İsveçdə qadınlar ev işlərini necə kişilərlə paylaşırlar?

Şəklin mənbəyi, Fairfax Media/Getty Images
- Müəllif, Maddy Savage
- Vəzifə, BBC
Qadınlar hələ də ev işlərinin böyük hissəsini yerinə yetirirlər. İsveçdə ev təmizlik işlərini görən yardımçıların vergidən azad olunması bu sahədə gender rollarıyla bağlı normalara necə təsir göstərə bilər?
Dörd il əvvəl Glenda Fors evdə yır-yığış işləri üçün xadimə tutandan sonra görüb ki, əri ilə arasında ev işlərini necə bölüşmək barədə mübahisələrin sayı azalıb.
"Mən bir səliqəsizlik görən kimi onu yığışdırmalıyam, ərim isə buna fikir verməyə bilir", - Stokholm cənubundakı Tyresö şəhərində yaşayan 39 yaşlı IT məsləhətçisi Glenda Fors deyir.
O deyir ki, əslində evdə əri ilə rolları "olduqca balanslı" bölünüb, buna baxmayaraq, təmizlik işlərinə gələndə işin çox hissəsi Glendanın üzərinə düşüb. Amma iki həftə ərzində beş saat ev işlərini görən təmizlikçini işlətməyə başlayandan sonra o, indi özünü "daha rahat" hiss edir.
Axşam tozsoranı işlətmək əvəzinə, sadəcə, "bir gündən sonra təmizlikçi gələcək" deyib bu məsələni unuda bilərəm". Bu arada isə, ər-arvad uşaqlarına daha çox vaxt sərf edə bilər.
Çoxsaylı tədqiqatlar göstərir ki, hətta dünyanın ən eqalitar ölkələrində qadınlar hələ də ödənişsiz ev işinin böyük hissəsini yerinə yetirirlər. İsveç Avropa İttifaqının gender bərabərliyi indeksi siyahısında ön sıradadır, qadınların təxminən 80%- i işlə təmin olunub, lakin qadınların 74%-i evdə iş görür və ya ən azı gündə bir saat yemək hazırlayırsa, kişilərdə bu göstərici 56%-dir. Avropa üzrə isə orta göstəricilər müvafiq olaraq 79% və 34% təşkil edir.
Glenda Fors üçün ev vəzifələrinin azaldılması vergilərin azaldılması siyasəti sayəsində mümkün olub, belə ki, hökümət təmizləmə, paltaryuma və ütüləmə kimi ev işləri üçün il ərzində 50000 kron ($5170) həcmində bütün hesabların yarısını ödəyir. Yerli xidmət provayderləri müştərilərin inzibati yükünü aradan qaldıraraq, haqq-hesabı qəbzlərin tutulması zamanı görürlər.

Şəklin mənbəyi, Nico Pavasovic
"Bu konsepsiya xoşuma gəlir, çünki bu, həmin xidmətləri daha ucuz edir", - Fors deyir. O, vergi güzəşti olmadan xadimənin qulluğundan istifadə edəcəyinə əmin olmadığını deyir. İsveçdə evlərdə təmizləmə işinin haqqı 250-400 kron ($26-$42) arasında dəyişir.
İsveç modeli
Ötən ay İsveçin Dövlət Nəzarət Ofisi 2007-ci ildə işə salındığı andan bu sxemin ilk geniş miqyaslı hesabatını açıqlayıb. Həmin hesabata əsasən, subsidiyadan istifadə edən ailələrdə həm kişilər, həm də qadınlar qazanclarının orta hesabla, subsidiyadan istifadə etməyənlərlə müqayisədə bir ailə üçün ildə 19000 kron ($2015) artdığını bildiriblər.
2014-cü ildə Stokholm Universiteti alimlərinin keçirdiyi araşdırmaya görə, tam iş günü işləyən və xadimənin yardımından istifadə edən qadınlar, qənaət etdikləri vaxtın orta hesabla 60%-ni öz ödənişli işlərinə həsr etdiklərini bildiriblər. Alimlərə görə, ev xidmətlərinin genişləndirilməsi İsveçdə əmək haqqının ödənilməsində gender fərqini minimuma endirməyə kömək edə bilər.
