Britaniya mətbuatı: "Aİ ağır zərbəyə məruz qalıb"

Birləşmiş Krallıq Aİ-ni tərk etmək barədə qərarı ilə dünyanı şoka salır, belə bir başlıqla Britaniyanın The Telegraph qəzeti yazır.

Məqalədə deyilir ki, İngiltərə Brexiti dəstəklədiyi bir halda, Şotlandiya və Şimali İrlandiyada əksəriyyət ölkənin ittifaqda qalmasına səs verib, The Telegraph bildirir.

Referendumun nəticələri Birləşmiş Krallığın gələcəyi barədə ciddi suallar doğurur.

Birləşmiş Krallığın birliyi ilə bağlı suallar

Ölkənin birliyi barədə sualların yarandığını The Economist dəsrgisi də yazır.

Məqalədə deyilir ki, Brexit 2014-cü ildə Birləşmiş Krallıqdan ayrılmağa yaxın olan Şotlandiyanı ölkədən qopmağa yenidən həvəsləndirə bilər.

The Economist yazır ki, Britaniyanın addımı Avropadakı avroskeptikləri ruhlandıra bilər.

“Avropada yarım əsr ərzində sülhü təmin etməyə kömək edən Aİ institutu ağır zərbəyə məruz qalıb”, The Economist dərgisi yazır.

Daha "cansız iqtisadiyyat"

The Economist dərgisinə əsasən Britaniya funtunun son 30 ildə ən aşağı həddə çatması qarşıda necə bir çətinliklərin olduğunu göstərir.

Daha cansız iqtisadiyyat, iş yerlərinin ixtisarı, daha az vergi yığımı və nəticə olaraq daha zəif iqtisadiyyat deməkdir, yazır qəzet.

Nüfuzlu Financial Times qəzeti isə bildirir ki, Britaniyanın seçimi dünya bazarlarını silkələyib.

Türkiyə də Britaniya kimi…

“The Express” qəzeti “Türkiyənin həyəcanlı şəkildə Erdoğanın diktatorluğuna yuvarlanmaqda olduğunu” göstərir.

Məqalədə deyilir ki, bu, Türkiyənin Avropa İttifaqı üzvlüyünə namizədləyinin yenidən gündəmə gəldiyi bir vaxtda baş verir.

“The Express” yazır ki, Brüssel rəsmiləri, Britaniya referendumundan dərhal sonra Ankara diplomatları ilə görüşüb Türkiyənin qarşıdan gələn bir neçə onillikdə Aİ-nin üzvlüyü persperktivlərini müzakirə etməlidirlər.

Lakin “The Express” qəzetinin başqa bir məqaləsində deyilir ki, prezident Recep Tayyip Erdoğan “Türkiyənin də Britaniya kimi referendum keçirib Avropa İttifaqına qoşulmamaq barədə qərar qəbul edə biləcəyini” deyib.

Türkiyə prezidenti deyib ki, Avropa İttifaqı Türkiyənin bu qrupa üzv olmasını onun müsəlman ölkəsi olduğuna görə istəmir.

Məqalədə deyilir ki, Avropa İttifaqının Türkiyə ilə rəftarından qəzəbli olan Erdoğan “biz də ayağa qalxıb xalqa Britaniya kimi seçim imkanı verə bilərik” deyib.

"Biz belə bir sual verə bilərik: Siz Aİ ilə danışqıların davam etdirilməsini, yoxsa dayandırılmasını istəyirsiniz?” – deyib Erdoğan.

Məqalədə xatırladılır ki, Türkiyə Aİ-də məşvərətçi statusla üzvlük üçün hələ 1963-cü ildə müraciət edib.

Tam üzvlük üçün rəsmi müraciət 1987-ci ildə edilib.

“Erdoğanı təhqirə” görə bir bloger də məhkum edildi

“The Guardian” yazır ki, Türkiyədə bir bloger prezident Recep Tayyib Erdoğanı “Üzüklərin hökmdarı” əsərindəki Gollum adlı personaja oxşatdığına görə, prezidenti təhqir etməkdə ittiham olunub və şərti həbs cəzasına məhkum edilib.

