ÜST: şəhər sakinlərinin əksəriyyəti çirkli hava ilə nəfəs alır

Şəklin mənbəyi, Reuters
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada şəhər əhalisinin 80 faizdən çoxu çirklənmiş hava ilə nəfəs alır.
Bu problem daha kəskin tərzdə özünü yoxsul ölkələrdə göstərir.
ÜST hesabatına əsasən, yoxsul və gəliri orta səviyyəli ölkələrdə əhalisinin sayı 100 mindən çox olan şəhərlərin 98 faizində havanın təmizliyi səhiyyə normalarına cavab vermir.
Yüksək gəliri olan ölkələrdə isə belə şəhərlərin payı 50 faizə yaxındır.
ÜST-in bildirdiyinə görə, ümumilikdə şəhərlərdə havanın keyfiyyəti getdikcə pisləşməkdədir: 2008-ci ildən 2013-cü ilədək zərərli maddələrin havada konsentrasiyası 8 faiz artıb.
Dünyanın ən çirkli şəhərləri arasında Dehli, Qahirə və Daka şəhərlərinin adı var.
Asiyanın cənub şərqində və Aralıq dənizinin şərq sahilində hava çirklənməsinin səviyyəsi artmaqda davam edir.
Avropa və ABŞ-da isə əksinə, havanın keyfiyyəti yaxşılaşmaqdadır.
ÜST-nin dərc etdiyi xəritədə Avropa və ABŞ şəhərlərinin əksəriyyıəti atmosferdə zərərli maddələr konsentrasiyası aşağı olan "yaşıl zonada" yerləşir.
Rusiyanın paytaxtı Moskva şəhəri "narıncı zonada" yerləşir, orada zərərli maddələrin konsentrasiyası orta səviyyədədir.
Moskvanın havası Avropa şəhərlərinin havasından daha çirkli olsa da, Çin və Hindistan şəhərlərindəki havadan daha təmizdir - həmin ölkələrdə şəhərlərin çoxu "qırmızı zonadadır".
Misal üçün, Hindistan paytaxtı Dehlidə insan üçün olduqca təhlükəli sayılan, ölçüsü 2.5 mikrometrdən az olan hissəçiklərin sıxlığı atmosferdə hər kub metr üçün 176 mikroqramdırsa, Tbilisidə bu göstərici 29 mikroqram, Yerevana nisbətən yaxın olan Türkiyənin İqdır şəhərində 53 mikroqram, Bakıya nisbətən yaxın olan İranın Rəşt şəhərində isə 21 mikroqram təşkil edir.
Hesabatda Bakıda havanın çirkliliyi barədə məlumat yer almayıb.
Havanın çirkliliyi iri şəhərlərdə əhalinin sağlamlığına ciddi təsir göstərək, ürək-damar xəstəliklərinin, ciyər və nəfəs boru sistemi xəstəliklərinə səbəb olur, ÜST qeyd edib.




