Suriya münaqişəsi: Kürdlər Raqqanın şimalında əməliyyata başlayırlar

Şəklin mənbəyi, AFP
ABŞ tərəfindən dəstəklənən Suriya kürd və ərəb döyüşçüləri alyansı özünü İslam Dövləti (İD) adlandıran qrupun silahlılarını Raqqanın şimalındakı ərazidən vurub çıxarmaq üçün hərbi kampaniyaya başlayıb.
Suriyanın Demokratik Qüvvələrinin (SDQ) bu əməliyyata 30 min döyüşçü çıxardığı düşünülür.
Bu hücum əməliyyatını ABŞ koalisiyasının döyüş təyyarələri dəstəkləyəcək və bu əməliyyata Rusiya da dəstək verir.
SDQ 2014-cü ildən İD tərəfindən de facto “xilafətin” paytaxtı elan edilmiş Raqqanın özünün alınması üçün hər hansı planın olduğunu qeyd etmir.
Kürd Xalq Müdafiə Birlikləri (YPG) döyüşçülərinin çoxluğuna malik alyans son iki ildə ABŞ-ın rəhbərlik etdiyi koalisyanın əsas müttəfiqi kimi üzə çıxıb və Suriyanın şimalında İD-ə qarşı döyüşür.
Bu alyans ABŞ hərbi hava qüvvələrinin köməyi ilə Türkiyə sərhədi boyunca 400 kilometrlik zolaq da daxil, 26 min kvadrat kilometrlik sahəyə nəzarəti ələ alıb.
"Təhlükəsizliyin təminatı"
Syriya İnsan Haqları Müşahidə qrupunun məlumatına görə, çərşənbə axşamı SDQ döyüşçülərinin Türkiyə sərhədindəki Tel Əbyaddan Raqqanın şimal-qərbində, 60 kilometrlik məsafədə yerləşən Ayn İssa şəhərinə doğru hərəkət etdiyi müşahidə olunub.
Qrup həmçinin bu bölgədə toqquşmaların baş verdiyini bildirir.
SDQ komandanı Rojda Felatın yazdığı tvitdə yeni hücumun məqsədinin “Raqqanın şimalının və orada İD zülmü altında yaşayanların azad edilməsi” olduğu bildirilir.
"Kampaniyanın məqsədi Şəddadi, Tel Əbyad və Kobane üzərinə terrorçu hücumların qarşısını almaq və adamlarımızın təhlükəsizliyini təmin etməkdir” – yazıb xanım Felat.
SDQ-dəki mənbə Rudaw kürd xəbər agentliyinə deyib ki, döyüşçülər “Böyük Fatisə, Kiçik Fatisə və Tişi kəndləri üzərinə hücum edəcək və əvvəlcə bu əraziləri İD döyüşçülərindən təmizləyəcəklər”.
BBC-nin Yaxın Şərq müxbiri Quentin Sommerville deyir ki, hücumu dəf etməyə hazırlaşan İD döyüşçüləri hazırda səngərlənməklə məşğuldurlar. Raqqadakı müdafiə istehlakamlarından başqa onlar həm də yeraltı tunellərin geniş şəbəkəsini yaradıblar.
ABŞ koalisiya qüvvələrinin Bağdaddakı sözçüsü polkovnik Steve Warren deyib ki, SDQ-nin əməliyyatından məqsəd Raqqanın geri alınması yox, şəhər üzərinə təzyiqin artırılmasıdır.
O əlavə edib ki, SDQ qüvvələri indiyədək çox az müqavimətlə üzləşiblər.
“Raqqa sakitcə şaqqalanır” adlı anti-İD fəallar qrupu xəbər verir ki, çərşənbə axşamı Raqqanın şimalındakı İD mövqelərinə hava zərbələri endirilib və Heyşa kəndi ətrafında qızğın döyüşlər qeydə alınıb.

Şəklin mənbəyi, AFP
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da deyib ki, Moska bu hücumda SDQ və ABŞ-la koordinasiyaya hazırdır.
SDQ-nin kampaniyanı elan etməsindən az əvvəl – ötən şənbə günü alyans rəsmiləri ilə ABŞ komandanı arasında Suriyanın şimalında görüş olmuşdu.
ABŞ Mərkəzi Komandanlığının başçısı general Joseph Votel SDQ qüvvələrinə onların dislokasiya yerində təlim verən 200 əsgərlik ABŞ qüvvəsinə baş çəkmək məqsədilə gizli səfər etmişdi.
ABŞ Raqqanın geri alınmasından əvvəl hazırda azı 25 min kürddən və 5-6 min arası ərəbdən ibarət SDQ-də ərəb döyüşçülərin sayının artırılmasına çalışır.
Polkovnik Warren deyib ki, Raqqada 3-5 min arası İD döyüşçüsünün olduğui təxmin edilir.
İD bu şəhəri 2013-cü ilin avqustunda zəbt edib. Buna qədər şəhər prezident Bəşər əl-Əsədə qarşı döyüşən üsyançı qüvvələrin əlinə keçmiş ilk Suriya əyalət paytaxtı idi.
Cihadçı qruplaşma burada tez bir zamanda qərargahını qurmuş və İslamın sərt qanunlarını tətbiq etməklə özünün dövlət versiyasını elan etmişdi.



