Britaniya parlamentinin açılışı ənənəsi

- Müəllif, Yana Litvinova
- Vəzifə, BBC Rusca
Mayın 18-də Londonda Britaniya parlamentinin açılışı mərasimi keçirilir.
Hər il bu hadisəni təntənəli mərasimlə qeyd etmək ənənəsi XVI əsrdən başlayıb.
Bu nədir?
Artıq 500 ilə yaxındır ki, bu ənənə Britaniyada krallıq, lordlar və icmalar palatası arasında mövcud olan vəhdəti nümayiş etdirir.
Mərasim Lordlar Palatasında keçirilir.
Mərasim nə vaxtdan keçirilir?
Açılış mərasimi və monarxın çıxış etməsi ənənəsi XVI əsrdən başlayır.
İndiki mərasim 1852-ci ildən bəri demək olar, dəyişməmiş qalıb.
Mərasimin dəqiq tarixi varmı?

Yox. Açılış parlamentin yeni sessiyasının ilk günündə və ya ümumi seçkilərdən sonra keçirilir.
Bu il açılış mərasimi mayın 18-ə düşüb, keçən il mərasim mayın 27-də keçirilmişdi, 2014-cü ildə isə iyunun 4-də.
Kraliçaya nitqi kim yazır?
Kraliça hökümət tərəfindən hazırlanmış nitqi oxuyur.
Həmin nitqdə növbəti il üçün fəaliyyət istiqamətləri göstərilir və planlaşdırılan qanunvericilik fəaliyyəti barədə məlumat verilir.
Kraliça bu mərasimdə həmişə iştirak edibmi?
Bu onun hüquq və öhdəliklərinə daxildir.
Elizabeth II (2-ci Yelizaveta) parlamentin açılış mərasimlərini yalnız iki dəfə buraxıb: hamilə olduğu 1959 və 1963-cü illərdə.
Hər iki halda onun əvəzinə açılış nitqini lord-kansler səsləndirib.
Mərasimdə kim iştirak edir?

Mərasimdə Lordlar Palatasının üzvləri, Britaniya Birliyi ölkələrinin səfirləri, Ali Məhkəmənin hakimləri və icmalar palatasının üzvləri iştirak edirlər.
Mərasimdən sonra nə baş verir?
Kraliça parlamenti tərk edəndən sonra yeni parlament sessiyası rəsmi olaraq açıq hesab olunur.
Hər iki palatada kraliçanın nitqində səslənmiş müddəalar bir neçə gün ərzində müzakirə olunur.
Bundan sonra iicmalar palatasında kraliçanın nitqilə razılığa dair səsvermə keçirilir.
Lordlar Palatasında səsvermə keçirilmir.
Mərasim necə keçirlir?

İlk öncə Yeomen of the Guard adlanan Westminster sarayının mühafizəsi sarayda və xüsusən, zirzəmisində axtarış aparır.
1605-cu ildə ingilis katolikləri parlamenti barıtla partlamağı planlaşdırmışdılar. Partlayışın qarşısı alınsa da, sarayda axtarış aparmaq ənənəsi indiyədək davam edir.

Parlamentə yola düşməzdən əvvəl kraliça sarayda xəzinadarı, müşaviri və vitse-kansleri qəbul edir.
Vitse-kansler sarayda girov qismində monarxın parlamentdən qayıdışına qədər qalır.

Kraliçanın gəlişi üçün parlamentə böyük imperatorluq tacı, dövlət qalxanı və monarxiya hakimiyyətinin digər rəmzləri gətirilir.

Kraliça karetada gələrək parlamentə əri, Edinburgh hersoqunun müşayiətilə daxil olur. Bəzən Edinburgh hersoqunu Wales şahzadəsi əvəz edir.

Kraliça parlamentə daxil olanda, Britaniya bayrağı aşağı endirilir, əvəzinə isə krallıq bayrağı qaldırılır.
Başında imperator tacı ilə kraliça lordlar palatasına daxil olaraq, kral üçün nəzərdə tutulmuş taxta oturur və lordlara müraciət edir: "Mənim lordlarım, əyləşə bilərsiniz".

Lord-kamerger "Qara əmud" adı ilə tanınan heroldmeysterə icmalar palatasının üzvlərini dəvət etmək işarəsi verir.
"Qara əmud" lordlar palatasının qapıçısı və polis müfəttişinin müşayiətilə qarşısına çıxanlara müraciət edərək deyir: "Şlyapalarınızı çıxarın, ey naməlumlar!" və icmalar palatasının qapısına yaxınlaşır.

Lakin icmalar palatasının qapıları "Qara əmudun" üzünə bağlanır - bu ənənənə parlamentin monarxdan asılı olmadığının rəmzidir.
"Qara əmud" qapını 3 dəfə döydükdən sonra içəriyə buraxılır. Heroldmeyster isə qapının girəcəyində dayanaraq palatanın sədrinə müraciət edir və palatanın üzvlərini, kraliçanın oturduğu lordlar palatasına keçməyə əsrlərlə təkrar edilən cümlə ilə dəvət edir: "Cənab (və ya xanım) spiker! Kraliça hörmətli palataya (bu yerdə heroldmeyster pauza edərək hər iki tərəfə doğru baş əyir - hökümətə və müxalifətə) yubanmadan lordlar palatasına onun hüzuruna gəlməyi əmr edir!"

Aşağı palatanın sədri və üzvləri dərhal lordlar palatasına yollanırlar. Ənənəyə uyğun olaraq öndə baş nazir və müxalifət lideri addımlayırlar. Hətta onların bir-birindən zəhləsi belə getsə də, qaydaya görə onlar ciddi sifət ifadəsilə yox, gülüşüb-zarafatlaşmaraq lordlar palatasına doğru addımlamalıdırlar.

Lord kansler dizüstə çökərək kraliçaya nitqinin mətnini verir. Bundan sonra o, monarxdan nəzərini çəkməyərək arxası qabağa taxtın yerləşdiyi kürsüdən pillə-pilə enməlidir.
Son zamanlar lord kanslerlər əlahəzətdən taxtdan uzaqlaşanda, bunu dönərək üzü qabağa baxaraq etməyə icazə verilməsini xahiş etmişdilər. Onlara bu icazə verilmişdi, lakin lord-kanslerlərin əksəriyyəti əsrlərlə oturuşmuş ənənəyə riayət etməyə üstünlük verir.

Kraliça nitqi netral tonda, öz hisslərini bildirmədən səsləndirir.
Nitqinin sonunda kraliça mütləq "...və sizə tapşırılacaq digər işlər" cümləsini əlavə edir ki, hökümətin nitqdə adı çəkilməmiş qanunları qəbul etmək imkanı olsun.
Kraliça parlamenti tərk edir, palatalar isə onun nitqinin müzakirəsinə başlayır.
Bütün bunlara nə ehtiyac var?

Bu ənənə bəlkə də, köhnəlmiş, vaxtı ötmüş görünə bilər.
Lakin belə bir ənənə ilə hansı digər ölkə öyünə bilər?
Turistlər də bu səhnələri görmək üçün böyük sayda Britaniyaya axışır, nəticədə ölkə iqtisadiyyatı qazanır.




