Britaniya mətbuatı: Daha çox seks daha xoşbəxt edirmi?

“The Daily Telegraph” yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan özünün ən son çıxışında “ailə planlaşdırmasının və kontraseptivlərdən istifadənin müsəlman ailələri üçün olmadığı” barədə bəyanat verib.
Məqalədə deyilir ki, prezidentin bu çıxışı qadın haqları fəallarının hiddətinə səbəb olub.
Recep Tayyip Erdoğan deyib ki, Türkiyə əhalisinin davamlı artımına görə analar məsuliyyət daşıyırlar.
“Mən bunu açıq şəkildə bildirirəm...Bizim törəmələrimizi artırmağa ehtiyacımız var, – deyib prezident, - Bəziləri doğuma nəzarətdən, ailə planlaşdırmasından danışırlar. Bunu heç bir müsəlman anlaya və qəbul edə bilməz”.
"Biz Allahın və peyğəmbərin dediyi yolla gedəcəyik. Bu mənada əsas vəzifə analara düşür” – deyib Erdoğan.
Məqalədə deyilir ki, cənab Erdoğanın və onun xanımı Eminenin iki oğlu və iki qızı var.
Bu ayın əvvəllərində onlar qızları Sümeyyenin və müdafiə sənayeçisi Selcuk Bayrayktarın dəbdəbəli toy məclisində iştirak ediblər.
“The Telegraph” yazır ki, prezidentin böyük qızı Esra enerji naziri Berat Albayrakla evlidir və onların üç uşaqları var.
"Orta əsrlərdən gələn bəyanat"
Hər il yüzlərlə qadının öldürülməsinə qarşı kampaniya aparan Qadınlara qarşı Zorakılığı Dayandıraq Platforması Erdoğanın bu bəyanatlarını kəskin tənqid edib.
“Sən bizim kontrasepsiya və başqa hüquqlarımızı orta əsrlərdən gələn bəyanatlarınla ala bilməzsən – deyilir qrupun Twitterlə yayılmış bəyanatında, - Biz öz hüquqlarımızı müdafiə edəcəyik”.
“The Telegraph” yazır ki, cənab Erdoğan bundan əvvəl də seks və ailə barədə bəzi bəyanatları ilə feministlərin və qadın haqları fəallarının hiddətinə səbəb olub.

Şəklin mənbəyi, Reuters
Bu il Beynəlxalq Qadınlar günündə etdiyi çıxışında Erdoğan demişdi ki, “qadın hər şeydən əvvəl anadır”.
2014-cü ildə verdiyi daha bir bəyanatda o, doğuma nəzarəti “xəyanət” adlandırmışdı və bildirmişdi ki, bu, “millətin qurumasına” səbəb ola bilər.
Və nəhayət prezident məşhur bəyanatı ilə qadınları dörd uşaq doğmağa çağırmışdı: “Bir təklikdir, iki rəqabətdir, üç müvazinətdir, dörd sərvətdir” – demişdi Erdoğan.
Statistik məlumatlara görə Türkiyənin əhalisi ötən il 78 milyon 741 min olub. 2000-ci ildə Türkiyə əhalisi 68 milyon idi.
Baş örtüklü yeganə nazir
Məqalədə deyilir ki, bu arada yeni baş nazir Binali Yıldırımın hökumət kabinetinin tərkibində cəmi bir qadının olması cəmiyyətdə əsəbiliklə qarşılanıb.
“The Telegraph” yazır ki, baş örtüyü gəzdirən Fatma Betul Sayan Kaya ailə və sosial siyasət sahəsinə nəzarət edir. Məqalədə bildirilir ki, Türkiyədə bu vəzifəni daim qadınlar tutublar.
Bir sıra iqtisadçıların fikrincə, Türkiyə iqtisadiyyatının ən böyük uğursuzluğu qadınların işçi qüvvəsindəki azlığıdır.
Lakin əsası Erdoğan tərəfindən qoyulmuş Ədalət və İnkişaf Partiyası (AKP) cinsi ayrıseçkilik barədə ittihamları əsəbi şəkildə rədd edir və bildirir ki, qadınların işlə təmin olunması üçün Türkiyə hökumətindən daha artıq səy göstərən heç bir qurum yoxdur.
Bazar ertəsi keçirilən bir konfransada çıxış edən Emine Erdoğansa deyib ki, Türkiyə cinsi bərabərliyə nail olmalıdır.
O deyib ki, işlə təmin edilmiş qadınların sayı “biz istəyən səviyyədə” deyil, lakin son illərdə işləyən qadınların sayı 52 faiz artıb.
2015-ci ilin rəsmi statistikasına görə Türkiyənin işçi qüvvəsində qadınların iştirakı cəmi 31,5 faizdir.
Xoşbəxtlik seksdir, yoxsa seks xoşbəxtlik?

