Britaniya mətbuatı: İngilis jurnalist:“Qarabağ gördüyüm ən murdar münaqişədir”

Britaniya jurnalisti Robert Fisk özünün Yaxın Şərq, Türkiyə və Qafqaz barədə təhlili yazıları ilə geniş tanınır. Fisk “soyqırım” məsələsində həmişə ermənilərə rəğbəti və anti-Türkiyə mövqeyi ilə seçilib. O yazılarında 1915-ci il erməni qətliamlarını prinsipial olaraq “erməni Holokostu” adlandırır. Lakin jurnalistin qələmindən çıxan son yazı, əvvəlkilərdən fərqli yanaşması ilə diqqəti cəlb edir. “The İndependent” qəzetinin son sayında Fisk bildirir ki, ətraf dünyada Qarabağ münaqişəsi çox nadir hallarda obyektiv işıqlandırılır, çünki əksər avropalılar bu münaqişənin mahiyyəti barədə çox az biliyə malikdirlər.
Stalinin bura dəxli var?

Şəklin mənbəyi, AFP
Jurnalist son günlərdə Əl-Cəzirə telekanalında efirə getmiş bir reporatajdan söz açır. O yazır ki, telekanal nədənsə Dağlıq Qarabağ bölgəsində baş verən son toqquşmalar barədə reportajında Stalini xatırlayıb. Guya Dağlıq Qarabağ problemi stalinizm dövrünün irsidir. Fisk Əl-Cəzirənin reportajında müasir Azərbaycan-Ermənistan müharibəsi ilə heç bir əlaqəsi olmayan köhnə bir videogörüntünün də verilməsinə etiraz bildirir. Məqalədə deyilir ki, Əl-Cəzirənin “Qarabağ müharibəsi reportajında” göstərdiyi həmin arxiv videosunda Winston Churchill Stalinə “Stalinqrad qılıncı”nı təqdim edir. Bu qılınc Britaniya kralı 6-cı George-un sovet xalqına Stalinqrad döyüşündə qələbəsinə görə hədiyyəsi idi. Fisk yazır ki, Sovet dövründə, 1920-ci illərdə milli azlıqlar naziri olmuş Stalin-i bu dağlıq regionu (Qarabağı) müsəlman azərbaycanlılara bağışlamaqda ittiham edirlər. Jurnalistin fikrincə, bir-biri ilə arasında 20 il olan iki hadisənin bir reportajda birləşdirilməsi çox cəfəng görünürdü. Fiskin fikrincə, indi bir çox jurnalistlər, diplomatlar və “üzdəniraq ekspertlər” eyni səhvi təkrar etməkdə davam edirlər.
Əzabkeş qurban cığallığı
“İndi isə deməliyəm ki, mən Dağlıq Qarabağ müharibəsini həmişə ən murdar münaqişə hesab etmişəm” – yazır “The İndependent” təhlilçisi. O yazır ki, 1988-ci ildən başlayaraq Sovet İttifaqının çöküşündən körüklənmiş bu münaqişənin əvvəllərində Yerevan öz hərəkətlərinə “millətin bir neçə qədim kilsəsini geri almaq” adı ilə haqq qazandırırdı. “Lakin axı Qarbağda çox sayda türk irsi də var. Ona qalsa, Şərqi Avropada Tevton Almaniyasının ən qədim tikililəri var. Axı Balkanlar Osmanlı Türkiyəsindən qalma memarlıq abidələri ilə fəxr edir. Lakin qədim irsin xarabaları uğrunda müharibə etmək çox cığal bir əməldir” – yazır Fisk. Mən 1990-cı illərdə Qarabağ müharibəsindən reportajlar verəndə silahlı erməni dəstələri, Azərbaycan kəndlilərini qətliam etməklə, ola bilsin ki, daha kiçik miqyasda 1915-ci ildə ermənilərin Türkiyədəki soyqırımına heyrətamiz şəkildə oxşar qətliam törədirdilər. Mən təəccüblənmirəm ki, Ermənistan paytaxtındakı ermənilər bu yaxşı sənədləşdirilmiş müasir qətlləri, məsələn 1992-ci il Xocalı qətliamını təkzib edirlər. Çünki bu, Erməni xalqının əzabkeş qurban obrazına zərbə vurur” – yazır Robert Fisk. Müxbir o vaxtlar Qarabağın “paytaxtı” Stepanakertdə Ermənistan hökumət qoşunlarından çox az əlamət gördüyünü yazır: “Mənim gördüyüm bəziləri azərbaycanlı azlığın etnik təmizlənməsində iştirtak etmiş erməni quldur dəstələrinin cövlan etməsi idi”.
Qarabağ – 1915 üçün qisas?
Müxbir yazır ki, o, “Sovetin çökdüyü o dramatik vaxtlarda Bakı ətrafında Sovet İttifaqının erməni vətəndaşlarının öldürülməsi ilə Qarabağ dağlarının və kilsələrinin ermənilər üçün Türkiyədəki qətliamlara bənzər bir qətliamın simvoluna çevrilməsindən narahatdır. Müəllif yazır ki, “1915-ci ildə Türkiyədə öldürülümüş milyon yarım erməninin qisası” Qarabağda alınıb. O, on il əvvəl Yerevana səfər edərkən “orada görüb şoka düşdüyü” başqa bir məsələdən də yazır. Burada, Yerevanda 1915-ci il qurbanlarına həsr edilmiş “Soyqırım abidəsi”nin yerləşdiyi ziyarətgahda 1988-1994-cü il müharibəsində həlak olmuş yerli Qarabağ “şəhidlərini” dəfn ediblər. Müxbir yazır ki, bəzi hallarda bu dəfn edilənlərin arasında hərbi canilər də ola bilər. “Bu ona bənzəyərdi ki, israillilər Yad Vaşemdəki Yəhudi Holokostu memorialını, burada 1940-cı illərdə fəaliyyət göstərmiş Stern bandasının liderlərini da dəfn etməklə təhqir edəydilər” – yazır Fisk. Məqalədə deyilir ki, Yerevandakı bu memorialda 1915-cı il “erməni Holokostuna” aid sənədlərin saxlandığı zəngin araşdırma mərkəzi də var, amma onun bir neçə yüz metrliyində, “bütün dünyanın Azərbaycan torpağı kimi tanıdığı Qarabağ üçün həlak olanların qəbirləri də var”.
Putin – çar, yoxsa bolşevik?

