə inandırıcıdır? Birbaşa mexanizm varmı və əgər varsa, hansıdır?" - Rubino belə deyir.

Amma 1-ci tip diabet Covid-19-la əlaqəli yeganə autoimmun xəstəlik deyil. Keçən il ərzində bir sıra hesabatlarda qeyd olunub ki, Sars-CoV-2 infeksiyası immun sisteminin sinirlərə hücumu nəticəsində uyuşma, tarazlıq və koordinasiya problemləri, o cümlədən, zəiflik və ağrı, bəzən də ifliclə nəticələnən Guillain-Barré sindromu kimi digər autoimmun xəstəliklərlə əlaqəlidir.

Alimlər hesab edirlər ki, Covid-19 diaqnozuyla xəstəxanaya yerləşdirilən pasientlərdə bu fəsadların inkişafına daha çox rast gəlinir, çünki onların qanında immun sistemi tərəfindən istehsal edilən, orqanizmin öz toxumalarını hədəf alan və fəsadlara gətirib çıxaran autoanticisimlərin (zülalın bir formasının) olması ehtimalı daha yüksəkdir.

Birmingham Universitetinin alimlərindən ibarət konsorsium Covid-19-u ağır keçirmiş bir qrup insanı müşahidə edir - uzunmüddətli autoimmun problemlərinin onlardan hansında inkişaf edəcəyini öyrənmək üçün.

Sidney Universitetində autoimmun xəstəliklərini araşdıran Russell Dale deyir ki, "Biz gələcəyi təxmin edə bilmərik. Ancaq iltihablı və autoimmun problemlərə səbəb olan yoluxucu xəstəliklərlə bağlı bəzi presedentlər var".

Diaqnostika və vaksinlər

Alimlər 1-ci tip diabetdə beta hüceyrələrin məhvinin qarşısını almaq və xəstəliyi dayandırmaq üçün onlar Sars-CoV-2-yə yoluxandan sonra baş verənləri öyrənmək istəyirlər.

Chen deyir ki, "Virus infeksiyasıyla 1-ci tip diabet arasındakı əlaqəni anlamaq erkən diaqnozu və profilaktikanı asanlaşdıra bilər".

Koksaki B virusu 1-ci tip diabetin inkişafıyla əlaqəliydi və indi alimlər bilmək istəyirlər ki, Covid-19 da orqanizmdə bu xəstəliyə meyl yarada bilərmi

Oslodakı Diabeti Araşdırma Mərkəzinin pediatrik endokrinologiya və diabet üzrə məsləhətçisi Knut Dahl-Jorgensen BBC-yə bildirib ki, onun həmkarları təzəlikcə 1-ci tip diabet diaqnozu qoyulmuş uşaqlarda antiviral müalicənin mədəaltı vəzi qorumağa kömək edə biləcəyini öyrənmək üçün klinik sınaqlara başlayırlar.

Chen müxtəlif kimyəvi birləşmələrdən hansının beta hüceyrələri virus hücumuna qarşı daha davamlı edə biləcəyini öyrənməyi hədəfləyən bir layihəyə rəhbərlik edir. Artıq onlar Petri qabında Sars-CoV-2-yə yoluxdurulmuş beta hüceyrələrin insulin istehsal etmək qabiliyyətini qoruya bilən trans-ISRIB adlı xüsusi bir birləşmə müəyyən ediblər. Hələ ki tənzimləyicilər tərəfindən təsdiqlənməyən bu birləşmə insanlar üzərində sınaqdan keçirilməsə də, Chen onun gələcəkdə infeksiyalara qarşı profilaktik preparat kimi tətbiq olunacağına ümid edir.

"Covid-19" və müxtəlif autoimmun vəziyyətlər arasındakı sıx əlaqə əvvəllər bu xəstəliklərlə assosiasiya olunan digər viruslara qarşı qoruyucu vaksinlərin hazırlanmasını da asanlaşdıra bilər. Karolinsk İnstitutunun, Tampere və və Jyväskylä Universitetlərinin tədqiqatçıları Koksaki B-nin bütün 6 ştammından qoruyan və siçanlarda virusun yaratdığı 1-ci tip diabetin inkişafının qarşısını alan potensial peyvənd hazırlayıblar.

Kopenhagendəki Dövlət Zərdab İnstitutunun immunoloqu Gunnar Houen hesab edir ki, bu, revmatoid artrit və dağınıq skleroz, eləcə də bəzi xərçəng növləriylə əlaqəli olan Epşteyn-Barr virusuna qarşı peyvəndlərə sərmayə qoyuluşunun davamlılığına yardım edə bilər.

"Peyvəndlər kifayət qədər tez vurulsa, Epstein-Barra qarşı effektli ola bilər, çünki insanların çoxu bu virusa həyatlarının ilk bir-iki ilində yoluxurlar. O peyvəndlərin öz bazarı olacaq, çünki yan xəsətliklər Covid-19 qədər və ya daha çox zərər vurur", - Houen belə deyir.

Elm adamları ümid edirlər ki, gələcəkdə Covid-19-un həmin xəstəlikləri yaratmaq xüsusiyyəti haqqında daha çox məlumat verə biləcəklər.

"Bütün bu suallara sabah və ya yaxın bir neçə ay ərzində cavab verilməyəcək, amma növbəti il ərzində biz bu məlumatları araşdıraraq müəyyən sualların cavabını tapacağımıza, bəzi qanunauyğunluqları görməyə başlayacağımıza ümid edirik", - Rubino belə deyir.