Münhen: silahlı hücuma 1 il "hazırlaşıb"

Münhendə insanlara atəş açan yeniyetmə silahlı bu əməliyyata bir il müddətində hazırlaşıb, Almaniya polisi deyir.
18 yaşlı David Sonboly-nin cümə günü axşamı Olympia ticarət mərkəzində atəş hücumu nəticəsində 7 nəfər ölüb və 35 nəfər yaralanıb.
Daha sonra özünü də öldürmüş Münhen sakini 9mm Glock tapançası və 300 güllə ilə silahlanmışdı.
Bavariya Dövlət Cinayət Ofisi bildirib ki, gənc silahı qanunsuz yolla onlayn alıb.
Münhendə hələ də matəm davam edir.

Ofis mətbuat konfransında açıqlayıb ki, gənc hədəflərini xüsusi seçməyib və ölənlər onun sinif yoldaşları olmayıblar.
Bavariyanın cinayət üzrə polisi Robert Heimberger açıqlayıb ki, Sonboly 2009-cu ildə Winnenden şəhərində məktəbə hücum zamanı hadisə yerinə gedib və fotolar çəkib.
Cənab Heimberger əlavə edib ki, gəncin valideynləri baş verənlərdən sarsılıblar və müsahibə verməyiblər.
Polis güman edir ki, o Glock tapancasını "qara internet bazar"dan alıb.
Sonboly, həmçinin "atəşaçma" video oyunlarının həvəskarı olub.
O, 2015-ci ildə iki ay psixatrik xəstəxanada yatıb və daha sonra kənardan müalicə alıb.
Almaniya siyasətçiləri bu hadisədən sonra silahlara daha ciddi nəzarət tələb edib.



