Amerikada abort etmək hüququ barədə nələri bilməli

Şəklin mənbəyi, AFP
ABŞ-da prezidentliyə Respublikaçı namizəd Donald Trump qeyri-qanuni abort əməliyyatı edən qadınları cəzalandırmaq barədə çağırış etdikdən cəmi bir neçə saat sonra sözlərini geri götürüb.
Abort ABŞ-da icazəli əməliyyat sayılsa da, xeyli dərəcədə mübahisəli mövzudur.
Abort ABŞ-da qanunidir
"Roe v. Wade" adı ilə ABŞ hüquq tarixinə düşmüş, Ali Məhkəmənin 1973-cü ildə qəbul etdiyi qərara görə, abort əməliyyatı ölkədə qanuniləşdirilib.
Məhkəmə hakimləri 7 səs lehinə və 2 səs əleyhinə olmaqla, hökümətdə abortları qadağan etmək səlahiyyətinin olmadığı barədə qərar qəbul ediblər.
Məhkəmənin verdiyi hökmə əsasən, ailə məcəlləsi çərçivəsində hamiləliyi kəsmək hüququ qadının şəxsi azadlıqlarına aid edilməlidir, həmin azadlıqlar isə ABŞ Konstitisiyasına edilmiş 14-cü düzəlişə uyğun olaraq qorunur.
"Roe v Wade" adı Norma McCorvey-in "Jane Roe" təxəllüsü və sonradan Texas ştatının Dallas şəhər prokuroru olmuş Henry Wade-in adı əsasında yaranıb.
Xanım McCorvey tənha ana olaraq, üçüncü hamiləliyini pozmaq istəyib.
O, abortları qadağan edən Texas qanunvericiliyinə qarşı iddia qaldırıb.
Texas ştatı qanunvericiliyində həmin dövrdə abort əməliyyatına yalnız zorlanma ya yaxın qohumla cinsi əlaqə nəticəsində yaranan hamiləliyi kəsmək üçün və ya ana həyatına təhlükə olan zaman icazə verilib.

Şəklin mənbəyi, Getty
Bəzi ştatlar abortlara məhdudiyyət tətbiq edib
"Roe v Wade" qərarından sonrakı dövrdə anti-abort kampaniyası fəalları mövgelərini müəyyən dərəcədə möhkəmlədə bilib, 30-dan artıq ştatda abort hüququnu məhdudlaşdıran qanunlar qəbul olunub.
1980-ci ildə ABŞ Ali Məhkəməsi abort əməliyyatı üçün federal fondlardan istifadə edilməsinə qadağanı qüvvədə saxlayıb. Yalnız qadının həyatını xilas etmək ehtiyacı yarandıqda həmin qayda istisna edilə bilər.

Şəklin mənbəyi, Reuters
2003-cü ildə ABŞ Konqresi abortların keçirilməsinə ötən 30 ilin ilk ciddi məhdudiyyətini tətbiq edərək vaxtı ötmüş abortlara qadağa qoyub. Həmin abortlara tənqidçilər "yarımçıq doğuş" adı vermişdi.
Bu məhdudiyyətin nəticəsində əksər qadınlar abort əməliyyatı keçirmək üçün daha çox əziyyətə qatılmalı, xaricə gedib əməiyyatdan keçməli, əlavə xərc çəkməli idilər.
Ali Məhkəmənin qərarı gözlənilir
Mart ayında Ali Məhkəmə abort keçirən həkimlərə və klinikalara qarşı sərt qaydalar nəzərdə tutan Texas qanunvericiliyinə dair dinləmələr keçirib.
Dinləmələrin mərkəzində Texas ştatında keçirilən abort əməliyyatlarına tətbiq edilən normativlərdir.
Həmin normativlərə görə, Texas abort klinikalarından hospital səviyyəsində xidmət göstərilməsi və abort keçirən cərrahların pasiyentləri onların evlərinə yaxın klinikalarda qəbul etmək imkanına malik olmaları tələb edilir.
Ali Məhkəmə hakimləri bu cür tələblərin qadınların konstitusiya hüququnu pozub-pozmadığı barədə qərar qəbul etməlidirlər.
Son on illiklər ərzində bu, məhkəmənin abortlara dair ilk ciddi dünləməsi olub.
Məhkəmə qərarının iyun ayının sonundan tez elan olunacağı gözlənilmir.
ABŞ-da abort edən qadınların sayı "azalıb"
2012-ci ilin rəsmi statistikasına görə, ABŞ-da 2011-ci ildə 699,202 abort əməliyyatı keçirilib.
Abort keçirmək huququnu himayə edən Guttmacher institutunun 2014-cü ildə açıqladığı hesabata əsasən, 2008-2011 illər arası ABŞ-da abort edən qadınların sayı 1973-cü ildən, yəni abortlar leqallaşdırıldıqdan bəri ən aşağı səviyyədə olub.

Şəklin mənbəyi, Getty
Siyasi partiyaların məsələyə münasibəti
Respublikaçılar partiyasının rəsmi mövgeyi ondan ibarətdir ki, abortlar qeyri-qanuni elan olunmalıdır.
Demokratlar isə "Roe v Wade" qərarına dəstək verərək, öz hamiləliyi barədə hökm verməyin qadının hüququ olması prinsipini himayə etdiklərini bildirirlər.




