Britaniya mətbuatı: “Avropa İttifaqından çıxmaq” dəbə çevrilir

“The Express” qəzeti yazır ki, britaniyalıların Avropa İttifaqında qalıb-qalmamaq barədə iyunda keçiriləcək referendumu, deyəsən yoluxucu olub.
Almaniya seçicilərinin ardınca, Fransa elektoratı da Avropa İttifaqında üzvlüyü davam etdirib-etdirməmək sualının referenduma çıxarılmasını istəyir.Məqalədə deyilir ki, almanların referendum barədə çağırışları birbaşa miqrant böhranı ilə bağlıdır.
“The Express” yazır ki, bu ölkədə keçirilmiş rəy sorğusu fransızların 53 faizinin Britaniyadakına bənzər referendumun keçirilməsini istədiyini göstərib.
Brexit fransızca Frexit-dir
Avropa İttifaqının aparıcı nəhənglərindən edilən bu çağırışlar ittifaqın gələcəyi barədə çox ciddi suallar doğurur. Fransada millətçi Milli Cəbhə Partiyasının lideri Marine Le Pen sözü gedən rəy sorğusunun nəticələrini alqışlayıb. Bundan başqa eyni rəy sorğusu göstərib ki, fransızların 25 faizi Avropa sərhədlərindən sərbəst gediş-gəlişin əleyhinədir. Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, qanlı Paris basqınını törədənlər Şengen zonasında asudə hərəkət edərək Fransaya gələ bilmişdilər. Almaniya ilə yanaşı Fransa da Avropa İttifaqının daşıyıcı sütunlarından biridir.

Şəklin mənbəyi, .
Lakin miqrant axını və iqtisadi böhran əhali arasında Avropa İttifaqına bağlılığı sarsıdıb və əksinə, ifrat sağçı Milli Cəbhənin populyarlığını artırıb. “The Express” yazır ki, fransızlar öz hökumətlərini Britaniyadan nümunə götürməyə və gələcək münasibətləri Brüssellə müzakirə etməyə çağırırlar. Britaniyalılar bu prosesi Brexit adlandırırlarsa, fransızlar öz “boşanmalarına” “Frexit” adı veriblər. Edinburgh Universietetinin Almaniya, Fransa, İrlandiya, Polşa, İspaniya və İsveçdən olan 8 min respondent arasında keçirdiyi rəy sorğusunda bəlli olub ki, Fransa əksəriyyətin referendum tələb etdiyi yeganə ölkədir.
Referendum laboratoriyası

Şəklin mənbəyi, AP
“Bununla belə, - yazır qəzet, - Fransa Aİ-dən çıxmaq hüququna malik olmaq istəyən ilk ölkə deyil. Hollandiya və Çexiya da Britaniyadakına bənzər “çıxmaq-qalmaq” referendumunun keçirilməsini istəyirlər”. Məsələn, Hollandiyada keçirilmiş rəy sorğusunda respondentlərin 53 faizi ölkələrinin belə bir imkana malik olmasını istədiyini bildirib. Çexiyanın baş naziri Bohuslav Sobotka isə deyib ki, Britaniya Aİ-dən çıxmaq barədə qərar qəbul edərsə, onun ölkəsi də Londondan nümunə götürməlidir.
Londondakı Kral Kolleci Universitetinin Avropa siyasəti professoru Anand Menon deyir ki, “Britaniya referendumu Avropada keçirilməsi mümkün olan başqa referendumlar üçün bir növ laboratoriya olacaq”.
Professorun fikrincə, belə bəsit yanaşmanın dağıdıcı effekti ola bilər. Bu da qeyd olunmalıdır ki, Britaniya kimi Fransa da Avropa inteqrasiyasının indikindən də dərin olmasına qarşı çıxır. 2005-ci ildə Fransa seçiciləri böyük səs çoxluğu ilə Avropa İttifaqının təklif edilən konstitusiyasını rədd etmişdilər. Edinburgh Universitetinin sorğusunda rəyi soruşulan fransızların 33 faizi Frexit-ə tərəfdar olduğunu bildirib. 45 faiz Aİ-də qalmağı dəstəkləyib, daha 22 faiz nə istədiyini bilmədiyini deyib.
Qonşu qonşuya baxar