Şəklin mənbəyi, AP

Məqalədə deyilir ki, Türkiyə mediasının yazdığına görə ölkənin cənub-qərbindəki Antalya vilayətinin məhkəməsi Rıfat Çetin barədə 5 il müddətində qüvvədə olacaq 1 illik şərti həbs cəzası hökmü çıxarıb.

Məhkəmə habelə cənab Çetini valideynlik haqqından məhrum edib.

“The Guardian” yazır ki, Çetin 2014-cü ildə cənab Erdoğanın və Gollum-un şəkillərindən ibarət kollajı özünün Facebook səhifəsində yerləşdirmişdi.

Çetin “BirGün” qəzetinə deyib ki, o məhkəmənin qərarından şikayət ərizəsi verəcək, beləki sözü gedən Facebook postu yerləşdirilən zaman cənab Erdoğan hələ prezident deyildi.

Türkiyənin Cinayət Məcəlləsində isə məhz prezidentin təhqir edilməsi cinayət əməli sayılır. 2014-cü ildə Erdoğan hələ baş nazir idi.

“The Guardian” yazır ki, prokurorlar indiyədək Miss Türkiyə və karikaturaçılar da daxil 1800 nəfər barədə Erdoğanın təhqiri ittihamı ilə cinayət işi açıblar.

Məqalədə deyilir ki, son illərdə Türkiyənin siyasi həyatında dominantlıq edən Erdoğan ölkə cəmiyyətini və siyasətini qütbləşdirib.

“The Guardian” yazır ki, Bilgin Çiftçi adlı başqa bir şəxs də prezidenti Gollum obrazına bənzətdiyinə görə ötən dekabrda cinayət məsuliyyətinə cəlb edilmişdi.

Məşhur Tolkien-in “Üzüklərin hökmdarı” romanında Gollum ziddiyyətli obraz kimi təqdim olunur. <span >

İranda edamlar azalıb, lakin

“The Guardian” yazır ki, İranda məşhur sənətçilər ölüm cəzasına məhkum edilmişlərin həyatını xilas etmək məqsədilə keçirilən kampaniyaya qoşulublar.

Məqalədə deyilir ki, builki Kann Kino Festivalının laureatı aktyor Şahab Hüseyni də daxil çox sayda tanınmış şəxs cinayət qurbanlarının ailələrini qisas əvəzinə rəhmə çağırıblar.

“The Guardian” yazır ki, sözü gedən kampaniya vüsət aldıqca ölkədə edam cəzasından azad edilənlərin sayının azaldığı barədə məlumatlar alınır.

Norveçdə mənzillənmiş İran İnsan Haqları təşkilatı bildirir ki, keçən il ilk dəfə olaraq barələrində edam cəzası hökmü ləğv edilmiş insanların sayı edam edilənlərin sayından çox olub.

Bunların əksəriyyəti qətl cinayətinə görə məhkum edilən şəxslər idi.

“The Guardian” yazır ki, İran İslam Respublikasının Cinayət Məcəlləsi qətl qurbanının qohumlarına qatili şəxsən edam etmək haqqı tanıyır.

Qisas adlanan bu qanun eyni zamanda qurbanın yaxınlarına qatil barəsində ölüm hökmünün qanpulu ilə əvəzlənməsini seçmək hüququ verir.

“The Guardian” yazır ki, İran İslam Respublikasının Cinayət Məcəlləsi qətl qurbanının qohumlarına qatili şəxsən edam etmək haqqı tanıyır.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, “The Guardian” yazır ki, İran İslam Respublikasının Cinayət Məcəlləsi qətl qurbanının qohumlarına qatili şəxsən edam etmək haqqı tanıyır.

“The Guardian” yazır ki, Tehranın “Koruş” kinoteatrında keçirilən tədbirdə edama məhkum edilmişləri bağışlayan ailələrə yardım üçün vəsait toplanması təşkil edilib.

Bu tədbirdə aktyor Hüseynidən başqa, onun həmkarı Məhtab Keramanti və ölkənin qadın məsələləri üzrə vise-prezidenti Şahinduxt Molaverdi də iştirak ediblər.

Tədbirdə 100 min dollardan artıq pul toplandığı xəbər verilir.

“The Guardian” yazır ki, tədbir iştirakçılarından biri qulağındakı sırğaları ianə edib.

Qisas, yoxsa rəhm?

