Qadın Periscope-da zorlama səhnəsini canlı yayımlamaqda ittiham olunur

Ohio ştatından olan qadın Twitter şəbəkəsinin Periscope tətbiqi vasitəsilə yeniyetmə qızın zorlanmasını canlı video yayım üsulu ilə göstərməkdə ittiham olunur.
Periscope tətbiqi Twitter istifadəçilərinə video yayımı canlı rejimdə paylaşmaq imkanı verir.
Güman edildiyinə görə, zorlama hadisəsi 2 ay əvvəl törədilib.
Rəsmilərin bu hadisəyə diqqətini canlı video yayımı izləyənlərdən biri cəlb edib.
İttiham olunanın vəkili bildirir ki, həmin qadın ona qarşı irəli sürülmüş ittihamları "qətiyyətlə" rədd edir.
Ekspertin sözlərinə görə, bu hadisə canlı video yayımda nümayiş etdirilənlərin məzmumuna nəzarət edilməsinin qeyri-mümkünlüyünə diqqəti cəlb edir.
İttihamnaməyə əsasən, zorlama Columbus şəhərində fevralın 27-də baş verib.
Marina Lonina eləcə də hadisədən bir gün əvvəl 17 yaşlı yeniyetmənin çılpaq vəziyyətdə fotosunu çəkməkdə ittiham olunub.
Lonina-nın dostu Raymond Gates təcavüz törətməkdə ittiham olunur.
Onun bu əməli etiraf edib etməyəcəyi hələlik məlum deyil.

Hər ikisi yeniyetməni cəlb etməklə zorlama, adam oğurlama, cinsi zəmində adam döymə və cinsi təcavüzü təşkil etməkdə ittiham olunurlar.
Twitter bu hadisəyə şərh verməkdən yayınıb.
Periscope tətbiqinin qaydalarında açıq-saçıq səhnələrin yayımına qadağa qoyulduğu qeyd olunub.




