Erdoğan barədə satirik şeir oxuyan alman şairi polis qoruyacaq

Şəklin mənbəyi, EPA
Türkiyə prezidenti barədə “təhqiramiz” şeirini televiziya yayınında oxumuş almaniyalı satiriki polis mühafizə edəcək.
Hüquq-mühafizə orqanlarının sözçüsü Jan Boehmermann-ın evinin qarşısında patrul avtomobilinin keşik çəkdiyini bildirib.
Türkiyə şeirin oxunması ilə bağlı cinayət işinin açılması üçün Almaniya hakmiyyətinə müraciət edib.
Jan Boehmermann şeirini oxumazdan əvvəl izah etmişdi ki, onun misralarında Almaniyanın ifadə azadlığı qanununu poza biləcək məqamlar ola bilər.
Almaniya qanunlarına görə, xarici liderlərin təhqir edilməsi cinayət hesab olunur və Almaniya prokurorluğu şair barədə ilkin təhqiqata başlayıb.
Almaniyanın ZDF telekanalı bildirib ki, bu məsələdə sonadək satirik şair Boehmermannın yanında olacaq.
"Bu proqramın yayını davam etdiriləcək”, – telekanal bildirib. ZDF bunu da bəyan edib ki, Boehmermannla əməkdaşlıq da kəsilməyəcək.
Buna baxmayaraq, televiziya şəbəkəsi sözü gedən videonu özünün internet saytından çıxarıb.
Almaniya hökuməti bildirib ki, Türkiyənin ricasına baxılacaq. Lakin elə həmin hökumət bəyanatında vurğulanır ki, kansler Angela Merkel ifadə azadlığı məsələsinin sövdələşmə predmeti ola bilməyəcəyini düşünür.
__________________________________________________________
Almaniyada ifadə azadlığı çəkişməsi
Damien McGuinness, BBC News, Berlin

Jan Boehmermann Almaniyanın ən cəsarətli məzhəkəçilərindəndir və onun çıxışı ölkənin adətən cansıxıcı olan ictimai yayınçılarının yeniliyi də sayıla bilər.
Lakin indi həmin çıxışı internetdə axtarsanız, qarşınıza materialın müəllif haqları məsələsi ilə bağlı silindiyini deyən bildiriş çıxacaq.
Bəziləri bu həcviyyəni sənət nümunəsi adlandırıblar. Bir başqalarının fikrincə, isə şeir bayağı və vulqar səslənib. Lakin müəllifin mühakimə edilib-edilməməsi tamam başqa bir məsələdir.
Almaniyada ictimai fonddan maliyyələşən telekanalın Türkiyə hökumətinin təzyiqlərinə boyun əyməsi əksəriyyəti qəzəbləndirib.
Üstəlik Almaniya kansleri Angela Merkelin bu şeirin “qərəzli şəkildə təhqiramiz” olduğunu deməsi, onun azad sözü müdafiədən yayınması kimi qiymətləndirilib. Tənqidçilər deyirlər ki, Avropa miqrant böhranının çözümündə yardımına möhtac olduğu Türkiyəni qıcıqlandırmaq istəmir.
Şeir martın sonlarında Boehmermannın “Neo Magazin Royale” şousunda səsləndirilib.
Bu şeir Türkiyənin bundan əvvəl Almaniya televiziyasında prezident Recep Tayyip Erdoğanın avtoritar davranışlarını və vətəndaş hüquqları üzərinə hücumlarını dolayan videoya Ankaranın reaksiyasına bir növ cavab idi.

"Erdowie, Erdowo, Erdogan" mahnısı Almaniyanın NDR ictimai telekanalı ilə yayınlandıqdan sonra Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilmiş və ona nota təqdim olunmuşdu.
Boehmermann öz şeirini gecə proqramında oxumaqla, Almaniyanın cinayət məcəlləsinin necə pozula biləcəyini sınağa çəkməyə çalışmışdı.
Bu şeirdə keçilər və qoyunlarla seksual aktlara işarə edilmiş, Türkiyədə milli azlıqların repressiyaya məruz qalması məsələsinə toxunulmuşdu.
Bu barədə 20 şikayət ərizəsi yazılmış, bunun ardınca prokurorluq cinayət məcəlləsinin 103-cü maddəsinin pozulub-pozulmadığını araşdıran təhqiqata başlamışdı. Bu qanun maddəsi xarici ölkə nümayəndələrinin təhqir edilməsini yasaqlayır.
Kansler Angela Merkelin sözçüsü Steffen Seibert bazar ertəsi jurnalistlərə bildirib ki, Ankara “rəsmi cinayət işinə başlanmasını rica edən” notanı Almaniyanın Xarici İşlər Nazirliyinə göndərib.
Sözçü deyib ki, bu notanın öyrənilməsinə bir neçə gün vaxt lazım gələ bilər.
Boehmermann Almaniyada özünün kəskin satirası ilə tanınır. Ötən il o, Yunanıstanın ovaxtkı maliyyə naziri Yanis Varoufakisin orta barmağını Almaniyaya göstərdiyini təsvir edən video hazırlamışdı.
Onun şeiri aprelin 1-də internetdən yığışdırldıqdan sonra, şair belə bir Tvitter postu göndərib: “Düşünürəm ki, bu gün, aprelin 1-də biz ZDF ilə birlikdə Almaniyada satira üçün hüdudun harada olduğunu göstərə bildik. Vəssalam”.




