Brüssel hücumu: bir nəfər ittiham edilib

Şəklin mənbəyi, Rozina Sini News
Belçika prokurorluğu Brüsseldə 31 nəfərin ölümü ilə nəticələnmiş hücumlara görə bir nəfəri ittiham edib.
İttiham olunmuş şəxs Faycal C kimi adlandırılır və onun cümə axşamı həbs edildiyi bildirilir.
Brüssel beynəlxalq hava limanı çərşənbə axşamınadək bağlı qalacaq, rəsmilər məlumat verib.
Martın 22-də Brüsseldə 31 nəfərin ölümü ilə nəticələnmiş hücumların ilk hədəfi Zaventem aeroportu olub.
İki intiharçı, hava limanının gediş zonasında bomba partladıblar.
Bundan bir saat sonra metro stansiyasında baş vermiş partlayış nəticəsində 20 nəfər həyatını itirib.
Abdeslam ifadə verməkdən imtina edir
Paris hücumlarında şübhəli bilinən Salah Abdeslam Brüsseldəki hücumlarla bağlı suallara cavab verməkdən imtina edib, Belçika prokurorluğu bildirib.

Onların sözlərinə görə, keçən həftə Brüsseldə həbs edilmiş Abdeslam ilkin olaraq əməkdaşlığa meylli olub, lakin “susmaq haqqından istifadə edərək” Brüsseldə çərşənbə axşamı baş vermiş hücumla bağlı sualları cavablandırmayıb.
O, 31 nəfərin həlak olduğu Brüssel hücumlarından bir neçə gün sonra həbs edilib.
Hücumlarla bağlı üç ölkədə - Belçika, Fransa və Almaniyada 12 nəfər həbs edilib. Onlardan bəziləri daha sonra azad edilib.
Bu arada Belçika rəsmiləri Brüssel hücumlarındakı ikinci intiharçının adının Najim Laachraoui olduğunu bildiriblər və əlavə ediblər ki, onun DNT-si həmçinin keçən ilin noyabr ayında Parisdə hücumların baş verdiyi ərazidə aşkar edilib.
Brüssel və Paris hücumlarına görə özünü İslam Dövləti (İD) adlandıran qruplaşma məsuliyyəti üzərinə götürüb.