Şəklin mənbəyi, Getty
“The Express” yazır ki, Fransanın Aİ-ni tərk etməsi ağlabatan görünməsə də, elə bu rəqəmlər Avropanın başqa ölkələrində seçicilərin nə düşünə biləcəyi barədə müəyyən təsəvvür yaradır. İngiltərədəki Warwick Universitetinin fransız araşdırmaları eksperti doktor David Lees “The Express” qəzetinə deyib ki, Fransanın referendum keçirməsi ehtimalı kifayət qədər böyükdür. “Düşünürəm ki, Britaniya iyun referendumunda Aİ-dən çıxmaq qərarı verərsə, Fransa belə bir referendumun keçirilməsi üçün təzyiq altında olacaq” – deyib doktor Lees. Alimin fikrincə Britaniyanın çıxması Aİ-nin bütün təbiətini dəyişə bilər. Lees bildirir ki, Britaniya Aİ-yə Fransadan daha az töhfə verməsinə baxmayaraq, Brüssellə özü üçün daha sərfəli şərtlər barədə sövdələşmə aparırsa, Paris də belə bir sövdələşməyə meyllənə bilər. “Düşünürəm ki, fransızlar belə bir referendum keçirəcəklər, başqa cür ola bilməz, - deyib alim, - Belə bir “xalq tələbini” rədd etmək mümkün deyil”.
Madam Frexit
Fevral ayında ifrat sağçı qüvvələr Britaniyanın Aİ ilə danışıqlarını “sonun başlanğıcı” adlandırmışdılar. Doktor Lees deyir ki, Fransanın Aİ-dən ayrılmasını nüfuzlu siyasətçilər dəstəkləməsələr də, miqrant axını davam edərsə, əhaval-ruhiyyə dəyişə bilər. Təhlilçilər bildirirlər ki, gələn il keçiriləcək Fransa seçkilərində Nicolas Sarkozy-nin sağçı partiyası qalib gələrsə, Fransa da Britaniyadan nümunə götürəcək. Fransanın Milli Cəbhə Partiyasının lideri xanım Le Pen deyib ki, fransızlar “Avropa İttifaqına qarşı qiyama başlayıblar”. O bildirib ki, “fransızlar azadlıq və suverenlik təşnəsidirlər”. “İstəsiniz mənim adımı madam Frexit qoyun. Bu ad mənə indi həmişəkindən daha çox yaraşır” – deyib xanım Le Pen.
Türkiyəyə şığıyan “kürd qartalları” kimdir?
“The Financial Times” qəzetində İstanbul müxbiri Mehul Srivastava yazır ki, Türkiyəyə qarşı elan edilmiş terror müharibəsinin xəbərdarlıq atəşi ötən ilin dekabrında Sabiha Gökcen hava limanına minamyotdan atılmışdı. O vaxt bu atəş bir xidmətçini öldürmüş, digərini yaralamışdı. Srivastava yazır ki, sonradan bu hücum üçün məsuliyyəti öz üzrətinə götürmüş qrupun adı hücumun özü qədər sürpriz olmuşdu. Bu Türkiyə ilə 1980-ci illərdən müharibə aparan Kürdüstan İşçi Partiyası – PKK yox, Kürd Azadlıq Qartalları idi. Bu qrupun 2000-ci illərdə PKK-dan qopduğu düşünülür.