Bu nəticələr həmçinin ev təmizləmə işləri üçün subsidiyalar təklif edən daha bir Avropa ölkəsi olan Belçikada aparılmış araşdırmaları tamamlayır.
Antverpen Universitetindən və Yerusəlim (Qüds) Universitetindən olan alimlərin gəldikləri qənaətə görə, 2004-cü ildə ev işlərinə subsidiya sistemi yeridildiyi vaxtdan bəri qadınların məşğulluq səviyyəsi artıb və "yüksək ixtisaslı qadınların ev işlərini xadiməyə tapşırması həmin qadınların iş əmsalının dəyişməsini mümkün edən əsas mexanizmdir".
Qara bazarın daralması
Sağ-mərkəzçi hökumətin hakimiyyəti dövründə ilk dəfə tətbiq edilən İsveç vergi subsidiya sisteminin tərəfdarları iddia edirlər ki, bu sistem ata və ananın işlədiyi ailələrdə valideynlərə uşaqlarıyla daha çox vaxt keçirməyə imkan verməklə yanaşı, iş bazarında vakansiyaların sayını artırır və ev xidmətlərinin qara bazarını daraldır.
İsveç Xidmət Sektorunun İşəgötürənlər Təşkilatı Almega bu yaxınlarda bir hesabat buraxıb. Həmin hesabata əsasən, subsidiya proqramı sayəsində əvvəllər işsiz və ya rəsmi əmək bazarından kənarda olan insanlar üçün 13000-dən çox iş yeri yaradılıb. İsveçlilər qanunla icazə verilən təmizlik işçiləri üçün daha ucuz tariflə qulluqçu işlətmək imkanından həvəslə yararlanıblar.
Bu konsepsiyanın "uğrlu nəticə" verdiyini hesab edən qurum həmçinin gündəlik xidmətlər üçün verginin xaricində qalan işlərin "kəskin azaldığını" qeyd edib.
Təxminlərə görə, bu proqram ildə 500 milyon kron (£53 milyon dollar) həcmində vergi daxilolmalarının artmasını təmin edir. Əhalisi 10 milyondan bir qədər çox olan İscveçdə, 2009-cu ildə 113000 nəfər ilə müqayisədə 2018-ci ildə 966000 isveçli vergi endirimindən yararlanaraq bu xidmətdən istifadə ediblər.

Şəklin mənbəyi, ullstein bild/Getty Images
İsveç dövlət nəzarəti idarəsinin hesabatında bu proqramın həm də xarici əsilli işçilərə müsbət təsir göstərdiyi qənaətinə gəlinib. 2011-2017-ci illərdə ev işlərində vergi subsidiyası sxemi əsasında işləyənlər yaşayış müddəti, təhsil, gəlir tarixçəsi, gender, yaş və doğulduğu region üzrə oxşar göstəricilərə malik olan başqalarına nisbətən orta hesabla ayda 1300 kron ($136) daha çox qazanıblar.
İsveçdə şirkətlər üçün və ya özəl müştərilər üçün işləyən, qeydiyyatdan keçmiş təmizlik işçilərinin və digər ev işləri görən qullqçuların nağd pula işləyən həmkarlarından fərqli olaraq, güclü dövlət sosial sistemindən faydalanmaq imkanı var. Yəni onların geniş imtiyazlardan, dotasiya olunan səhiyyə sistemindən, 480 günlük ödənişli uşağa görə hər ata-ana cütünə verilən məzuniyyətdən, tələbə qrantlarından və dünyanın ən yaxşı dövlət pensiyasından istifadə etmək imkanı var.
"Mənə elə gəlir ki, mən ona, o isə mənə kömək edir", - Glenda Fors işlətdiyi xadimə haqqında deyir.
Mübahisəli konsepsiya
Lakin müştərilərə və təmizləyicilərə müsbət təsir göstərməsinə baxmayaraq, vergi deduksiyası sistemi milli debatların mövzusu olaraq qalır. Tənqidçilər iddia edirlər ki, müavinət bütün isveçlilər üçün nəzərdə tutulsa da, aşağı gəlirli ailələr və tək valideynlər arasında əhatə dairəsi son dərəcə məhdud olan bu sxemdən əsasən cəmiyyətin 10% yüksək qazancı olan təbəqəsi faydalanır.- "Əslində, bu, zəngin insanlar üçün sosializmdir... və tənbəllik göstəricisidir", - Stokholmdan mühəndis-texnoloq Niko Pavasovic deyir.