Məqalədə deyilir ki, qətl cinayətinə görə məhkum edilənlərin arasında çox olmasa da, qadınlar da var. Lakin fəallar bildirirlər ki, bu qadınlardan əksəriyyəti cinayəti törədənədək uzun müddət məişət zorakılığının qurbanı olublar.

Edama məhkum edilənlərin arasında yaşı 18-dən az olanlar da var. Bunların böyük bir qismi küçə dava-dalaşı zamanı qətl hadisəsi törədənlərdir.

“The Guardian” yazır ki, məsələn Məryəm Üsuli və Səhər Mehabadi bu yaxınlarda bağışlandıqdan sonra həbsxanadan azad ediliblər.

Osloda keçirilən Dünya Ölüm Cəzasına Qarşı Konqresində iştirak edən İran insan haqları fəallarından Mahmud Əmiri-Müqəddəm “The Guardian” qəzetinə deyib ki, edama məhkumların bağışlanması “alqışlanmalı fenomendir”.

Onun sözlərinə görə, qatilləri öz əlləri ilə cəzalandırmaqdan imtina edən ailələrin sayı artır.

Əmiri-Müqəddəm bildirir ki, adamlar getdikcə daha çox qisas əvəzinə bağışlamağı seçirlər.

Hətta bir sıra tanınmış din xadinləri də bildirirlər ki, Quran qisasa icazə versə də, mərhəmət üçün də imkan yaradır.

Qadınlara mərhəmət

“The Guardian” yazır ki, son 6 ayda 6 qadın barəsində edam hökmü ləğv olunub.

Buna baxmayaraq ölkə boyunca “qisası” seçənlərin sayı yüksək olaraq qalır.

Məqalədə deyilir ki, İran qanunlarına görə qadınlar üçün alınan qanpulu kişilər üçün alınan qanpuludan iki dəfə azdır.

Bilərəkdən törədilməmiş qətllər üçün qanpulu təxminən 50 min dollar olsa da, bir çox ailələr daha böyük təzminat tələb edirlər.

“The Guardian” yazır ki, 2015-ci ildə edamdan azad edilənlərin sayı 262 nəfər olub. Halbuki edam olunanların sayı 207 olaraq göstərilir.

Təhlilçilər bildirirlər İran cəmiyyətinin tarixində mərhəmət kriteriyası yenilik olmasa da, hər halda 2014-cü il bu sahədə dönüş nöqtəsi sayıla bilər.

2014-cü ilin aprelində iranlı ana oğlunun qatilinin edamını son anda dayandırmış, dünya qəzetlərinin baş məqaləsinə çevrilmişdi.

Qanunlar dəyişməlidir

Lakin məqalədə deyilir ki, bütün bunlara baxmayaraq, İran hələ də dünyada ən çox edam hökmləri çıxaran ölkələrin sırasında qalır.

Bu da maraqlıdır ki, qətl cinayətlərinə görə edamlar azalsa da, narkotik maddələrlə bağlı cinayətlər üçün edamlar dəyişməz olaraq yüksək həddə qalır.

Osloda yaşayan iranlı insan haqları fəalı Madyar Samienejad “The Guardian” qəzetinə bildirib ki, edamların azaldılması sahəsində köklü dəyişiklik, yalnız qanunların dəyişdirilməsi ilə mümkün ola bilər.

O deyir kİ, bir çox hallarda qətl qurbanının ailəsi qanpulu kimi ağlasığmaz məbləğlər tələb edir.

İnsan haqları fəalının fikrincə, qanun dəyişiklikləri məhz bu cür məsələlərin tənzimlənməsinə xidmət etməlidir.

Ötən il İranda 1000-dək insan edam edilib. Bu, Çini çıxmaq şərtilə dünyada ən yüksək rəqəmdir.

İran, Pakistan və Səudiyyə Ərəbistanında 2015-ci ildə dünya edamlarının 89 faizi icra edilib.

“The Guardian” yazır ki, bu ilin əvvəllərindən İranda 181-dən 201-ədək edam icra olunub və bu ötən ildəkindən azdır.

Lakin bunun hökumət siyasətindəki dəyişikliklə bağlı olub-olmadığını söyləmək üçün bir qədər gözləmək lazım gələcək.