Eurovision nəticələrinə yenidən baxmaq barədə petisiya 75 min imza toplayıb

Eurovision 2016 müsabiqəsində qələbəni Ukrayna təmsilçisi Camalə qazanıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Eurovision 2016 müsabiqəsində qələbəni Ukrayna təmsilçisi Camalə qazanıb.

Yerevandan Artur Ovanesyanın təşəbbüsü ilə Eurovision mahnı müsabiqəsinin nəticələrinə yenidən baxmaq barədə internetdə yayılmış petisiya indiyədək 75 min imza toplayıb.

Petisiya Eurovision müsabiqəsini keçirən Avropa Yayım İttifaqına ünvanlanıb.

"Biz anlayırıq ki, münsiflər heyəti və tamaşaçıların səs verməsi mürəkkəb prosesdir, lakin bu petisiyanı imzalayanların sayı göstərir ki, çoxları seçilmiş "qalibin" buna layiq olmadığına əmindirlər”, müraciətdə deyilir.

Change.org saytında yaradılan petisiyaların hüquqi qüvvəsi yoxdur.

Ukraynalı iştirakçı Cəmalənin Eurovision müsabiqəsində qələbəsi Rusiyada mənfi qarşılanıb.

Rusiya XİN rəsmisi Mariya Zaxarova Facebook səhifəsində müsabiqənin siyasiləşdiyinə işarə vurub, rusiyalı siyasətçilər isə Ukraynada iqtisadi durum nəzərə alınmaqla bu ölkənin Eurovision-2017 mahnı yarışını təşkil edə biləcəyinə şübhələrini bildiriblər.

Bu il Evrovision müsabiqəsində ikinci yeri Avstraliya nümayəndəsi Dami İm, üçüncü yeri isə rusiyalı ifaçı Sergey Lazarev tutublar.