Şəklin mənbəyi, Reuters
İstiklala hücum
İnternetdə yaydıqları xəbərdarlıqda Qartallar bundan sonra da mülki hədəflərə basqınlar vəd edirdilər. Bu xəbərdarlıqdan sonra onlar Ankarada bir həftə ərzində baş vermis iki basqın etmişdilər. Nəticədə 37 nəfər həlak olmuş, daha 125 nəfər xəsarət almışdı. Hər iki basqında partladıcılarla doldurulmuş avtomobillər adamla dolu avtobuslara çırpılmışdı. “The Financial Times” yazır ki, bu qruplaşmanın kölgədən çıxması Türkiyənin yeni terror düşmənlərinin artmasından xəbər verir. Müxbirin fikrincə, Türkiyə bu əsrdə bu qədər zorakı basqınlarla üzləşməmişdi. Məqalədə deyilir ki, bu basqınların ardınca ötən şənbə başqa bir mənbədən qaynaqlanan intiharçı bomba hücumu baş verib. İstanbulun ən gur alış-veriş yerlərindən biri kimi tanınan İstiklal prospektində törədilmiş intiharçı bomba partlayışı daha 5 nəfərin həyatına son qoyub. Türkiyənin daxili işlər naziri Efken Ala bildirib ki, bu dəfə basqının İD qruplaşması tərəfindən törədildiyi güman edilir. Hökumət yanvar ayında İstanbulun qədim turist hissəsində ötən yanvarda törədilmiş bomba basıqınının da İD qruplaşmasında gəldiyini düşünür. Həmin basqın nəticəsində 10 nəfər həlak olmuşdu.
PKK və Qartallar
“The Financial Times” yazır ki, şənbə günü törədilmiş basqın az qala artıq gözlənilirdi. Məqalədə deyilir ki, PKK və İD qruplaşması ölümcül düşmənlər olsa da, Türkiyə ərazisinə qonşu Suriyadakı münaqişədən daha çox zorakılıq yayılır. Müxbirin fikrincə, çox vaxt partlayışları törədən bir qrupun başqa qruplarla bu və ya digər dərəcədə bağlı olduğu aşkara çıxır. “The Financial Times” qəzetinin qənaətinə görə, ötən il İD qruplaşmasının kürd hədəflərinə basqınlarından məqsəd də PKK-nın Türkiyəyə qarşı hücumlarına qığılcım vermək idi. Hökumət PKK ilə Qartalları bir-birindən ayırmaq cəhdlərini rədd edir.
Müxbir yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan zorakılığın artmasının güclü hökumətə ehtiyac olduğundan xəbər veridiyini iddia edir. O, ilk növbədə yenə də öz səlahiyyətlərinin artırılmasını istəyir. Bu da vurğulanır ki, Türkiyədə davakar kürdçülüyün artması kürdlərin ümumiyyətlə regionda güclü mövqedə olduqları bir vaxta təsadüf edir.

Şəklin mənbəyi, AFP
Məqsəd Erdoğanın devrilməsidir
PKK əvvəllər mübarizəsini İraqın şimalındakı dağlarla məhdudlaşdırırdısa, indi kürdlərin Suriyadakı təşkilatı PYD bu bölgədə kürd muxtariyyətini elan edib. Bu da qeyd olunmalıdır ki, İD qruplaşmasına qarşı mübarizə aparan PYD-ni ABŞ da dəstəkləyir. Türkiyənin öz daxilində isə PKK-ya bağlı kürd gənclərindən ibarət silahlı dəstələr ölkənin cənub-şərqində onlarca şəhər və kənddə dinc əhali arasında səngərlənirlər. “PKK mesaj verir ki, bizimlə danışmaq istəməsəniz, bizdən daha pis olanlar da var, - deyir keçmiş Türkiyə zabiti Nihan Ali Özcan, - Bu bir növ “yaxşı polis-pis polis” oyununa bənzəyir”. Adının çəkilməsini istəməyən bir Türkiyə rəsmisi “The Financial Times” qəzetinə bildirib ki, Qartallar PKK paketinin bir hissəsidir. “Onlar PKK-dan əmrlər alır və PKK-nın siyasi mülahizələrlə boynuna götürə bilmədiyi məsuliyyəti öz üzərlərinə alırlar” – deyib rəsmi. PKK istər Qartallarla, istərsə də Ankarada törədilmiş basqınlarla hər hansı əlaqəsini danır. Lakin təşkilat bildirir ki, Erdoğanın devrilməsi onun üçün başlıca məqsəddir.