Şəklin mənbəyi, AFP
“Qarabağın qara dağlarının başında yenə də həmin köhnə düşmənlər gurultu qoparanda riyakarlığın yardımçısı abırsızlıq olur: Rusiya qüdrəti, türk ekspansionizmi və erməni millətçiliyi” – yazır Fisk. Məqalədə deyilir ki, “burada Türkiyə prezidenti Recep Tayyip Erdoğanın özünü Mustafa Kemal Atatürk, yoxsa Birinci Dünya Müharibəsindən sonrakı pantürkizmin divanə hakimlərinə bənzətdiyi bilinmir”. Müxbir yazır ki, “bu əcaib ssenaridə Vladimir Putinin özünü ermənilərlə müttəfiq çara, yoxsa ermənilər və azərbaynlıların arasında bölücülük etmiş bolşeviklərə bənzətdiyi də bəlli deyil”. “Müəyyən mənada Putin burada “müdaxiləçi Putin” rolunu oynayır. O Gürcüstan müdaxiləçisi, Ukrayna müdaxiləçisi və Suriya müdaxiləçisi rollarını oynayıb. İndi isə o, Qarabağın və ya Azərbaycanın müdaxiləçisidir” – yazır Fisk.
Qadağan olunmuş pendirin dadı
“The Daily Telegraph” qəzetində Allison Quinn yazır ki, Rusiyanın Qərb ərzağını qadağan etməsindən iki il keçməsinə baxmayaraq, bu ölkədə hələ də ingilis çedderi və ya fransız kamemberti tapmaq mümkündür. Məqalədə deyilir ki, imkanlı moskvalıların sözlərinə görə, Rusiyada istənilən yasaq ərzağı tapmaq olar, “puluna minnət”. Onlar bu malları bahalı restoranlardan və ya qeyri-rəsmi dilerlərdən, qaçaqmalçılardan alırlar.
Qadağan pendirlərin menyusu
"Mənim Sankt Peterburqdakı bir dostum restoranda ad günü üçün qiymət danışanda, müdir qayıtdı ki, istəsniz sizin üçün süfrəyə qaçaq pendirlərdən də qoya bilərik. Bilmirəm necə tapmışdılar, amma pendir əla idi” – deyir soyadının çəkilməsini istəməyən moskvalı Yelena. Müxbir yazır ki, Moskvada baş çəkdiyi bahalı restoranlardan birində ona “qadağan edilmiş pendirlər” üçün ayrıca menyu təklif ediblər. Moskvanın mərkəzi küçələrindən birində divarlara müxtəlif pendirlərin əllə çəkilmiş şəkilləri və onları satanların telefon nömrələri olan elan parçaları yapışdırılıb. “The Telegraph” yazır ki, qadağan qanununa görə vətəndaşlar öz şəxsi istehlakları üçün yasaq ərzaqlardan beş kiloyadək gətirə bilərlər və əlbəttə, bir çox fərasətli insanlar bu istisnadan istifadə edirlər. Bundan başqa bir sıra Rusiya internet saytlarından da pendir almaq olar. Bu cür satıcıları VKontakte kimi sosial şəbəklələrdə də tapa bilərsiniz.
“Mütəşəkkil pendir caniləri”