32 yaşlı Nico bu yaxınlarda sevgilisi ilə birlikdə yeni evə köçüb və deyir ki, evdə təmizləmə işləri indi "azacıq artıb". Onlar gələcəkdə təmizləmə işləri üçün kimisə cəlb etmək niyyətində deyillər, hətta maaşları artsa və ya uşaqları olsa belə.
"Ev işləri ailə həyatının bir hissəsidir", - Pavasovic deyir.
O, İsveçin qərbində doğulub, boya-başa çatıb, valideynlərinin hər ikisi tam iş günü olan işlərdə işləyiblər.
"Anam şənbə günü məni yuxudan oyadıb evin təmizlənməsinə kömək etməyimi istəyirdi.. sonra isə bizə fəsəli bişirirdi".
O, vergi ödəyicilərinin pulunun başqa məqsədlər üçün, o cümlədən, yaşlı insanlara yardım göstərilməsi daxil, daha səmərəli sərf edilə biləcəyini deyir.
Stokholmda təxminən 10 il ərzində çalışmış 34 yaşlı xadimə Solvita Gabriuna üçün, qeydiyyatdan keçmiş işçi olduğuna görə dövlət sosial təminat sistemi və pulsuz təhsildən istifadə etmək imkanı birmənalı olaraq mənfəətdir, lakin o, vergi subsidiyalarının onun işinə necə təsir göstərə biləcəyindən narahatdır.
"Bu, sizin seçiminizdir - evi təmizləmək, yoxsa yox ...bu işin haqqının başqa insanların vergiləri hesabına ödənməsiylə razı deyiləm. Hesab edirəm ki, bunun əvəzinə pulu başqa məqsədlər üçün istifadə etmək olar".
O hesab edir ki, onun müştərilərinin əksəriyyəti hökumətin subsidiyası olmadan da təmizləmə işlərini ödəməyə qadirdir.
Gender normalarının əbədiləşdirilməsi?
Digər tənqidçilər bu məsələnin gender dəyərlərinə potensial olaraq uyğun gələ biməyəcəyini qeyd edirlər.
Evlərin təmizlənməsi üçün işə götürülənlər, bir qayda olaraq, qadınlardır ki, bu da, bəzilərinin fikrincə, ənənəvi əmək bölgüsünün dərinləşməsinə kömək edir.
Digər müşahidəçilər hesab edirlər ki, ev işlərini ödənişli təmizlikçiyə gördürənləri tənqid etmək əvəzinə, ev işlərinin statusunun artırılmasına daha çox diqqət verilməlidir.
"Niyə kimisə təmizləmə işlərinə dəvət etmək pitsanı özü yox, başqasına sifariş verib bişirtməkdən daha az mənəvi sayılmalıdır", - John R. Bouman və Alison M. Cole Chicago Universitetində İsveç "qulluqçusu debatları" üçün yazdıqları məqalədə qeyd ediblər.
Stokholmda yaşayan 44 yaşlı dövlət qulluqçusu Anna Kojet Komheden bu fikirlə razılaşır. O, bir ildən çoxdur ki, evində təmizləmə işçisini çalışdırır.
"Bir iş növünü başqasından daha az əhəmiyyətli saymaq bir qədər qəribədir", - o deyir.
O, qeyd edir ki, daşınmaz əmlakın təmiri və ev sahiblərinin gördüyü təmir işləri üçün də İsveçdə uzun illərdir ki, vergi imtiyazı tətbiq olunur, amma bu məqsədlər üçün subsidiyaların aradan götürülməsi ətrafında müzakirələr nədənsə xeyli dərəcədə daha zəif aparılır.

Şəklin mənbəyi, Maddy Savage
Xərc özünü səmərəlidirmi?
