Kipr Türkiyənin Aİ üzvlüyünə "yolunu kəsmək niyyətindədir"

Şəklin mənbəyi, AFP
Kipr Respublikasının prezidenti deyib ki, Türkiyə Kipri suveren dövlət tanıyana kimi Ankaranın Avropa İttifaqı üzvlüyünə yol vermək niyyətində deyil.
"Mən [Avropa İttifaqı Şurası prezidenti] Tuska demişəm ki, Türkiyə razılaşmalar çərçivəsində öhdəliklərini yerinə yetirməzsə Kipr Respublikası [danışıqların] heç bir mərhələsinin açılmasına icazə verməyəcək”, - Nicos Anastasiades deyib.
Kipr lideri bu bəyanatdan əvvəl Avropa İttifaqı Şurası prezidenti ilə miqrant axınının qarşısının alınmasına yönələn tədbirləri müzakirə edib.
Razılaşmaya görə Ankara Aİ ilə üzvlük haqqında danışıqların bərpası müqabilində Avropa İttifaqından qayıdan miqrantları qəbul etməlidir.
Ankara ikiyə parçalanmış Kipr Respublikasının rəsmi hökumətini tanımır. 1974-cü ildə Türkiyə adanı Yunanıstana birləşdirmək planlarına cavab olaraq Kiprə qoşun yeritmişdi.
Hazırda adanı ikiyə bölən bufer zonası BMT qüvvələri nəzarətindədir.
1983-cü ildə adanın şimal hissəsindəki Şimali Kipr Türk Respublikası öz müstəqilliyini elan edib. Onu yalnız Türkiyə tanıyıb.
Son 30 il ərzində hər 2-3 ildən bir adanın birləşməsi barədə keçirilən danışıqların hamısı nəticəsiz başa çatıb.