Şəklin mənbəyi, RIA Novosti
Qəzet yazır ki, buna baxmayaraq, qanunu açıq şəkildə pozanlar çox ağır cəzalandırılır. Məsələn elə bu həftə Krıma Türkiyədən gətirilmiş Avropa ərzaqı tutulub. Hakimiyyət orqanları 2 tonadək ərzağı buldozerləyiblər. Məqalədə deyilir ki, Rusiya telekanalları xarici ərzağın bu şəkildə məhv edilməsini göstərən süjetləri tez-tez yayınlayır. Müxbir yazır ki, qadağanı pozanlara qarşı da ağır cəzalar tətbiq olunur. Ötən avqustda Rusiyanın Daxili İşlər Nazirliyi bəyan etmişdi ki, xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstə yaxalanıb. Halbuki burada söhbət adi pendir qaçaqmalçılarından gedirdi.
Matevosyanın virtual pendir biznesi
“The Telegraph” yazır ki, Rusiyanın qadağan qanunundakı “dəlmə-deşikdən” istifadə edənlər “qaz vurub, qazan doldururlar”. Məsələn, Rusiyada təhsil almış bir Almaniya hüquqşünası - Suren Matevosyan internetdə Rusiya alıcıları üçün pendir satan sayt təşkil edib. Qadağan qanununda internetlə Qərb ərzağı almaq yasaqlanmır. Matevosyan deyir ki, əlbəttə, çəki limiti məsələsini nəzərə alır. Adamlar Chill and Cheese saytından Parmesan pendirinin bir kilosunu 3500 rubla (52 dollar) alırlar. Moskvadakı beynəlxalq agentliklərdən birində işləyən 36 yaşlı menecer Tatyana deyir ki, Matevosyanın daimi müştərisidir. “Mən bu pendiri ona görə alıram ki, bu pendirdir, daha rus pendiri kimi gilə oxşamır” – deyir qadın. Matevosyan deyir ki, onun müştəriləri arasında hökumət rəsmiləri də var. Günə hər biri 80-100 avroluq beşədək sifariş alır.
Papa Bakıya gəlir

Şəklin mənbəyi, AP
“The Daily Mail” qəzetində dərc olunmuş xəbərdə deyilir ki, Roma papası Francis bu payız Azərbaycan və Gürcüstana səfər edəcək. Xəbərdə deyilir ki, Vatikan bu bəyanatı Qarabağda atəşkəs elan edildikdən sonra, şənbə günü verib. Lakin bu da qeyd olunur ki, bu bəyanatda konkret olaraq Azərbaycan silahlı qüvvələri ilə erməni separatçılar arasındakı münaqişədən bəhs olunmur. Papanın səfəri sentyabrın 30-dan oktyabrın 2-dək nəzərdə tutulub. Xəbərdə bu da vurğulanır ki, istər Azərbaycan, istərsə də Gürcüstanda katolik xristianlsrın sayı çox deyil. Ötən ay Vatikan elan etmişdi ki, papa Ermənistana ayrıca olaraq iyunun 24-26-da səfər edəcək.