Sözsüz ki, debatların ən əsas mövzusu bu siyasətin nə dərəcədə səmərəli olması məsələsidir: 2019-cu ildə İsveçdə bu proqram çərçivəsində 5,4 milyard kron ($570 milyon) xərclənib.
Subsidiyalaşdırma sxemi ilk dəfə başlayan zaman, bu sxemin tərəfdarları deyirdilər ki, görülən xərcləri artacaq vergi daxilolmaları hesabına örtmək mümkün olacaq.
Lakin İsveç xidmət sektoru üçün işəgötürənlər təşkilatının hesabatında hökumətin öz xərclərinin 90%-ni qaytardıı təxmin edilsə də, İsveç milli audit ofisinin bu yaxınlarda keçirdiyi tədqiqatın nəticələri bir qədər fərqli olub.
"Biz dəqiq rəqəmləri təqdim etmirik... amma bu sistem özünü maliyyələşdirmir", - layihənin rəhbəri Anna Brink hesabat barədə deyib.
O, həmçinin qeyd edib ki, bu siyasət Aİ-nin daha az zəngin ölkələrindən olan Polşa və Baltikyanı ölkələrdən əmək miqrasiyasını təşviq edir, amma sözügedən proqramın məqsədi heç də bu olmayıb.
"Əgər bu siyasətin məqsədi İsveç əmək bazarında insanların iş tapmasıdırsa, onda bu iş yerlərinin əmək miqrantlarına keçməsi, problem deməkdir."
İsveç hökumətinin tədqiqat nəticələrinə cavabını parlamentə rəsmi təqdim etməsinə dörd ay vaxtı var, lakin sol-mərkəzçi koalisiyanın bir neçə yüksək vəzifəli üzvü artıq bu xərclərlə bağlı narahatlıqlarını ifadə ediblər.
Maliyyə naziri Magdalena Andersson ötən ay ən böyük qəzetlərdən birində bu siyasətin müsbət nəticələrinin "ümid edildiyindən az olduğunu" yazıb və mümkün islahatlar imkanını öyrənməyin lazım olduğunu söyləyib.
Amma İsveç dövlət nəzarəti ofisindən Anna Brink deyib ki, hökumət bu proqramda hər hansı böyük dəyişiklər təklif etsə, o "çox təəccüblənər".
Belçika təcrübəsi onun proqnozunu təsdiqləyir. Burada vergi subsidiyaları vauçer sxemi vasitəsilə artıq 15 ildən çoxdur ki, tətbiq edilir və bu sxemdən 11,5 milyon əhalisi olan ölkədə bir milyondan artıq adam istifadə edir.
Antverpen Universitetinin professoru Ive Marx deyir ki,"bu sxem xüsusilə orta sinif arasında son dərəcə popuylar olub" və siyasətçilər bu sxemin ləğv edilməsi barədə "düşünməyə heç cəsarət də etmirlər."

Şəklin mənbəyi, Jeff Greenberg
Lakin o hesab edir ki, digər Avropa ölkələri özünəməxsus subsidiya sxemlərinin tətbiq edilməsi imkanını nəzərdən keçirsələr də, onların İsveç və Belçikanın yolunu təkrar etməsi ehtimalı cüzidir.
"Onlar belə qənaətə gədilər ki, bu cür sxemlərə pul xərcləmək heç də ən yaxşı qərar deyil".
Amma subsidiyaların tərəfdarları təkid edirlər ki, bu proqramın dəyəri yalnız maliyyə ilə məhdudlaşmır.
Anna Coyet Komheden deyir ki, evdə təmizlik işlərini görən qulluqçunu dəvət edənə qədər partnyoru ilə ev işlərini kimin görəcəyinə dair mübahisələri olub. O etiraf edib ki, ev işlərini görməyə o qədər də həvəsi olmayıb.
İndi isə onlar arasında ev işlərinin görülməsi ilə bağlı mübahisələr azalıb, cütlük isə uşaqlarına daha çox vaxt ayıra bilir - onları klublara apara bilir və ya gəzməyə çıxarır.
İş və şəxsi həyat arasında tarazlığı təşviq edən İsveç kimi bir ölkədə isə bu, güclü arqument olaraq qalır.







