ABŞ: Uşağı xilas etmək üçün qorilla öldürüldü

Şəklin mənbəyi,
ABŞ-da Cincinnati şəhərinin yerli zooparkında işçilər qorillanı öldürüblər. Buna səbəb heyvanın qaldığı volyerə azyaşlı uşağın düşməsi olub.
Şənbə günü zooparkda üçyaşlı oğlan uşağı sipəri aşaraq qorillanın oturduğu yerə düşüb.
17 yaşı və 180 kilo çəkisi olan erkək qorilla Harambe uşağı özünə çəkərək volyerdəki dayaz hövzədə onu sürüməyə başlayıb.
Uşağın və bu hadisəsnin şahidi olanların qışqırıqlarına 10 dəqiqəyə hadisə yerinə yetişən zoopark işçiləri qorillanı güllələyiblər.
Xilas edilmiş uşaq xəstəxanaya çatdırılıb, onun aldığı zədələrin həyat üçün təhlükəli olmadığı deyilir.
Zoopark direktoru Thane Maynard bildirib ki, hadisə zamanı xilasedicilər uyuşdurucu maddədən istifadə etməmək qərarına gəliblər.
"Çünki uyuşdurucu dərhal təsir etmir, heyvanın yuxulamasına müəyyən vaxt tələb olunacaqdı", Maynard qeyd edib.
Onun təbirincə, qorillanın uşağa hücum edəcəyinin ehtimalı cüzi olsa da, "hadisələrin necə inkişaf edəcəyi qeyri-müəyyən idi, qərar isə təcili qəbul olunmalı idi".

Şəklin mənbəyi, Reuters