Şəklin mənbəyi, Getty Images
“The İndependent” yazır ki, əvvəllər geniş yayılmış təsəvvürlərə rəğmən daha çox seks insanları daha xoşbəxt eləmir.
Carnegie Mellon Universitetindən olan alimlər qrupunun gəldiyi nəticəyə görə, hətta daha çox seks insanı daha çox bədbəxt edə bilər.
Universitetin iqtisadiyyat və psixologiya professoru George Leowenstein mətbuata açıqlmasında deyib ki, keçmişdə aparılmış bir sıra tədqiqatlar düzgün nəticəyə gəlməyib.
Məsələn, belə araşdırmaların birində deyilirdi ki, guya seksin qədərini ayda bir dəfədən həftədə bir dəfəyə keçirəndə insanın duyduğu xoşbəxtlik 50 min dolları olmaqdan duyulan xoşbəxtliyə bərabərdir.
Leowenstein deyib ki, köhnə tədqiqatlarda səbəblə nəticə qarışdırılıb. Yəni seks daha xoşbəxt edir, yoxsa xoşbəxtlik daha yaxşı seksə yol açır.
Bəs sağlamlıq?
“Burda hətta demək olar ki, sağlamlıq üçüncü bir faktor kimi həm seksə, həm də xoşbəxtliyə təsir göstərir” – deyib professor.
Qədim mübahisəni birdəfəlik çözmək istəyən alimlər “yaxşıca düşünülmüş” eksperiment keçiriblər.
Araşdırmaçılar, əslində çox bəsit bir yolla gediblər: Onlar hazırkı seks cədvəlindən məmnun olan cütləri eksperimentə dəvət ediblər və iki qrupa bölüblər.
Qruplardan birinə köhnə “qrafiklə” seksə davam etmək tapşırılıb. İkinci qrupdan isə sekslə məşğuliyyəti iki dəfə artırmağı xahiş ediblər. Məsələn, adətən həftədə 3 dəfə sekslə məşğul olan cütdən, indi bunu altı dəfə etməyi rica ediblər.
“The İndependent” yazır ki, eksperimentdə 35-65 yaşları arasında 64 cüt iştirak edib və onların hamısı qanuni nikahda olublar.
Məqalədə deyilir ki, bütün bu eksperiment doxsan gün davam edib. Hər iki qrupdan olan cütlər hər günün sonunda xüsusi internet anketini doldurublar. Bu anketin sualları arasında hər seksdən sonra duyulan məmnunluğun qədəri xəbər alınırdı.
Normal seks qrafiki
“The İndependent” yazır ki, alimlərin gəldiyi nəticə bir çoxları üçün sürpriz olacaq:
Əvvəla alimlər başa düşüblər ki, adamları onların oz normasından iki dəfə artıq seksə məcbur etməyin özü yaxşı əhval-ruhiyyə yaratmır.
Ümumi nəticəyə görə öz “normal seks cədvəli” ilə yaşayanlar, daha çox sekslə məşğul olanlardan daha çox məmnun qalıblar.
Bu da üzə çıxıb ki, seksin sayını artırmış cütlər ümumilikdə cinsi əlaqəyə həvəslərinin azaldığını bildiriblər. Bu isə bütövlükdə onların əhval-ruhiyyələrinə mənfi təsir göstərib.
Professor Leowenstein fikrincə təcrübənin gəldiyi əsas nəticə budur ki, adamları xoşbəxt edən seksin kəmiyyəti yox, keyfiyyətidir.
"Hökümət təlimatı ilə doğmaq"
“The Guardian” qəzetinin müxbiri Zoe Williams isə belə çoxsaylı eksperimentlərdən və hesabatlardan birini tənqid edir.
Məqalədə deyilir ki, Şotlandiyada açıqlanmış yeni rəsmi təlimat ana olmaq istəyən qadınlara hətta uşağa qalmazdan əvvəl özlərinin bütün sağlamlıq problemlərini həll etməyi tapşırır.
Yəni artıq çəki, alkoqollu içkilərin ifrat qəbulu, depressiya və sair kimi problemlərlə hamilə olmaq düzgün deyil.
Glasgow və Clyde şəhərlərinin səhiyyə idarələri tərəfindən açıqlanmış tövsiyələrdə deyilir ki, hamiləliyə hazırlıq uşağa qalmazdan bir neçə ay əvvəl başlanmalıdır.
Zoe Williams yazır ki, belə yanaşma uşağı üçnövçülük yarışına və ya imtahana çevirmək deməkdir.
Bu o deməkdir ki, sağlam olmayan, xəstə, əlil adamlar və pis vərdişləri olan insanlar uşaq doğmaq barədə birdəfəlik unutmalıdırlar, jurnalist yazır.
Hamilə qadın da qadındır
Müəllifin tənqidi fikrinə görə hamiləliyə bu sayaq hökumət müdaxiləsi hamilə qadının qadın olmasını nəzərə almır.
Jurnalist belə müdaxiləni yersiz sayır: Kim bu dünyaya borc, ailə zorakılığı, normadan az qidalanma şəraitində uşaq gətirmək istəyər?
Məqalədə deyilir ki, real həyatda uşaqları ən müxtəlif qadınlar, ən müxtəlif şəraitlərdə doğurlar və bunu heç bir rəsmi təlimatla idarə edə bilməzsən.
Zoe Williams yazır ki, bu cür təlimatlar çox vaxt heç bir elmi araşdırmaya söykənmir. Məsələn, hamilə olarkən alkoqollu içkilərin yalnız mötədil qəbulu tövsiyə olunur.
Lakin bu “mötədil miqdar” və onun hamilə qadına təsiri nə qədərdir?
Jurnalist yazır ki, hökumət təlimatları qadını hələ o heç hamilə olmamış ictimai mülkiyyətə çevirir.



